11 İyul 2015 19:15
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dəfə atamla anamın bərk davası düşmüşdü. Özü də necə dava?! Nədənsə, birinin sözü o birinin boğazından keçmirdi. Səbəb anamın qısqanclığı idi. Axırda özüm qarışdım işə. Dedim, sizin davanızdan bezmişəm. Qonşular eşidir, biabır olduq. Yola getmirsiniz, boşanın, sizin bir-birinizdən canınız qurtarsın, bizim də sizin davalarınızdan.

Heç biri qüruruna sığışdırıb mənim boşanmaq təklifimə etiraz eləmədi. Söz ağzımdan çıxan kimi razılaşdılar. Atam anama dedi, səndən canım qurtarsın, qurban kəsəcəyəm. Daha bezmişəm.

Anam da eyni sözü təkrar elədi:

– Ay Allah, hardadı o gün? Mənim canımı qurtar.

Dedim, məhkəmə-zad lazım deyil. Məsələni öz aranızda həll edin. Qırağa çıxmasın, ayıbdır. Heç kənddəkilər də bilməsinlər. Kimin nəyinə lazımdır siz bir yerdə yaşayırsınız, yoxsa ayrı? Evi, maşını və başqa şeyləri asanlıqla bölüşdürəndən sonra məsələ uşaqlara gəldi. Yəni hansı uşaq kimdə qalsın?

Evdə üç uşağıq. Bacım, qardaşım və mən. Evin böyüyü mənəm. Daha doğrusu, evin böyüyü atamdı, uşaqlardan böyüyü mənəm. Ona görə məhkəmə rolunu da mən oynadım. Dedim, bacımla qardaşım atamın yanında qalsın, mən anamın. Fikirləşdim ki, ən yaxşı bölgü budur. Həm də anamı daha çox istəyirəm. Amma atam razılaşmadı. Dedi, sən mənimlə qal, bacınla qardaşın o biri tərəfə keçsin.

– Niyə?

– Sən məni başa düşürsən, ona görə.

Anam o saat etiraz elədi.

– Kəramət mənimlə qalsın, o biri uşaqları özünə götür.

Mənim barəmdə anam da eyni fikri dedi:

– Kəramət məni başa düşür, həssasdır, ona görə.

Mübahisə yarandı. Təklif elədim ki, həftədə üç dəfə atamla qalım, üç dəfə anamla. Yenə razılaşmadılar. Anam dedi, bəs bazar günü kimin yanında qalacaqsan? Dedim, bazar günü gündüzlər atamla bir yerdə olacağam, sonra gələrəm sənin yanına. Atam göyə çıxdı. Dedi, gündüzlər ananla qal, gecə gəl mənim yanıma.

– Niyə?

– Çünki mən ancaq gecə evdə oluram, gündüz işdəyəm...

Anam dedi:

– Kəramət evdə olmayanda mənim gözümə yuxu getmir. Ona görə gecə mənim yanımda qalsın.

Atam da eyni sözü təkrarladı:

– Bəs mən gecə yuxusuz qalım?

Uzun məhkəmə prosesindən sonra atamla anam hər şeyi böldülər, amma məni bölə bilmədilər. O dedi, bu, dedi. O, dedi, bu, dedi. Axırda məcbur olub barışdılar.


Müəllif: Kəramət Böyükçöl