23 İyul 2015 11:12

Dünən parlamentdə mətbuatın 140 illik yubileyi münasibətilə jurnalistlərlə görüş keçirildi. Parlament üzvlərinin mətbuata verdiyi dəyər, jurnalistlərə münasibəti zamanla çox müzakirə olunub. Qanunverici orqanda təmsil olunan şəxslərin mediaya açıq olmaları, cəmiyyəti məlumatlandırmaları onların bir növ vəzifə borclarıdır. Amma parlamentdə qanunların müzakirəsində, təkliflərin verilməsində iştirak etməyən deputatlar kimi, mediaya danışmayan və ya danışa bilməyən deputatlar da vardır.

Millət vəkilləri arasında yeni mediadan, sosial şəbəkələrdən yararlana bilməyənlər də var. Halbuki, çox uzağa getmədən qardaş ölkə Türkiyədə deputatların əksəriyyətinin aktiv Tvitter istifadəçisi olduğunu nəzərə alsaq, bizim vəkillərin də daha əlçatan olmaları və fikirlərini yaymaları üçün yeni mediadan istifadə etmələri vacibdir.

Biz bu gün danışmayanları deyil, danışanları, bizi özünə dost bilənləri təqdim edəcəyik.
Mediaya açıq olan, həmçinin sosial şəbəkələrdə aktiv olan millət vəkillərinin önündə Aydın Mirzəzadə gəlir. Həmkarlarımızın rahatlıqla əlaqə yarada bildiyi, gündəm mövzularına operativ münasibəti ilə tanınan A.Mirzəzadə sosial şəbəkədə "Müdriklik dərsi" silsilə yazıları ilə də məşhurdur. Hazırda onun Facebook-da 5 min nəfərlik dost limiti dolub.

Medianı daim məlumatlandıran, səfərləri, gördüyü işlər haqqında operativ məlumat göndərən millət vəkilləri arasında Qənirə Paşayeva da var. Ümumilikdə on mindən çox izləyicisi olan Qənirə xanım elə dünən deputat seçildiyi Tovuzun sakinlərinin problemləri ilə məşğul olması barədə məlumat yayıb.

Jurnalistlərin dostu hesab edəcəyimiz digər deputat Adil Əliyevdir. Sosial şəbəkədə aktiv olan A.Əliyevin fəallığı I Avropa Oyunları ərəfəsində özünü daha qabarıq formada büruzə verdi. Buna bir səbəb də onun Kikboksinq Federasiyasının prezidenti olmasıdır.

Mediada daha çox qalmaqalla gündəmə gələn deputat isə Fazil Mustafadır. Daim başı radikal dindarlarla qalmaqalda olan F.Mustafa hazırda da bu problemlə uğraşır, xüsusən irançı cameə ilə sərt polemika aparır. Din və tarix məsələlərində fərqli düşünməsi onun cəmiyyətin müxtəlif kəsimləri tərəfindən tez-tez qınanılmasına səbəb olur.

Deputat Rasim Musabəyov Facebook-da daha çox rus dilində paylaşım etdiyinə görə, özünəməxsus izləyici kütləsi var.

Musa Quliyev və Musa Qasımlı mediaya kifayət qədər açıq olsalar da, sosial şəbəkədə bu aktivliyi çox da göstərmirlər.

Sosial şəbəkələrdən istifadə edən digər millət vəkilləri də var. Sadəcə, aktivliyinə görə, ilk sırada adlarını çəkdiklərimiz gəlir.


Müəllif: Dilqəm Əhməd