25 İyul 2015 15:51

Olanda amma olur. Elə olur ki, ağıl da “qısalır”. Həm də o qədər qısalır ki, çağdaş dünya insanının geyindiyi geyimlərə qarşı müharibə elan edir və bu addımı əxlaq, mənəviyyat keşiyində dayanmaq kimi qələmə verirlər.

***

İndiki durumda, indiki qiymətlərlə turizm sektoru ölkəyə mənfəət gətirəcək, ya yox - deyə bilmərəm. Bunu araşdırası böyük bir iqtisadçılar ordusu var. Amma və lakin turizm dövlətin prioritet saydığı sahələrdən biridirsə və lap cüzi inkişafı belə vətən oğlunun cibinin xeyrinədirsə, niyə bunu istəməyək, nədən dəstəkləməyək? Amma dəstəkləməyənlər də var.

***

Tanıyanlar bilir - bəlkə, zəmanə adamına xas ən zəhləmgedən cəhətlərdən biridi yerlibazlıq. İnsanı kiçildən, xırda sərhədlər daxilində məhdudlaşdıran xüsusiyyətdi. Amma və lakin ta uşaqlıqdan bilirəm ki, nənəmin əsli Təbrizdən olub, sarayın yanındakı məscidin küçəsində ulu babalarımın mülkü olub. Və yaş artdıqca o məkanın cazibəsini daha çox duyuram. Üstəlik, səfər və səyahətlərə də meyilli biriyəm. Bu halda Arazın o tayına getməməyimə səbəb nə? Sadəcə (hər kəsin dini baxışların hörmətlə yanaşaraq) kimsənin şərtinə müvafiq geyim tərzimi dəyişməyi qəbul edə bilmirəm. Bəlkə, zamanı gəlincə, vaxtı yetişincə bu qadağaya alışa da bildim. Amma bu gün çayın o üzündəki vətənə getmək (məhz geyim qadağasına görə) biyara getmək kimi bir şeydi mənim üçün. Qınayanlar olacaq, təbii. Gəl ki, nə var - onu deyirəm, mübaliğəsiz-filansız.

***

Geyim islahatları tarixən çox yerdə aparılıb. Ölkələr inkişaf etdikcə dövlət başına gələn islahatçılar həm də məmləkət əhlinin zahiri görkəminə əl gəzdiriblər. Heç uzağa getməyək - bu proses eyni mədəni məkanı paylaşdığımız Rusiyada da baş verib, Türkiyədə də. Ölkədə təhsilin, elmin əsasını qoyan Birinci Pyotr rus mujikini abıra salmaq üçün saqqal vergisi tətbiq edib. 300 il əvvəl rus çarı Avropaya ilk səfərindən sonra bu qərara gəlir ki, rus kişisi də saqqalını təmizləməlidi. Hərçənd xristianların dini kitablarında saqqal saxlamaq məsləhət görülürdü. Padşahın fərmanına əsasən 1698-ci il sentyabrın 11-də keşişlər və din xadimlərindən savayı bütün kişilər saqqallarını qırxmağa məcbur edilirlər. O ara həmin dini kitabların çapı da yasaqlanır. Saqqalını qırxmaq istəməyən sadəcə vergi ödəyəsi olur - saqqal vergisi. Pyotrun bu islahatı daha çox müasirlik və gigiyena ilə əlaqələndirilirsə də, heç şübhəsiz, çarın məqsədi həm də saqqalbazların hesabına xəzinəni doldurmaq idi. Dindarlar isə - qədim yazılara uyğun olaraq - saqqal qırxmağı bir növ Allahın işinə qarışmaq hesab edirdilər. İş iqtisadi sanksiyaya dirənincə vergi verməyin dərdindən saqqalını qırxır rus mujiki.

***

Türkiyədə də Mustafa Kamal paşa hakimiyyətə gəlincə ölkə insanını müasirləşdirməyə başlayıb. Aparılan islahatlardan biri də şapka islahatı olub. 1925-ci ildə verilən qərara görə din xadimləri istisna olunmaqla adi vətəndaşların başlarına qoyduğu fəs və əmmamələr qadağan olunur. Atatürk öncə bütün dövlət məmurlarını şapka qoymağa və Avropa stilində geyinməyə məcbur edir. Paşanın bu qərarıyla razılaşmayanlar da tapılır. Mühafizəkarlar etiraz edirlər, insanlar tutulur, edam edilənlər də olur. Faydası olmur amma. Dövlət başçısının qərarı gec-tez qəbul olunur.

***

21-ci əsri biz tamam başqa cür təsəvvür edirdik. Filmləri, əsərləri xatırlayın. Xəyal etdiyimiz kosmik dəyişikliklər baş verməsə də, hər şey təkamül qaydalarına görə dəyişib inkişaf etdi. Xub, niyə də olmasın. Bu günün insanı zahirən dəyişibsə, 50-ci illərdəkindən fərqli olaraq qalstuksuz daha rahat nəfəs aldığının, dəniz sahilində şortikdə gəzməyin daha rahat olduğunu anlayırsa, niyə olmasın. Söhbət, təbii ki, iş yerlərindəki geyim tərzindən getmir. Amma asudə vaxtda, sərbəst rejimdə kim nə geyir geyinsin. Kimə nə? İnsanın nə geyindiyinin yox, nə etdiyinin - həyat üçün, insan üçün, inkişaf üçün nə etdiyinin fərqinə varmaq lazım.

***

O bir-iki istirahət mərkəzi ki var - şortik geyinməyə qadağa qoyan - hesab edin ki, ölkə barədə arzuolunmaz məlumatın yayılmasına imkan yaradanlardı. Ədəb-ərkan şalvarın uzunluğu ya qısalığı ilə ölçülməz. Təki ağıl, dərrakə “qısa” olmasın. 21-ci əsrdə yaşayırıq, cənablar. Sərhədin o üzündəkiləri də görüb ayaqlaşmağı öyrənmək lazım.


Müəllif: Afaq Vasifqızı
Загрузка...