29 İyul 2015 19:23
3 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu aralar tanış olduğum hamı eyni sualı soruşur:

- Sevgilin var?
Sanki heç dərdləri yox imiş kimi hamı sevgili axtarır. Niyə "Həyatdakı məqsədin nədir?", "Ən sevdiyin kitab hansıdır?" sualları deyil, "Sevgilin var mı?" sualı... müasir gəncliyin tək məqsədi sevgili axtarmaq olub. "Yox" dediyimdə isə hamı təəccüblənir. "Hamının var, sənin nəyin əksikdir?" deyə soruşurlar.

Mən cavab vermirəm. Amma ürəyimdə saxladığım bu sualı soruşmaq istəyirəm: "Qızlar, bəs siz niyə sevgili olursunuz?" Sevgilərini nə edərək sübut etdilər? Məsələn, Məcnun Leyli üçün çöllərə düşüb, Fərhad Şirin üçün dağları yarıb, Kərəm Əslinin sevgisiylə yanıb tutuşub. Siz niyə sevgili oldunuz?

Dilimizin ən çox işlədilən "Səni sevirəm" cümləsinə mi? Nağıllarda da oxuduğumuz kimi, sevən insan sevdiyini sübut etmək üçün bir qəhrəmanlıq edər. Məsələn, qızlar üzüklərini dənizə atar və «məni sevirsənsə, üzüyü tap, gətir» deyərlər. Sevən oğlan sevdiyi uğruna əjdəhalarla savaşarmış.

Bəs indiki qızlar niyə özlərini bu qədər dəyərsizləşdirirlər? Oğlanların dalınca düşən qızlara böyük Azərbaycan şairi Füzulinin misralarını xatırlatmaq istəyirəm: "Qızsan, ucuz olma, qədrini bil". Qızlar öz dəyərlərini bilməyənə qədər oğlanlar da onların dəyərini bilməyəcəklər. Qız özünün qiymətini bilmirsə, qarşısındakı insandan nə gözləyə bilər ki? Buna görə də, indiki oğlanlar qızlar üçün heç bir imtahandan keçmirlər. Çünki "o olmasın, bu olsun" fəlsəfəsi ilə yaşayırlar. Səhv də düşünmürlər əslində. Onlara çox asan gəlir `sevirəm` deyib, 1-2 ay gözləyib sevdiklərini qazanmaq. Asan əldə etdikləri üçün asan da imtina edərlər.

Əsl mübarizə də o zaman başlayar. Oğlan bezmişdir və gedir. Qız isə sevdiyini itirməmək üçün dalınca düşər. Qızlarla oğlanlar yer dəyişdirmiş kimi... İndiki oğlanlar naz edirlər və qızlar da onların nazlarını çəkirlər. Dünyanın sonu gəlir deyəsən.

Ən böyük bəla isə qızların dodaqlarını büzüb, şəkil çəkdirib Instagram, Facebook və ya digər sosial şəbəkələrdə «layk» toplamalarıdır. Ən təəccüblüsü isə sevgilisi olan qızların şəkillərinə 20 oğlan hesabından «layk» gəlməsidir. Necə sevirlərsə artıq bir-birlərini.. Paylaşılan büzmə dodaq qızların şəkillərini gördükdə isə ağlıma böyük Azərbaycan şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın bir hərəkəti yadıma düşür. 1937-ci ildə Şükriyyə xanımın yoldaşını həbs etdikdən sonra özünü də Sibirə sürgünə aparırlar. Şükriyyə xanım qatarın güzgüsündə öz gözəlliyini görür. Düşmənlərin onun gözəlliyini görməmələri üçün qatardan kömür tapır və üzünə çəkir. Böyük şair Əhməd Cavadın namusunu qoruyan Şükriyyə xanımın bu hərəkəti bütün qızlara nümunə olmalıdır.

Sevgi gözəl duyğudur. Hətta sevgi insanı ucaldacaq ən uca duyğudur. Lakin indiki sevənlər tərbiyələnmənin tam əksini yaşayırlar. Fizik Nyutonun qanununa görə, təsir əks təsirə bərabərdir. Yəni, qızlar nə qədər namuslu olsalar, oğlanlar da bir o qədər şərəfli olarlar. Və ya tam əksinə - oğlanlar nə qədər şərəfli olsalar, qızlar da o qədər namuslu olarlar.

«Dədə Qorqud» eposunda əsir düşən Beyrəyə bir qız aşiq olur və Beyrək qıza deyir ki: `Mənim məmləkətimdə incə belli, ala gözlü yarım var. Əgər ona xəyanət edərsəm, öz qılıncımla parça-parça olum!` Beyrəyin bu hərəkəti zəmanəmizin oğlanlarına nümunə olmalıdır. Şərəfsizlik asandır, çətin olan şərəfinlə yaşamaqdır.

Amma indi 5 qız dalınca düşən və bununla lovğalanan oğlanlar var. Qəribə olan da budur ki, bunu hamı normal qarşılayır. Aralarından biri demir ki, o qız sənə güvənib, sənin artistliyinə aldanıb. Niyə? Saflığından. Sən artistlik edib aldatmısan. Sənin etdiyinə nə deyilər? Şərəfsizlik.

Yəni eyni cümlələri təkrarlayıb 5 qıza yollayan, əzbərlədiyi sözləri bütün qızlara deyən oğlanlar, bəlkə qızların xəbəri yoxdur, amma siz bilirsiniz. Bilirsiniz və edirsiniz. Hər ay fərqli oğlanlarla sevgili olan və ya sevgilisi olduğu halda başqa oğlanlarla yazışan qızlar, heç kim bilməsə də, siz özünüz çox yaxşı bilirsiniz. Hər kəsin yanında utanmağı hamı bacarar. Əsas olan tək qalanda utanmaqdır.

Sevgili axtarmaq vacib deyil, vaxt gələndə Allah sizi doğru insanla qarşılaşdıracaq. Gündə min qızla danışıb hamısının nifrətini qazanmaq yerinə, bir qızın xəyallarının qəhrəmanı olmaq daha gözəldir.
İndi isə gedin və kitab oxuyun. Xaricinizi deyil, daxilinizi gözəlləşdirin! Cibinizi deyil, ruhunuzu zənginləşdirin!


Müəllif: Sevgi İsmayılbəyli