15 Avqust 2017 12:23
2 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məni saxla ovuclarında...” (Mahnıdan)

Xeylaq bundan əvvəl, tarixini dəqiq bilmədiyim bir zamanda bu qara qıza bir yazı həsr edəcəyimə söz vermişdim. Bu ilk cümlə indi həmin vaxtın ovqatına köklənməyimə, həmin zamanın stansiyasına aparan relsə düşməyimə yardım eləməlidi.

Amma cümlə çətin dadıma çatsın... Yazını başlamaq istəyəndən üzü bu yana nə qədər təzə hadisələr axıb. Ona görə, əziz yazar dostlarım, mətni başlayanda tez bitirin, yoxsa axırda başqa bir mətləbdən yazmalı olarsız. Zaman sürətlə axır, yəni dünyada heç nəyə, heç kimə, hətta Günəşə də etibar yoxdu.

Verdiyim sözə əməl etməliyəm, Sevinc Fədai. Bəli, otağımıza öncə Sevinc gəldi. Onu küncə biz qoymadıq. Özü seçdi. Bir növ su kimi, maye sayağı axıb-axıb orda dayandı. Hardan biləydik ki, sonra Leyla da təşrif buyuracaq. Ürəyimizə necə dama bilərdi günlərin birində, bəlkə də, elə Sevinclə birgə - mən dəqiq xatırlaya bilmirəm - Leyla adlı bir qız da peyda olar.

Allahım, mən hadisələri həmişə belə gördüm: həmişə qəflətən yağmur kimi döşədi böyrümüzə-başımıza... Baş çıxara bilmədik, Sevinc Fədai, eləcənə başımızı qorumağa çalışdıq. Cülümbür su olmaq istəmədiksə, talvar axtardıq. Girməyə, daldalanmağa, yaşamağa, ölməyə bir sığınacaq aradıq.

Ancaq bu da kifayət deyilmiş. Üçüncü də gəlməliymiş. Bu binəva otağı işıqlatmaqdan ötrü bir şimşək də çaxmalıymış.

Leyladan sonra Mövlud da gəldi... Mövlud Mövlud. Ancaq Mövludunku bir özgə gəliş oldu. Başqa otaqda otursa da, bu otağa ayaq basanda düşünürdün birdəfəlik gəlir, çıxanda “birdəfəlik getdi” deyərdin.

Halbuki o, aparmağa gəlmişdi. Əlinə nə (kim) keçsə onu aparaqcaqdı! Bu qızlardan hansını seçəcəkdi Mövlud? Göz qoyduq. Xeyr, bu, kəndsayağı dedi-qodu müşahidəsi deyildi.

Səni seçdi, Sevinc. Günlərin birində nişan mərasimi də oldu. Ancaq üçlük dağılmadı. Mövlud həmişəki adətlə, sanki heç bir hadisə olmayıbmış kimi otağa girəndə Leylanın da saçını sığalladı, Sevincin də. Biz isə yaxşı bilirik kim kimin nişanlısıdı... Biz yaxşı bilirik!

Bütün bu hadisələri Sevinc yaratdı. Trionun adı Sevincdi. Nə gözəl ad!

***

Hər ikisi aprel balasıdı. Aprelin 2-də Leyla Əliyevanın, 5-də Sevinc Fədainin ad günüdü. Bilmirəm, bunu bir rəmz saymaq olar, ya yox. Elə bu ərəfədə Leyla bizim otaqdan başqa otağa köçdü. Ənənəyə uyğun redaksiyada ad günləri yaxın təqvim düşəndə onları birləşdiririk. Sevinclə Leylanın ad gününü bir mərasimə saldıq. Yanaşı durub şəkil çəkdirdilər.

Allah hər ikisini xoşbəxt eləsin. Əslində üçünü də! Axı, Mövlud Mövlud da var. Xeyr, onlar dörd nəfər deyillər.

Deyirlər, Üzeyir Hacıbəyov Müslüm Maqomayev haqda belə bir söz deyib: “Qori Müəllimlər Seminariyasında oxudum - Qoridə oxudun, musiqini seçdim - musiqini seçdin, opera yazdım - opera yazdın. Terequlovun qızını aldım - sən də onun qızını sevdin.

Ancaq ölsəm, dalımca gəlmə!"

2014.04.07 15:56


Müəllif: Qurban Yaquboğlu