14 Avqust 2015 11:17
2 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə şeytandan yazacam. Məsələ Həllac Mənsura gedib çıxacaq. Müsəlman sufilərin adını hörmətlə andığı, ustad saydığı, ilk edam olunan sufi Həllaca.

“Həllac” pambıq əyirən deməkdi. Sufilər əl əməyilə yaşamağa, beləliklə, cüzi də olsa haram tərkibli dolanışıqdan maksimum qaçmağa səy edərdilər. Nişapurda onlar insan əməyi sərf olunmadan yetişən qaratikan satmaqla güzəran keçirərdilər.

Mən neçə aydı bu kiçik yazını yazmaq istəyirəm. Ancaq lənətə gəlmiş sanki mistik üsullarla mane olur. Şeytan ondan yazmağı xoşlamaz. Nə tərif, nə tənqid... Yazını da xoşlamaz, çünki yazı əbədiyyət malıdı, ona isə əbədiyyət sərfəli deyil.

Ərəbcədən tərcümədə “şeytan” azdıran, yoldan çıxaran mənasını verir. Quran bu sifəti hətta insana da aid edir. “Fatihə” surəsindəki “sıratəl-müstəqim” düppədüz yol deməkdi. “Bizi əyrisi olmayan düz yola yönəlt” deyir Quran.

Şeytanın bir adı da İblisdi. Klassik sufilər İblisə münasibət bildiriblər. Həllac Mənsur da həmçinin. O, İblisə, Şeytana haqq qazandırmağa çalışıb.

Axı, İblis Allaha sevgisini heç kəslə bölüşə bilmədi, bölüşmək istəmədi və bu səbəbdən etiraza qalxdı. Adəmin yaradılışını qəbul eləməkdə çətinlik çəkdi. Budu dram, budu düyün nöqtəsi, budu səbəb...

***

Tədqiqatçılar Həllac Mənsur şəxsiyyətinin ikili xüsusiyyətindən bəhs edirlər. Bu təzadlı, çarpaşıq insan mömin kimi dəyərli sözlərlə hamının könlünü fəth elədiyi yerdə qəflətən qəhqəhə çəkib gülər, anlaşılmaz dərəcədə dəyişər, özü haqda bəlli fikri-rəyi anındaca alt-üst edərmiş.

Ramazan orucu tutar, Quran oxuyar, gününü ibadətdə keçirər, axırda qara libasa bürünüb deyərmiş: “Bu, əməlləri rədd olunan adamın libasıdı...”

Müasiri olmuş Əbu Bəkr Şiblinin bir sözü var: “Mən və Həllac Mənsur eyniydik. Məni divanəliyim xilas etdi, onu isə ağlı məhv elədi...”

Deyilənə görə, çarmıxa çəkiləcəyini 13 il qabaq xəbər veribmiş. Yolun onu edam kötüyünə aparacağını bilirmiş.

Həllac Mənsur İblisə dolayı haqq qazandırmaqla bəlkə də özü-özünü anlamağa, daxilindəki ikiliyi, bir-biriylə savaşan strukturu dərk eləməyə çalışırmış.

Həllacda rəğbət yaradan “iblisanə cəhətlər”dən başlıcası İblisin öz fikrində, sevgisində qətliyi, dönməzliyi və comərdliyiydi. Əbədi lənətə, əbədi oda hazırıdı, ancaq inadından çəkilmirdi. İnadının əsasında Allah sevgisi dayanırdı.

Allah sevgisi də elə onu Allaha asi elədi... İblis asiliyinin sufi düşüncəsində yaratdığı mürəkkəb psixoloji sxem təxminən bundan ibarətdi.

Həllac onu ittiham edənlər barədə Allaha belə dua edirmiş: “Həqiqətən, Sən onlara mənə açdıqlarını açmamısan, ona görə də etdiklərini edirlər... Sən onlardan gizlədiklərini məndən də gizləsəydin, mübtəla olduğum bu cəfanı çəkməzdim”.

Edama gedərkən, hökmü oxunarkən Həllacın bəlkə yeganə ümidi eynən İblisdə olduğu kimi Allaha olan sevgisiydi, bütün olanların və olacaqların Yaradandan gələn bir imtahan kimi başa çatacağı düşüncəsiydi.
Başa çatdımı? Kim bilir? Ölümünü həsrətlə gözləyən bu sufi şeyxini o dünyada necə qarşıladılar, xəbərsizik.

***

Hər halda biz şərqliyik, şüurumuza bu cür qəliblər, anlayışlar, standartlar özümüzdən xəbərsiz hakim kəsilir. Kiçik ümidlərlə böyük qüsurlara haqq qazandırırıq. Hər pis əmələ bir yaxşı səbəb tapmaq mümkündü... Allah bizi qorusun! Amin.


Müəllif: Qurban Yaquboğlu