17 Avqust 2015 17:22
2 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə xatirələr var ki, onun gözəlliyi deyilməməsi, danışılmamasındadır.

Danışdıqca itər gözəlliyi, yoxa çıxar dəyəri.

O xatirələr öz ağuşunda yalqız saxlayır adamı. Təkbaşına.

Nəfəs aldığımız anlar deyil, nəfəsimizi kəsən anılar olar ömrün mənası, dəyəri.

Tapınarıq, üsyan edərik, susarıq...

Amma danışmarıq heç kimə.

Sözləri usta yazar Baba Vəziroğluna, musiqisi Kamal müəllimə, ifası Alim Qasımova məxsus möhətəşəm parça da adamı öz xatirələrinə boylandırır.

Söz, bəstə, ifa mükəmməl bir şəkildə tamamlamış bir-birini.

***

Alimin ecazkar səsi ilə min illər öncəyə sürükləyir adamı bu parça. Tapındırır, üsyan etdirir, susdurur...

Bir yol gəlir min illər öncədən. Bir adaya- sevgi adasına aparır.

Dənizlərin dəli, dalğaların qəzəbli olduğu günlərdə qalanmış ocaqların külünü sovurur küləklər.

Amma deyiləsi, danışılası heç nə yoxdur!!!

Sadəcə pıçıldayarsan öz-özünə: “Gəlib, keçdi nə zaman”?

Haçansa xəyallar idi, xəyal dolu idi, indi xatirəyə dönən günlər.

Xəyallar- həyatın üstündən keçən körpülərdir.

Bu körpünün bir başından o biri başına keçərsən. Öncə Ona, sonra yenə Ona, lap sonra yenə Ona baxarsan- Camal Sürəya demiş. Hər baxdığında, hər dəfə gözlərin üzünə zillənəndə yenidən sevərsən.

Arxasınca düşərsən. Körpü bitən kimi yolların biri alar Onu səndən. İtirirsən izini...

Bütün sevgilərin bir yolu var, hər yaşda o yoldan bir cür keçir insan. Amma hər yaşda bir cür gecikir insan- ya o yola çıxmağa, ya da o yolda arxasınca yürüdüyü insana çatmağa.

Zəlzələdən uçmuş binaların xarabasında yaxınlarını axtaran, yetim qalmış uşağa dönərsən onda. Ümid və qorxunun heç bir məna daşımadığı bir dünyada nə edəcəyini, necə edəcəyini bilmərsən.

***

Hə, Vəziroğlu, əminəm bu möhtəşəm parçanın sözlərini yazanda əllərinlə tutmusan başını. Soruşmusan qar yağanda, dağların üzü güləndə xatirəyə dönən solan yarpaqdan: “Nə qaldı bizdən bu dünyaya?
İkimizin sovrulmuş günlərindən nə qaldı bu dünyaya? Birdən-birə alovlanmış sevginin küllərimi?”

Hə, şair, Sən küllərindən yenidən doğulan adamsan. Hər gün özü-özünü yenidən yaradan, yenidən böyüdən adamsan.

Hə, Baba müəllim, şairlər dünyaya atəşdən toxumlar əkən adamlardır. Təkcə özü üçün deyil, təbii. Bütün insanların beyninə, qəlbinə, ruhuna əkərlər o atəşi. Əkdikləri atəş toxumları cücərər, hamıdan qabaq özünü yandırar şairlərin. Yanıqlara fikir vermədən davam edərlər yazmağa. Həyat düşmən kəsilər üzünə, qorxarlar bəzən bütün sözlərdən, hətta xatirələrdən də... Bilməzlər hara qoyalar, hara düzələr xatirələrini. Bilməzlər nə olacaq... Nə olacağını bilmədən yol alarlar öz məbədlərinə. İnkar edilmişlərin məbədinə. Yazılmışların içində oxumadıqları, söylənmişlərin içində eşitmədikləri bir dua edərlər o məbəddə. Zəhmət, fədakarlıq və sevgi ilə gözəlləşə biləcək dünyada Tanrıdan soruşarlar ən axırda: “Gerçəkdir, yoxsa yalan”?

***

Sevgi kimi, ümid də közərən bir şeydir. Prometeyin odun sirrini insanlara verməsindən və insanlara atəşi qorumağın yollarını öyrətməsindən sonra Zevs torpaqdan ilk qadını- Pandoranı yaratmaqla cəza kəsmişdi yer üzünə. Ancaq Pandoranın yer üzünə gətirdiyi başqa bir anlayış da oldu- ÜMİD!

Çox maraqlıdır, ÜMİDLƏR- hər zaman işıqlı olur.

Xəyallar- həyatımızın üstündən keçən körpüdür, demişdim az öncə.

Ümid- o körpünü aydınladan işığın mənbəyi, çilçırağıdır.

Bəs xatirələr?

Xatirələr- nə danışmaq, nə də susmaq ehtiyacıdır. Titrəyişdir, hənirtidir, ləpələrin kövrəldiyi axşamçağlarında unudulmayanlarla pıçıldaşmaqdır.

Kamal müəllimin bəstəsi kimi...


Müəllif: Taleh Şahsuvarlı