18 Aprel 2014 15:29

Arif Əliyev: "Artıq "kabinet jurnalistikası" deyilən bir jurnalistika formalaşıb"

Ölkədə media orqanları, demək olar ki, hər gün artmaqdadır. Burada çalışan jurnalistlərin peşəkarlığı, iş şəraiti və digər məsələlər bəzən gündəmdə olur. Hətta bir sıra hallarda bu məsələlərin nədən yarandığını öyrənmək üçün Azərbaycan jurnalistikasında sözünü demiş insanların sözünə ehtiyac yaranır. "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə söhbətimiz də jurnalistika sahəsi və digər sahələrdəki fəaliyyəti ilə bağlı oldu.

- Arif bəy, çoxdandır görünmürsünüz, haralardasınız?

- Baxır, harada görünmürəm (gülür). Heç hara getməmişəm, buradayam. Arabir xaricdə treninqlərim olur, ora gedirəm. Qalan vaxtı burdayam.

- Rəhbərlik etdiyiniz "Yeni Nəsil" Jurnalistlər Birliyinin keçirdiyi layihələr gündəmdə idi. Amma indi bunun şahidi olmuruq...

- Hər şeyin bir vaxtı olur, yəqin. Təşkilatın inkişafa meylli mediaya yardım göstərdiyi işlər olub. Amma hazırda Azərbaycanda inkişafa meylli media görmürəm. Bizim indiki fəaliyyətimiz daha çox araşdırmalara, hesabatların hazırlanmasına və yaxud gələcək üçün lazım olacaq işlərə istiqamətlənib.

- Hazırda həyata keçirdiyiniz layihələriniz varmı?

- "Yeni Nəsil" qismən yeni monitorinq işləri ilə məşğuldur. İndi həyata keçirdiyimiz Avropa Komissiyası ilə birgə Azərbaycandakı söz və mətbuat azadlığı sahəsindəki vəziyyətin araşdırılması ilə bağlı olan bir layihədir. Bu da daha çox araşdırma, tədqiqat xarakterli işlərdir və geniş tədbirlərin keçirilməsinə xeyli müddətdir meylli deyilik.

- Azərbaycan mətbuatında son dövrlər gözəçarpacaq nələrsə yoxdur, Sizcə, bu nə ilə bağlıdır?

- İstənilən media həyatı müstəqil kütləvi informasiya vasitələrinin üzərində dayanır. Əgər keçdiyimiz tarixə nəzər salsaq, görərik ki, orada medianın ipi öz əlində idi və müstəqilliyi vardı. Hər hansı bir inkişaf mümkün idi. İndi kütləvi informasiya vasitələrinin əksəriyyəti məhdud dar çərçivədə saxlanılan mediadır. Bu mühitdə nə peşə əxlaqı kodeksləri, nə inkişaf meylləri işləyə bilər. Bir misal çəkim. Hay-hayla onlarla jurnalisti işə götürən, planlar quran və fəaliyyət göstərən kütləvi informasiya vasitəsində səhər tezdən işə gələndə müxbirlərə deyə bilərlər ki, bağlayıblar. Necə ki, bir neçə gün bundan əvvəl "Yurd TV" ilə bağlı belə bir hadisə oldu. Heç bilinmir əmlakı hansı istiqamətə aparılıb. Bizim kütləvi informasiya vasitələrinin minimum 95 faizi belədir ki, səhər jurnalist işə gələ bilər və ona deyə bilərlər ki, biz bağlandıq. Niyəsini özləri də deyə bilməzlər. Belə bir şəraitdə jurnalistlər də məcburdurlar, əlləri-qolları yanında gözləsinlər ki, haradan nə qazanc əldə oluna bilər. Tutaq ki, bu cür hadisələrdə jurnalistlərin seçim hüququ yoxdur. Amma media müdafiəsi ilə bağlı keçirilən tədbirlərə baxın. Mən bir müddət belə tədbirləri keçirə-keçirə baxdım ki, jurnalistlərin özləri, hətta redaktorlar gəlmirlər. Onlar özləri müdafiə tədbirlərində maraqlı deyillər. Ona görə də bu situasiyada, əlbəttə, hər hansı bir maraqlı jurnalist həyatından, keyfiyyət dəyişikliyindən söhbət gedə bilməz.

- Jurnalist peşəkarlığı ilə bağlı fikirlər səsləndirilir. Sizcə, nə kimi addımlar atılmalıdır ki, jurnalistlərin peşəkarlığı yüksək olsun?

- İndiki mərhələdə bu sahədə addım atmağın ciddi əhəmiyyəti yoxdur. Jurnalist peşəkarlığının artırılması üsulları çox sadədir və aydındır. Bunlar müəyyən tədris proqramlarının, treninqlərin həyata keçirilməsidir, etika kodekslərinin qəbul olunması və onların həyata keçirilməsinə nəzarətdir və sair. Amma jurnalist professionallığı bir əmtəədir. Jurnalist professionallığı sadəcə idealist jurnalistlərin qarşılarına qoyduğu məqsəd deyil. Jurnalist, KİV professional olmalıdır və olmaq istəyir. Ona görə ki, ictimai rəydə öz peşəkarlığı ilə üstün mövqe, dövlətin qarşısında hörmət və jurnalistika halallığı ilə pul qazansın. Bu gün peşəkarlıqla nə hörmət, nə nüfuz, nə də pul qazanmaq mümkün deyil.

- Jurnalistlər ixtisaslaşmalıdır, yoxsa hər şey bilməlidir?

- Jurnalistika çox geniş dünyagörüşü tələb edən peşədir. İlk növbədə ona görə yox ki, o bir mövzuda yazmalıdır, ona görə ki, o yazmalıdır. Yəni, təhsili, geniş dünyagörüşü olmayan insan fikrini normal şəkildə ifadə eləməkdən də məhrumdur. Biz belə bir eksperiment keçirdik ki, bir qəzetdə gedən məqalələrdə, ümumiyyətlə, neçə sözdən istifadə olunur. Məlum oldu ki, burada o qədər çox bəsit dil yer alıb və bu da dünyagörüşünün göstəricisidir. Amma biz peşəkarlığın yüksək qatları ilə bağlı söhbət ediriksə, bu ixtisaslaşma olmalıdır. Düzdür, indiki şəraitdə ona böyük ehtiyac da yoxdur. Təkrar edirəm ki, peşəkarlıq bir əmtəədir. Jurnalist aylarla əziyyət çəkib oxuyub, daim öz təhsilini artırıb, özü-özünü nəzarətdə saxlayıb və bütövlükdə bunlar həyata keçiriləsi bir şeylər deyil. Eləcə də, ixtisaslaşma böyük əmək, təhsil tələb edir və s. Amma buna ehtiyac yoxdur. Çünki adi jurnalistlə iqtisadi sahədə dərin biliyi olan jurnalist arasında hansı əmək haqqı fərqi var? Ona görə də çox zaman buna can atmır və deyim ki, artıq "kabinet jurnalistikası" deyilən bir jurnalistika formalaşıb. Elə otaqdan çıxmadan o saytdan, bu saytdan götürməklə jurnalistika yaradılır. Bütün bunları söyləyəndə hansısa jurnalistləri və yaxud jurnalist təşkilatlarını günahlandırmaq istəmirəm. Söhbət ondan gedir ki, səhrada gözəl ağaclar bitə bilməz. Mən böyük təəccüblə qulaq asıram ki, bizim ali məktəblərdə jurnalistika təhsili ilə bağlı islahatlar hansı istiqamətdə gedir. Mübahisə edirlər ki, biz bura qabiliyyət imtahanları salaq, yoxsa yox. On dənə qabiliyyət imtahanı sal. Redaksiyalarda az-çox yazmaq qabiliyyəti olan jurnalist görəndə papağımızı göyə atıb, sevinirik. Çünki təhsil sistemi, praktikadan tamamilə kənar düşmüş nəzəri yanaşmalar jurnalistikanın inkişafına xidmət eləmir.

- Peşəkar jurnalistlərin mətbuatdan uzaqlaşması nə ilə bağlıdır?

- Avropa Birliyi təklif edirdi ki, Azərbaycanda televiziya jurnalistləri üçün bir neçə mərhələli peşə hazırlığı kursları təşkil olunsun. Bildirdim ki, çox xoşməramlı ideyadır. Amma tutaq ki, biz 15 nəfər peşəkar televiziya jurnalist yetişdirdik. Axı bu televiziya jurnalisti əgər bütün peşə prinsiplərinə əməl edərsə, iki həftədən sonra onu telekanaldan qovarlar. Çünki onun üçün plüralizm prinsipi, tənqidə cavab hüququ, tənqid obyektinin fikrini vermək olmalıdır və s. Bunlara əməl etməyə heç bir telekanal imkan verməz, eləcə də bir çox kütləvi informasiya vasitələri. Ona görə də peşəkar jurnalistlərin böyük əksəriyyəti mediada özünü tapmır. Məsələn, Gürcüstandakı Amerika jurnalistika məktəbini, yaxud xaricdə oxuyub gələn, təhsilini artıran jurnalistlərin əksəriyyəti qayıtdıqdan sonra PR sahəsinə gedir, ya hansısa ictimai institutlarda işləməyə başlayır. Çünki nə pul qazana bilir, nə də cəmiyyətdə özünü əldə etdiyi professional səviyyədə münasibət görür. Məşhur lətifədə deyildiyi kimi. Bir yerdəki yağla südün qiyməti eynidir, orada qalmaq çətin olur. Təəssüf ki, bizim jurnalistikada yağla südün qiyməti eynidir. Ona görə də bir çox jurnalistləri, o cümlədən peşəkar redaktorları itirmişik.

- Bu il "Media Açarı" mükafatı olacaqmı?

- Yox, biz "Media Açarı"nı artıq 3-cü ildir saxlamışıq. Açığı, əvvəlki o inkişafa meylli mühit jurnalistikada yoxdur və indi mükafatları paylamaq sillə ilə üz qızartmaqdan başqa bir şey deyil, beynəlxalq mükafatlardan savayı. Son dövrlər hansısa bir maraqlı layihə ilə ortaya çıxan telekanal yoxdur. Qəzetlərimizin tirajları ölə-ölə getməkdə davam edir. Belə bir şəraitdə düşünürəm ki, süni nəfəs vermək cəhdi səmərəli ola bilməz.

- Seçkilər öncəsi mətbuatda tənqidi yazılarınız olurdu. Bunun davamı olacaqmı?

- Yəqin ki, nə zamansa, nə iləsə bağlı olacaq. Mən indi də yazıram. Hər həftə "Ayna" qəzetinə yazılar verirəm. Təəssüf ki, bu qəzet çox məhdud dairədə yayılır və onun materialları internetə gec qoyulur. Çünki "mediapark" vasitəsilə satışa çıxarılır. Hazırda iki kitab üzərində işləyirəm. Müəyyən planlarım da var. Ailə və uşaqlarla bağlı qayğılar olur. Amma sözümün lazım olduğu yerdə onu deməkdən çəkinmirəm.

- Övladlarınızla bağlı məlumat verə bilərsinizmi?

- İki övladım var və onlar xaricdə ali təhsil alır. Biri artıq təhsilini bitirmək üzrədir, digəri isə müəyyən bir dövr üçün Bakıdadır. Övladlarımdan biri Türkiyədə, digəri isə Kanadada təhsil alır.

- Sizin yolunuzu davam etdirən varmı?

- Yox. Yaxşı ki, yoxdur (gülür). Mən özüm uşaqlıqdan bu peşənin arzusunda olmuşam, davam eləyirəm və peşman da deyiləm. Uşaqları indiki şəraitdə od-alova atmaq istəmədim. Çünki biz bu proseslərə girəndə başqa cür təsəvvür edirdik. Amma təəssüf ki, o perspektivi indi jurnalistlər üçün görmürəm və açığı onlara görə çox məyusam.

- "Son çağrı" roman-reportajın satışından gəlir əldə edə bildinizmi?

- Açığı, kitabın qiyməti və şərtləri elə idi ki, öz hesabını ödəməsinə sevinərdim və buna da sevindim. Çünki kitab öz xərcini çıxartdı. Bir qədər nüsxəsi də özümdə qalıb və onu istədiyim insanlara verirəm. Bu kitabın gəlir mənbəyi olacağını gözləmirdim və elə də olmadı. Amma necə deyərlər, özü-öz mayasını çıxartdı. Bu kitabda insanın daha çox içərisindəki düşüncələri yazılıb və bu elə bir janrdır ki, onu qəzet səhifəsində və digər mediada o fikirlərini ifadə edə bilməzsən. Bu da bizim üçün bir ehtiyacdır və bu kitab sadəcə mətbuatda gedən yazıların toplusu deyil. Bu keçdiyin yolu təhlil etmək cəhdidir.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Əslində boş vaxtım işimin bir hissəsi kimi olur. Əgər boş vaxt desək, ilk növbədə ən çox sevdiyim, həyatımın bir parçası olan bağda yaşamaqdır. Uzun müddətdir bağda yaşayıram və burada digər yaradıcılıq sahələri ilə məşğul oluram-portret yaratmaqdan tutmuş gül becərməyə qədər. İkincisi də, jurnalistikadan kənar fəaliyyət sahələri, məsələn kitab yazmaq çox vaxt aparır.

- Eşitdiyimə görə, balıq ovuna getməyi çox sevirsiniz?

- Bir neçə dəfə getmişəm. Daha getmirəm, hövsələm çatmır.


Müəllif: