7 Aprel 2014 16:27
2 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu əhvalatları sizinlə paylaşmaqda məqsədim nədir? Mən Azərbaycan ədəbiyyatının ən böyük yazıçısı hesab etdiyim bir qələm adamının, ömrünü bu millətin yolunda fəda etmiş kişinin həyatından bir məqamı sizinlə paylaşmaqla onun zəngin mənəvi dünyasına baş vurmaqda sizdən kömək istəyirəm. Gəlin, bu müqəddəs adamın qarşısında bir daha baş əyək. Görün, Mirzə Cəlil nələr çəkirmiş...

Oğrunu necə bağışladı?

Ustad Cəlil Məmmədquluzadə bir dəfə Tiflisdə yolla gedərkən gənc bir oğlan onun cibinə girərək əlyazmalarını çıxarır. Demə, bu hadisəni polis uzaqdan görürmüş. Tez gəncin arxasınca qaçaraq onu yaxalayır. Cəlilin gəncə yazığı gəlir, elə polisin yanında ona yaxınlaşıb ərklə deyir:

- Sənə neçə dəfə demişəm ki, tələsmə, niyə tələsirsən, bir neçə gündən sonra jurnalda çıxar oxuyarsan.
Sonra ərklə kağızı cavan oğlandan alır. Polis onların bir-birini tanıdığını zənn edib oradan uzaqlaşır.

Qurbanəli bəy, yoxsa...

Mirzə Cəlilin "Qurbanəli bəy" hekayəsi 1907-ci ildə kiçik kitabça halında çıxır. Bir qrup gənc ziyalı Qurbanəli bəy tipində bir bəylə zarafatlaşmaq üçün onun yanına gəlirlər. Deyirlər ki, bəy, Molla Nəsrəddin sənin barəndə hekayə yazıb, amma adını dəyişib. Hekayəni bəyə oxuyurlar. Bəy razılıq əlaməti olaraq başını yırğalayıb möhkəmcə gülür. Hekayənin axırına çatanda isə yaman dilxor olur. Deyir ki, yalandı. Mən bir qonaqlığa görə axurda gizlənənlərdən deyiləm. Ondansa arvad ləçəyi bağlamaq daha yaxşı olardı. Cavanlar zarafatın alındığını görüb bəyin üstünə gedirlər:

- Bəy, eybi yox, Tiflisə yolun düşəndə gedib cavabını verərsən.

- Ay kişilər, mən qonaqlara qonaqlıq da vermişəm, o pristav köpəyoğluna at da bağışlamışam. Amma bu gör nə yazıb?! Məni bir qonaqlığa görə axura salıb. Elə günü sabah gedib cavabını verəcəyəm.

Deyilənə görə, səhəri gün həmin adam Tiflisə gedib Mirzə Cəlili tapır və əhvalatı ona nəql edir:

- Molla, vallah-billah, nəyə inanırsan inan, mən axura girməmişəm, sizə yalan deyiblər. Kişi də bir atdan ötəri axura girər?! Onda gərək biz adımızı gədə qoyardıq.

Mirzə Cəlil başa düşür ki, bəyi aldadıblar. Odur ki, deyir:

- Eybi yoxdur, bəydadaş, gələn dəfə yazanda axura girmək əhvalatını pozaram. Onda məndən inciməzsən ki?
- Yox, vallah. Bir yaxşı at da sənə bəxşeyiş edərəm, - deyə cavab verir.


Müəllif: Mövlud Mövlud