21 Oktyabr 2015 18:53
1 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevgi İsmayılbəyli

Düz 83 il əvvəl bugünkü gün Salyan rayonunda sadə ailədə bir körpə dünyaya gəldi. Adını Xəlil qoydular. Hamı kimi gəldi, lakin hamı kimi yaşamadı.

Heç kim bilə bilməzdi ki, o balaca Xəlil XX əsrin dahilərindən biri olacaq. Azərbaycan xalqının dili, azadlığı uğrunda mübarizə aparacaq. Xalqına, vətəninə, türkçülüyə görə Rusiya imperiyası ilə qorxmadan qılıncı ilə yox, qələmi ilə savaşacaq. O balaca Xəlil azadlığı zərrə-zərrə, qram-qram istəməyəcək. Böyük Turan uğrunda qələm çalacaq və gün gələcək, böyük Xəlil Rza Ulutürk olacaq.

Hələ Sovet imperiyası dövründə böyük salonlarda hayqırdı:

"Dayağımdır, varlığımdır Türklüyümüz
Cəsur, ağüz Türklüyümüz
Əməli düz, ürəyi düz Türklüyümüz".

Xalqın taleyini öz mənafeyindən üstün tutdu, onu yolundan heç kim döndərə bilmədi. Nə şan-şöhrət, nə də qorxu. Öz yolunda davam etdi, bu yol onu Lefortovo zindanına aparıb çıxardı. Amma böyük şair buna təəssüflənmədi. "Müşfiqdənmi artığam, Caviddənmi artığam?" dedi.

Vətəni, üçrəngli bayrağı və "vəfa xəzinəsi" Firəngizi üçün darıxdı.

Firəngiz onun təbəssümü idi. Onların sevgisini nə zindanlar, nə də sürgünlər qıra bildi. Firəngiz şan-şöhrəti seçmədi, o, əbədi sevgisi olan Xəlilə daim sadiq qaldı.

Bu gün o dahinin, istiqlal şairinin doğum günüdür.

Doğum günün qutlu olsun, örnək insan!


Müəllif: Sevgi İsmayılbəyli