22 Oktyabr 2015 16:10
1 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərvər Şirin adlı müəllifin Teleqraf.com saytındakı “Dərslik yazanların Koroğluya verdiyi yuxu dərmanı” adlı məqaləsindəki iradlara cavab

X sinif üçün Ədəbiyyat dərsliyində (Müəlliflər: Nizami Cəfərov, Teymur Kərimli, Zaman Əsgərli, Afət Bakıxanova) dastanın filologiya üzrə elmlər doktoru, professor İsrafil Abbaslı və filologiya üzrə elmlər doktoru, professor Bəhlul Abdulla tərəfindən hazırlanmış 25 qoldan ibarət variantından “Həmzənin Qıratı qaçırması” qolu təhlil edilib.

İ.Abbaslı və B.Abdulla dastanın 2004-cü il nəşrində (“Çaşıoğlu” nəşriyyatı) Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda qorunan Koroğlu arxivindən, çağdaş aşıqların ifasından yazıya alınmış qollardan geniş istifadə ediblər.

Ədəbiyyat dərsliyində dastanın məhz bu yeni variantından götürülmüş qol təhlil edilib.

Əvvəla onu qeyd edim ki, Ədəbiyyat müntəxəbatı dərslik deyil, şagirdlərə kömək məqsədilə tərtib edilmiş vəsaitdir. Odur ki, müntəxəbat dərslik əsasında tərtib olunur və buraya dərslikdə təhlil edilmiş bədii əsərlər daxil edilir. Müntəxəbat dərsliyin bir növ əlavəsidir və məhz oradakı əsərləri əhatə etməlidir.

Təbiidir ki, monoqrafik şəkildə öyrənilən bədii əsərləri əhatə edən müntəxəbata məhz dastanın dərslik variantındakı qolun mətni daxil edilməli idi.

Məqalədə isə dastanın professor Məhəmmədhüseyn Təhmasib tərəfindən 1949-cu ildə tərtib və nəşr olunmuş və sonradan təkmilləşdirilmiş 18 qoldan ibarət variantına istinad edilir ki, bu da yazı müəllifini yanlış mülahizələrə, ciddi dolaşıqlıqlara gətirib çıxarır.

Məqalədə qeyd edilir ki, müntəxəbatda uğursuz ixtisarlar aparılıb. Halbuki qeyd edilən ixtisarlar dastanın əvvəlki variantına aiddir. Dastanın 2004-cü il nəşrinə daxil edilmiş qolda həmin ixtisarların heç biri yoxdur və bu, müntəxəbat üçün nöqsan sayıla bilməz.

Dərslikdə dastanın yeni variantından istifadə olunması qıcıq yaratmamalı, yeni nəşri hazırlamış folklorşünas mövqeyi ilə məqalədə öz ifadəsini tapan fərdi oxucu zövqü arasında fərqin olmasının təbiiliyi unudulmamalıdır. Dastan üzrə elmi tədqiqatların davam etdirilməsi, onun yeni variantlarının üzə çıxarılması, nəşr olunmasına folklorşünaslığımızın nailiyyətləri müstəvisində yanaşılmalı, uğurlar təqdir olunmalı, əvvəlki nəşrlərlə müqayisəli təhlil zəminində elmi axtarışlar davam etdirilməlidir. Görkəmli folklorşünas M.Təhmasib hələ 1975-ci ildə yazırdı:“Koroğlu” keçmişdə daha mükəmməl olmuş , zaman keçdikcə bir sıra qollar aşıqların ifasından çıxmışdır. İndi vəzifə bunları tapmaqdan, yazıya almaqdan, nəşr eləməkdən ibarətdir.”(“Koroğlu”, ““Gənclik” nəşriyyatı, 1975, səh. 4.)

Məqalə müəllifi 2001-ci ildə nəşr olunmuş “Ədəbiyyat müntəxəbatı” ndakı variantı müsbət dəyərləndirir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, müntəxəbat dərsliyə uyğun tərtib olunduğu üçün qolun əvvəlki variantını buraya daxil edilməsi dərsliklə ciddi ziddiyyət yaradar və şagirdləri çaşdırardı.

Beləliklə, məqalədə müəllifinin iradları müntəxəbata deyil, dastanın AMEA-nın mütəxəssisləri tərəfindən hazırlanmış 2004-cü il nəşrinə aiddir. Qeyd edilən iradlar bu sahənin tədqiqatçılarına ünvanlanmalı və onların nə dərəcədə əsaslı olduğu folklorşünaslar tərəfindən dəyərləndirilməlidir.

Məqalə müəllifinin nəzərinə çatdırırıq ki, “Ədəbiyyat müntəxəbatı” dərslik olmadığı üçün onun nəşri dövlət tərəfindən maliyyələşdirilmir. Dərs vəsaiti kimi o, nəşriyyatların vəsaiti hesabına çap olunur.

“Ədəbiyyat müntəxəbatı” nın həmtərtibçisi: Bilal Həsənli

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim


Müəllif: