3 İyun 2014 10:05
1 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milyonlarla futbol azarkeşinin həsrətlə gözlədiyi növbəti dünya çempionatına sayılı günlər qalır. Bu il Braziliyada keçiriləcək mundial uzun bir aradan sonra yenidən Cənubi Amerikaya qayıtdı.

Artıq bütün iştirakçı komandalar bəzi istisnalarla heyətlərini müəyyənləşdiriblər, demək olar ki, hamı ən böyük futbol turnirinə hazırdır. Komandaların son hazırlıq və yoxlama oyunları keçirdiyi bir vaxtda qruplar üzrə yığmaların şanslarını dəyərləndirmək baxımından əlverişli məqamdır.

Beləliklə, bu yazıdan etibarən hər gün bir qrupu analiz eləməyə çalışacam. İştirakçıların şansları haqqında bizim mülahizələrimizlə də tanış olun.

A qrupu.

Braziliya, Xorvatiya, Meksika və Kamerundan təşkil olunan ilk qrup olduqca maraqlı mübarizə vəd eləyir.

Braziliya yığması nəinki bu qrupun, ümumiyyətlə, çempionatın əsas favoritlərindəndir. Baş məşqçi Luis Felipe Skolarinin sərəncamında dünya şöhrətli ulduzlarla zəngin həm də gənc bir heyət var. Yığmada ikinci dönəmini yaşayan “Böyük fil” ləqəbli mütəxəssis 12 il bundan qabaqkı ilk dönəmində bu komandanı dünya çempionu eləmişdi.

Ev sahibi olmağın üstünlüyünü nəzərə alaraq bu dəfəki hədəf də çempionluqdur. DÇ-də iştirak edəcək yekun heyət açıqlanarkən Kaka, Ronaldinyo kimi ulduzlara dəvət göndərmədiyinə görə bir xeyli tənqidlərə tuş gəlsə də, hər halda mundialda ölkəni təmsil eləyəcək heyəti heç də zəif adlandırmaq olmaz.
Qapı və müdafiə xətti demək olar ki, ideal vəziyyətdədir. Tyaqo Silva, David Luis, Dante, Dani Alveş, Marselo kimi Avropanın top komandalarında oynayan müdafiəçilərə istənilən komanda həsəd apara bilər.

Yarımmüdafiə xəttində də gənclərdən ibarət əla kollektiv var. Təkcə “Çelsi”nin heyətində uğurlu çıxış eləyən Villian, Oskar və Ramiresin adını çəkmək kifayətdir.

Hücumun sivri ucunda müəyyən problemlər olsa da, Hulk və Neymar kimi hücuma meylli oyunçular vasitəsilə bu boşluğu doldurmaq mümkün olacaq.

Qrupdan çıxmağa əsas verən ikinci vəsiqə uğrunda isə Xorvatiyanın əsas namizəd olduğunu və sırf bu hədəf uğrunda mübarizə aparacağını proqnozlaşdırmaq olar. Digər komanda Meksikaya baxanda balkanlıları bu mübarizədə bir az öndə hesab eləmək olar.

Heyətində Modriç, Rakitiç, Mandzukiç, Srna, Kovaçiç kimi oyunçuları olan “şahmatçılar”ın əsas üstünlüklərindən biri də heyətinin oturuşmuş və uzun zamandır bir yerdə çıxış eləyən oyunçulardan ibarət olmasıdır. Üstəlik, əsas oyunçularının əla formada olması da xorvatların üstün cəhətlərindəndir. Rakitiç “Sevilya” ilə Avropa Liqasını, Modriç isə “Real Madrid”lə Çempionlar Liqasının qalibi olub.

Meksika yığması isə bu dəfə o qədər də güclü heyəti olmayan, ən yaxşı halda qrup sonuncusu olmamaq üçün Kamerunla mübarizə aparacaq bir komanda təsiri bağışlayır. Əksər oyunçuları daxili və digər qonşu ölkə çempionatlarında çıxış eləyən mərkəzi amerikalıların avropa arenasında çıxış eləyən bir neçə oyunçusu isə ideal formada uzaq durumdadır.

Kamerun yığması qrupun əsas autsayderidir. Ən yaxşı halda Meksika ilə üçüncülük yarışına çıxacaq “cəngəllik aslanları”nın bundan daha yaxşısına gücünün çatacağına inanmaq olmur.

Heyətinin əsas çoxluğu Avropa liqalarında top qovmasına baxmayaraq Braziliya və Xorvatiyanın üzərindən qrupdan çıxması olduqca gözlənilməz və sürpriz nəticə olacaq.


Müəllif: Zaur Xudiyev