29 Oktyabr 2015 11:11
1 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, dini görüş deyil və bəlkə, dünya dinlərilə heç bir əlaqəsi olmayan həyat tərzidir, illərlə yaranan davranış normasıdır, vərdişlərdir, bəlkə, tərbiyədən irəli gəlir, bəlkə, yaxın çevrənin təsirindən - deyə bilmərəm. Hər nədirsə, fakt bu ki, ağlım kəsəndən ən çox ünsiyyətdə olduğum elə O olub - Allah.

Sevincimə şərik, xoşbəxtliyimə ortaq, çətinlikdən mühafiz də Onu bilmişəm. Ümidim, gümanım da hər zaman Ona yönəlib. Hər zaman əmin olmuşam ki, O kömək edəcək, O qoruyacaq. Ən çətin durumda belə məni incidən kəsə - "Məni Allah sevir, sən nə karəsən ki, xətər yetirəsən",- deyib başımı dik tutmağı bacarmışam. O isə, doğrudan da, köməyimə yetib. Bəzən hətta günahlarıma da elə Ondan "dobro" almışam. "Hər təsadüfü də O çıxarıb qarşıma - demək belə məsləhət bilib" məntiqilə özümə haqq qazandırdığım da olub. Hər zaman Ona müraciət etmişəm, Ondan məsləhət almışam. Tək mənmi? Yox, təbii. Mənim kimi milyonlar, milyardlar...

***

"Yazıb yaratmaq üçün gördüyüm iki iş var - biri gəzməkdi, biri yatmaq. Olur ki, aylarla, illərlə dünyanı dolaşıram. Dünyanı gəzə-gəzə görürəm, görə-görə düşünürəm, beləcə, əsərlər yaranır. Elə ki personajların səsi qulağıma gəlir - bax onda dərin yuxuya gedirəm. Bu yuxu təxəyyüllə gerçəklik arasında bir körpüyə dönür. Əsər tam yetişəndə isə yazı masamın arxasına keçirəm. Sonrakı bir neçə ay beynimdə hazırladığım əhvalatı yazıya köçürməklə məşğul oluram". Erik-Emmanuel Şmittin müsahibəsindən seçmə.

***

Amma 10 yaşlı uşağın ölüm ayağında tanrıya məktub yazmaqla düz yüz il ömür yaşamasını əhvalata çevirib də yazıya almaq üçün hansı dünyaları gəzmək, hansı məkanlarda dolaşmaq lazım imiş - bilmirəm. Mümkünatı olmayan bir hadisə, ən dəhşətli situasiyadan çıxmağın tək yolu, nəhayət, bu ağlasığmaz olayın verdiyi ismarıc - bir yazıçının dünya və yaradan haqda düşüncələri. Fransız yazarın "Oskar və çəhrayı paltarlı xanım" romanı Ekzüperinin "Balaca şahzadə"si timsalında və ondan daha cana yaxın, çünki daha ağrılı, daha üzücü.

***

Onu çağdaş Avropanın maraqlı imzalarından biri hesab edirlər. Erik-Emmanuel Şmitt 1960-da Lionda doğulub. Özəlliklə teologiya və metafizika ilə maraqlanan filosof yazarın obrazları arasında Deni Didro, İsa peyğəmbər, Herodot, Ponti Pilat, Adolf Hitler, Don Juan və Ziqmund Freyd kimi tanıdığımız məşhurlar da var, 10-12 yaşlı adi uşaqlar da. Yazarın iki əsərini birnəfəsə oxuyuram - "Oskar və çəhrayı paltarlı xanım" və "Müsyö İbrahim və Quran çiçəyi". Hər iki əsərin qəhrəmanı dünyanın ağır yükünü çəkən 10-12 yaşlı oğlandı. İkisi də çıxılmaz durumda, ikisi də dərdli. Hər iki uşağın nicatını Allah yolunda, ilahinin doğru buyurduğu əməllərdə görür müəllif. Əsərlərin alt qatda daşıdığı bir informasiyanı da qabartmaq lazım - ən fərqli insanlar arasında belə nə ziddiyyət var, nə aqressiya, hətta müxətlif dinlərə qulluq edən, ayrı-ayrı millətlərdən olan insanlar arasında da yoxdu bu cəhətlər. Tanrı insana seçim imkanı verib - sən dostlarını da, əhatəni də, sevgini də, hətta ailəni də özün seçib müəyyən edə bilirsən. Və istəsən on günə yüz il yaş yaşamaq da olar. Yetər ki insan istəsin, istəsin və inansın.

***

Hər iki roman çağdaş Fransa cəmiyyətində ən çox oxunan, səhnələşdirilən, ekranlaşdırılan əsərlər sırasında, yəni fərqli rejissor traktovkaları nə çox, amma yazarı tam duymaq üçün mütləq əsərin özünü oxumaq lazım, nə film, nə tamaşa yazılı mətni əvəzləmək gücündə deyil çünki.

***

İraq olsun, amma şər deməsən, xeyir gəlməz - başınız bəlalar içindədirsə, yol tapmaqda çətinliyiniz varsa, həyat sizi sıxıbsa, fələyin qara zolağından çıxa bilmirsinizsə, "nə edim, necə edim" deyib ətrafınızdakı dedi-qoduçularla paylaşmayın içinizi. Sözə tapının. Bədii söz dadınıza yetəcək. Ələlxüsus, adı, bəlkə də, çoxunuza tanış gəlməyən Erik-Emmanuel Şmittin dediyim bu iki əsərini oxuyun. Həyat daha asan, dünya daha maraqlı gələcək sizə. Zira ədəbiyyatın əsas missiyası da dünya gerçəklərini dərk etməkdə insana yardımçı olmaq. Yardım etmək istəyən var, təbii. Biri elə müasirimiz olan fransız Şmitt. Kitab bizim mağazalarımızda da var. Mütləq oxuyun. Məsləhətə görə təşəkkür etməsəniz də olar.

P.S. Mənsə "Oskar və çəhrayı paltarlı xanım"ı oxumağı məsləhət gördüyünə görə dəyərli dostumuza, görkəmli rejissorumuz Ramiz Həsənoğluna təşəkkür edirəm. Var olun, ustad.


Müəllif: Afaq Vasifqızı