3 Noyabr 2015 11:58
448

Nəhayət, növbəti bir seçki prosesini arxada qoyduq. Səhər saat 8-dən növbəti gün saat üçə qədər seçki prosesini izlədiyim üçün səsvermədə iştirak edə bilməsəm də, budəfəki parlamentin tərkibində görmək istədiyim namizədlər vardı. Onlardan biri də “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, BDU-da politologiya ixtisası üzrə təhsil alarkən dərs aldığım Hikmət Babaoğlu idi.

Hakim partiyanın “Yeni hədəflərə doğru” şüarı ilə seçkiyə qatılan Hikmət müəllimin qələbə qazanacağına əmin idim. Çünki Hikmət müəllim hakim partiyanın qəzetinə rəhbərlik etməklə bilavasitə ölkədəki siyasi proseslərin içərisində idi, yüz minlərlə seçicisi olan partiyada təmsil olunurdu, həmçinin jurnalist kimi xalqın ehtiyac və tələbatlarından xəbərdar idi.

Digər YAP namizədləri ilə yanaşı istər sosial şəbəkədə, istərsə də, namizəd olduğu dairədə aktiv təbliğat aparması onun qələbəsini şərtləndirirdi.

Bu baxımdan Hikmət müəllim əgər bir tərəfdən parlamentdə seçildiyi dairənin sakinlərinin problemlərinin həllinə çalışacaqsa, digər tərəfdən siyasi təhlilçi olduğuna görə parlamentdə xarici siyasət, qanunvericilik sahəsində faydalı işlər görmüş olacaq.

Hikmət Babaoğlunun “Azərbaycan Respublikasının müasir dünya siyasətində yeri və rolu” (Bakı 2009), “Siyasi təhlil və proqnozlaşdırma” (Bakı, 2012) kitablarına bələd olan bir kimi onun Azərbaycan parlamentində intellektual səviyyəsinə görə tezliklə seçiləcək bir deputat kimi tanınmasına şahid olacağıq.

Hikmət Babaoğlu siyasi təhlilçi, konfliktoloq olmaqla yanaşı, həm də tarixçidir. “Akdamardan Sarı Gəlinədək erməni yalanı” adlı kitabında ermənilərin Azərbaycan torpaqlarının işğalı ilə yanaşı, mədəniyyət nümunələrini də mənimsəməsi ətrafında maraqlı faktlarla çıxış edir.

Hikmət Babaoğlunun həm siyasi nəzəriyyəçi, həm konfliktoloq olduğunu nəzərə alsaq, gələn il istər bölgədə, istərsə də Azərbaycanı maraqlandıracaq ərazilərdə baş verən siyasi proseslərə adekvat münasibət bildirmək, bu gün BMT prinsiplərinə deyil, gücə söykənən beynəlxalq münasibətlər sistemini təhlil etmək, təkliflər vermək baxımından onun potensialının gərəkli olduğu aydınlaşır.

Üstəlik millət vəkilinin ilk müsahibəsində jurnalistika fəaliyyətinə də davam edəcəyini deməsi, parlamentdə mətbuatın inkişafı üçün çalışacağını söz verməsi jurnalistlər üçün də mühüm bir xəbər oldu.

Bu baxımdan mətbuatın inkişafı, jurnalistlərin mövqeyinin cəmiyyətdə güclənməsi üçün Hikmət Babaoğlunun yeni hədəfi bizim üçün sevindirici olmalıdır.

H.Babaoğlunun millət vəkili seçilməsi həm də mətbuatımızın qələbəsidir.


Müəllif: Dilqəm Əhməd