4 İyun 2014 10:34
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatında iştirak edəcək komandaların qruplar üzrə şanslarının dəyərləndirilməsinə davam edirik.

İspaniya, Hollandiya, Çili və Avstraliyadan təşkil olunan B qrupu ən gərgin matçların keçiriləcəyi qruplardan biridir. Mundialın əsas mükafatının əbədi namizədlərindən olan iki komandanın bu qrupda yer alması azarkeşlərin maraqlı və zövqlü qarşılaşmalar izləyəcəyindən xəbər verir.

Qrupun aşkar favoriti olmasa da, hər halda reytinqinə görə ilk iki komandanın növbəti mərhələyə adlayacağını düşünmək olar.

Son Avropa və dünya çempionu İspaniya yığması bu dəfə də qrup birinciliyinə iddialıdır. Ulduz oyunçulardan ibarət heyəti ilə çempionatın ən yaxşılarından olan prineylilər baş məşqçiləri Visente Del Boskenin rəhbərliyi ilə ikinci böyük turnirə çıxacaqlar. “Matadorlar”ın bütün xəttlər üzrə əla oyunçulardan təşkil olunmuş heyəti var.

Komandanın əsas üstünlüyü isə heyətdəki oyunçuların həm klublarında, həm də yığmanın tərkibində uzun müddət bir yerdə çıxış eləmələridir. İniesta, Xavi, Xabi Alonso, Fabreqas, Kasillas, Fernando Torres, Serxio Ramos kimi futbolçular bundan öncəki böyük zəfərlərdə də birlikdə çiyin-çiyinə çıxış eləmişdilər.
Üstəlik, komandaya qoşulan digər gənc futbolçuların da qatılımı ilə ispanlar bütün iştirakçı ölkələr arasında ən güclülərdən biri kimi önə çıxırlar.

Qrupdan çıxacağı şübhə doğurmayan kollektivin sonrakı mərhələlərdəki taleyi isə komandanın fiziki, taktiki hazırlığından daha çox psixoloji durumundan asılı olacaq. Belə ki, son iki böyük turnirdə rəqib tanımayan “qırmızılar” ancaq və ancaq arxayınçılığın və “doymuşluğun” qurbanı ola bilərlər.

Hollandiya yığması da yarışın güclü kollektivlərindən biridir. “Narıncılar”ın bəlkə də, yeganə zəif tərəfi nəsildəyişmə prosesinin məhz mundial ərəfəsinə düşməsidir. Hazırda heyətində bir çox gənc oyunçusu olan komandanın əsas aparıcı qüvvəsi isə ənənəvi ulduz oyunçulardır.

Dörd il bundan öncə Cənubi Afrika Respublikasında keçirilən mundialın finalında hazırda eyni qrupda mübarizə apardığı İspaniyaya son anlarda buraxdığı bir qolla yenilən Lui Van Qalın yetirmələri həm də dörd il bundan öncəki finalın revanşı üçün mübarizə aparacaqlar.

Uelsli Sneyder “Qalatasaray”la, Aryen Robben isə “Bavariya” ilə yaxşı mövsüm keçiriblər və yaxşı fiziki formadadırlar. Van Persinin klubu “Mançester Yunayted” İngiltərə Premyer Liqasında uğursuz çıxış eləsə də, hər halda “Robi” istənilən halda qol vurmağı yadırğamayıb.

İspaniya ilə birlikdə qrupdan çıxmağa əsas namizəd olan “portağallar”ın yoluna hara qədər davam edəcəyinə isə sonrakı mərhələlərdəki çıxışı aydınlıq gətirəcək.

B qrupunun digər iki komandası Çili və Avstraliya isə belə çətin bir qrupda yer aldıqları üçün bəxtlərində şikayətlənə bilərlər. Hər iki komandanın heyətində Avropanın müxtəlif klublarında oynayan oyunçular olsa da, hər halda bu iki komanda məhz bir-biriləri ilə qrup sonuncusu olmamaq uğrunda “döyüşəcəklər”.
Çili yığması qrup üçüncülüyü üçün, hətta sürpriz olarsa qrupdan çıxmaq üçün “kenqurular”a nisbətdə daha üstün durumdadırlar.

Əsas oyunçuları İspaniya və İtaliya çempionatlarında top qovan cənubi amerikalıların şansları az da olsa var. İsla, Vidal, Aleksis Sançes, Mattias Fernandes kimi Avropanın güclü klublarında forma geyinən oyunçuları liderlik bacarıqlarını nümayiş etdirə bilsələr, hansısa bir sürpriz nəticəyə ümid eləmək olar.


Müəllif: Zaur Xudiyev