20 Noyabr 2015 10:25
1 656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycan mühacirətinin önəmli simalarından Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Bu sərəncama ehtiyac vardı. Çünki hər dəfə tanınmış insanlarla bağlı sərəncamlar imzalandıqda onlar haqqında müxtəlif tədqiqat əsərləri çap edilir.

C.Hacıbəyli şəxsiyyəti qardaşının kölgəsində qalsa da, onun Paris Sülh konfransından sonrakı həyatı olduqca maraqlıdır. Lakin onun arxivi ölkəyə gətirilsə də, haqqında kifayət qədər kitablar yazılmayıb.
C.Hacıbəyli 1891-ci ildə Şuşada doğulub, ilk təhsilini rus-tatar məktəbində, orta təhsilini Bakıda alıb. Gəncliyində felyetonlar yazıb, sonralar isə “Kaspi”, “Proqres”, “Bakı”, “Azərbaycan” kimi qəzetlərdə publisistika ilə məşğul olub.

1908-ci ildə qardaşı Üzeyir bəy Şərqin ilk operasını səhnələşdirərkən Ceyhun bəy İbn Salam və Nofəl rollarını oynayıb. Əli bəy Hüseynzadənin rəhbəri olduğu “Səadət” məktəbində bir müddət müəllim işləyib, Peterburqda Hüquq fakultəsində Murtuza Muxtarovun vəsaiti hesabına təhsil alıb. Ardınca Parisdə Sarbonna universitetinə qəbul olub. 1917-ci ildə “İttihad” və “Müsəlmanlıq” qəzetlərinin redaktoru olub, Cümhuriyyətin elan olunmasından sonra isə Üzeyir bəylə birgə “Azərbaycan” qəzetinin, Şəfi bəy Rüstəmbəyovla birgə isə “Azerbaydjan” qəzetinin redaktoru vəzifəsində çalışıb. 1919-cu ildə Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibinə daxil edilib.

Cümhuriyyətin işğalından sonra bir daha Vətənə qayıda bilməyib, Avropada Azərbaycanın ən qızğın müdafiəçilərindən biri olub. Hələ 1919-da Parisdə “İlk müsəlman dövləti Azərbaycan” adlı kitabı çapdan çıxıb, azərbaycanlıların soyqırımı ilə bağlı məqalə ilə çıxış edib. 1920-ci ildə “Arşın mal alan” musiqili komediyasını fransız dilinə tərcumə edib və həmin ildə də tamaşaya qoyulub.

1926-cı ildə çap etdirdiyi “Azərbaycan teatrı” adlı məqaləsində Hüseyn Cavid və Cəfər Cabbarlını fransızlara tanıdıb. 1930-cu ildə “Azərbaycan mətbuatı tarixi”, 1933-cü ildə “Qarabağ dialekti və folkloru” kitabları fransız dilində işıq üzü görüb. Fransız şərqşunasları A.Beniqsen və Ş.Lemerse Kelkejenin 1964-cu ildə Parisdə fransız dilində nəşr etdirdikləri “Rusiyada 1920-ci ilə qədər çıxan müsəlman mətbuatının tarixi” əsəri hazırlanarkən Azərbaycan bölməsində o da iştirak edib. Fransada SSRİ-ni öyrənən institutun Parisdə fransızca nəşr etdirdiyi “Qafqaz” jurnalının Azərbaycan bölməsində gedən yazıların redaktəsi ilə məşğul olub, həmin institutun dəstəyi ilə 1959-cu ildə Münhendə “Azərbaycanda islam əleyhinə təbliğat və onun metodları” əsəri çap olunub.

1962-ci ildə ürək xəstəliyindən vəfat edən C.Hacıbəyli Sen-Klu qəbiristanlığında dəfn olunub.


Müəllif: Dilqəm Əhməd