5 İyun 2014 10:26
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə dünya çempionatının startına sayılı günlər qalmış iştirakçı komandaların qruplar üzrə şansları haqqında yazılarımıza davam edirik.

Kolumbiya, Yunanıstan, Fil Dişi Sahili və Yaponiyadan ibarət C qrupu bəlkə də, yeganə qrupdur ki, aşkar favoriti yoxdur. Çempionatın gedişatı zamanı çıxışlarından asılı olaraq istənilən komanda növbəti mərhələyə çıxa bilər.

Qrupun digər maraqlı özəlliklərindən biri də iştirakçıların hər birinin müxtəlif qitələri təmsil eləməsidir.
Püşkatma zamanı reytinqinə görə Kolumbiya yığması lider olsa da, real mənzərədə cənubi amerikalıların digərlərindən o qədər də güclü olduğunu söyləmək mümkün deyil. Xüsusilə də komandanın lideri və əsas qol silahı Radamel Falkaonun mundialı buraxması bu yığmanın şanslarını azaldan ciddi amildir.

Fransa çempionatında "Monako"nun şərəfini qoruyan hücumçu çempionatın gedişatında zədələnmişdi. Ancaq onun mundiala qədər sağalacağı gözlənilirdi. Son məlumatlar isə həm yerli azarkeşləri, həm də neytral futbolsevərləri məyus edib. Falkaonun adı yekun siyahıda yoxdur. Çempionatda isə "Portu"nun hücumçusu Cekson Martinez və "River Pleyt"li Teofilo Qutyerres onun yerini doldurmağa çalışacaqlar.
Kolumbiya yığması haqqında bir maraqlı məqam da yaşı 40-ı adlamış qapıçı Ali Farid Mondraqonun yenidən milli komandanın heyətinə daxil edilməsidir.

Qrupun digər üzvü, Avropanı təmsil eləyən Yunanıstan yığması da sirli qutu olaraq qalır. İlk dəfə AVRO-2000-də böyük sürprizlə çempionluq yaşayan balkanlılar o vaxtdan bura kölgəyə çəkiliblər. Əsasən güc futboluna və praqmatik oyun üslubuna üstünlük verən "ellinlər" yaxşı müdafiə bacarığı ilə seçilirlər.

Daha çox yerli çempionatda iştirak eləyən oyunçulardan qurulmuş komandanın da Avropanın digər ölkələrinin birinciliklərində oynayan oyunçuları da var. Sokratis Papastatopulos Almaniyada "Borussiya Dortmund"da, Yorqas Karaqunis İngiltərə "Fulhem"ində, Gekas və Tziolis isə Türkiyə çempionatında, uyğun olaraq "Konyaspor" və "Kayserispor"da çıxış edirlər. Komandanın əsas vuran ayağı Samaras isə Şotlandiya "Seltik"inin oyunçusudur.

Afrika təmsilçisi Fil Dişi Sahili yığması bu il qrupdan çıxmaq üçün əla şans yaxalayıb. Elə də güclü olmayan rəqibləri ilə mübarizədə növbəti mərhələyə adlamaq üçün ulduz oyunçularının köməyi əsas olacaq.

Heyətində Droqba, Kalu, Jervinyo, Ture qardaşları kimi dünya səviyyəli oyunçuları olan "qara qitə" təmsilçiləri digər rəqiblərinə nisbətdə daha şanslı durumdadırlar.

Komandaya mane olacaq əsas amil isə Afrika futboluna xas davamiyyət problemi ola bilər ki, bu da indiki məqamda, qısa periodda o qədər də nəzərə çarpmamalıdır.

Yaponiya yığmasının qrupdan çıxmaq üçün şansları digər rəqiblərinə nisbətdə heç də az deyil. Asiya qitəsinin ən güclülərindən olan "qıyıq gözlər" mundialın finalına çox rahat gəliblər. Braziliyada da ilkin mərhələdə bəxtlərinin gətirdiyini söyləmək mümkündür. Çünki qrupdan çıxmaq üçün bundan daha münasib bir dördlük olmazdı yəqin ki.

Daha çox yerli çempionatlarda çıxış eləyən oyunçulardan ibarət "gündoğar" ölkənin heyətində Avropa liqalarında adından söz etdirən tanınmış oyunçular var. Milan "İnter"ində oynayan Nagotomo, "Milan"ın şərəfini qoruyan Honda, "Mançester Yunayted"li Kaqava komandalarının əsas liderləridir.


Müəllif: Zaur Xudiyev