5 İyun 2014 10:32
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yox, söhbət Avroviziyanın üzdəniraq qalibindən getməyəcək. Hərçənd onun da ifası pis deyil, amma məni geriqalmışlıqda suçlamayın, belə bir məxluqu sevmək ... mənlik deyil.

Bu sevgi nağılının sehrinə isə lap çoxdan düşmüşdüm - tələbəlik illərimdə. Nakam sevgi hekayəsi teatr səhnəsində gözlərimi yaşardan ilk tamaşa idi. İndiki kimi yadımdadı - səksənlərin sentyabrı idi. O vaxt "Azərbaycan gəncləri"nin ən məşhur yazarı olan Azər Əhmədov ad günümdə mənə iki bilet bağışladı - Lenin adına sarayda Lenkomun təqdimatında rok-opera təqdim olunasıydı. Sovet dönəmində Bakı və Moskvanın mədəni mühitləri arasında sıx bağlılıq vardı. Biz, təbii ki, Lenkomun tamaşalarından da xəbərdar idik, Mark Zaxarovu da tanıyırdıq, Alfyorova-Abdulov cütlüyü isə sovet kinomanlarının ən sevdiyi cütlük idi. Karaçentsovun kumirləşməyə başladığı dövr idi. Bilmədiyimiz bu yeni janr idi - rok-opera. Hər dəfə olduğu kimi, o ad günümdə də hədiyyələr çox oldu - ətirlər, güllər və unutduğum nələrsə. Azərin hədiyyəsi isə heç vaxt yaddan çıxmadı, elə bu gün də dəyərlidir.

***

"Dünyanın ən dəyərli brilyantlarını mənə versələr, bu, məni xoşbəxt eləməyəcək, "Yunona və Avos" tamaşasını mənə göstərsələr, inanın, xoşbəxt olacam". Bu, mənim fikrim deyil, ola da bilməz. Bu, məşhur Pyer Kardenin etirafıdır. Deyirlər, hələ sovet dönəmində Pyer Karden tamaşanın Moskvadakı premyerasında iştirak edəndə bütün səhnəni çiçək selinə qərq eləyib - ayaq altına sərilən orxideyaların sayı-hesabı yox imiş. Bu truppa nə əvvəl, nə də sonra səhnədə bu qədər qiymətli çiçək görübmüş. Məşhur moda ulduzu tamaşanı həmən Parisə dəvət edir. Paris premyerasında görün nə baş verir. Demə, həmin gün SSRİ-nin qırıcısı Koreya təyyarəsini vurur. Bu hadisəyə görə fransızlar tamaşaya gəlməkdən imtina edirlər. Ünlü kutürye bütün dost-tanışını tamaşaya dəvət edir. Zal dolur. Tamaşa anşlaqla keçir. Yüksək səviyyədə. Elə həmin tamaşanın son məşqində bir hadisə də baş verir. Teatrın yanğından mühafizə heyəti Mark Zaxarova müraciət edir ki, tamaşada məşəl yandırmaq olmaz. Siyasi vəziyyət gərgindir və aktyor məşəli tamaşaçıların üstünə də ata bilər. Zaxarov da Zaxarov idi. Və onun rejissor priyomuna qarışmaq mümkün olan iş deyildi. Axır ki konsensusa gəlirlər. Təhlükəsizlik xidməti həmin səhnədə aktyorun əllərinə qandal vurur ki, bir problem olsa, çəkib zərərsizləşdirə bilsinlər. Paris səhnəsindən sonra "Yunona və Avos" üç ay dalbadal Brodveydə oynanılır. Lenkomun bu rok-operası bütün sovet mədəniyyətinə şöhrət, ad-san, başucalığı, həm də xeyli valyuta gətirir.

***

Bütün bu hadisələrin Konçitaya nə dəxli var - soruşacaqsınız? Bu Konçita dünyanı çaş-baş salan saqqallı xanım deyil. Bu, əsl xanımdı - gözəl, sevgili və sədaqətli. Qoca tarix çox sevgilər görüb, çox hicranlara, çox vüsallara şahidlik edib. 30 il tamaşaçını həyəcanda saxlayan bu sevgi tarixçəsi uydurma deyil, olmuş hadisədi. 1800-cü illərdə rus səyyahı qraf Nikolay Rezanov okeanın o üzünə gedir. Orada qubernator qızı Konçitaya vurulur. Çılğın bir sevgi yaşayırlar. Amma arada məsafələr, 30-35 illik yaş fərqi və xristian aləmi üçün yolverilməz bir xəyal - katoliklə pravoslavın vüsal xəyalı. Qrafı təcili geri - Rusiyaya çağırırlar. Və qraf o gedən gedir, izdivaca icazə ala bilmir, az sonra dünyasını da dəyişir. 15 yaşlı gözəl Konçita isə düz 35 il yol gözləyir, 35 il ayrılıq əzabında qovrulur, qrafın vəfatından xəbər tutanda isə monastıra gedir. Budur "Yunona və Avos"un ana xətti, nakam sevgi və möhtəşəm musiqi...

***

Bu dəfə Bakının əsas səhnəsinə çıxan məşhur Lenkom deyildi. Aleksey Rıbnikovun teatrı idi gələn. Konçitanı Natalya Krestyankina, qraf Rezanovu Nikolay Drozdovski ifa edirdilər. Və mən bu çağacan səhnədə, elə ekranda da heç bir cinsəl əlaqə olmadan hissin, həyəcanın, ehtirasın bu qədər çılpaqlığı ilə, bu qədər tam və belə şövqlə təqdim edildiyini görməmişdim. Yeganə bir rəqs qadın-kişi münasibətindəki hər şeyi əks etdirdi - tanışlıq məqamından ta ekstaz həddinə qədər. Və son dərəcə gözəl.

***

Karaçentsov, Alfyorova, Abdulov üçlüyündən sonra yeni təqdimata əslində sırf müqayisə üçün getmişdim. Amma aşiq oldum. Enerjiləri tutdu məni. Bir də gəlsələr, mütləq siz də gedin. Konçitanı 100 faiz sevəcəksiniz.


Müəllif: Afaq Vasifqızı