5 İyun 2014 10:43
2 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səksən dörd yaşlı təmkinli fəlsəfə professoru qəflətən mobil telefonunu qurdalayır, tar səsi eşidilir. Kimsə segah çalır. Segahın melodiyası altında tez-tez sükutla əvəzlənən qırıq söhbətlər eləyirik. Biz eyni kənddə doğulmuşuq, 38 yaş fərqiylə. Oxumaqla, kitabla, təhsillə az-çox maraqlanan elə uşaq tapılmazdı onun adını eşitməsin, özünü görmək istəməsin.

Cəmi bir dəfə, 1995-ci ildə sürətli bir söhbəti çıxsaq, onunla sanki ilk dəfə üz-üzə əyləşirik.

Bura İnşaat və Memarlıq Universitetinin tarix və ictimai fənlər kafedrasıdı. "T" hərfinə bənzər ənənəvi stolun başında kafedra müdiri Nurqələm Mikayılov keçmişdən danışır, doğma kəndi xatırlayır, ancaq bir az nasaz olduğuna görə səsi asta çıxır və segahın yanıqlı naləsi altında mən zərif bir duyğuyla düşünürəm: O, indi, bu dəqiqə niyə muğama qulaq asmaq istəyir?

"Muğamdan başın çıxır?", məndən soruşur. "Hə, qulaq asıram", təbəssümlə cavab verirəm.

"Bir dəfə - deyir - Normandiyada səfərdə olanda qəflətən baxdım ki, bu dağlar bizim kəndin dağlarına oxşayır. Allah təbiəti bir-birinə oxşar yaradıb. Hara getsən, qarşına çıxacaq!"

Yüksək çinli tanınmış bir dövlət məmurunun adını çəkir: "Anam vəfat eləyəndə gəlmişdi. Kəndin yalına sarı, səmaya baxdı, heyrət elədi. İndi də rastlaşanda soruşur ki, o kəndin səması, havası durur? Deyirəm, hə, yerindədi..."

Atası uzun illər kənd soveti sədri olmuş Nurqələm müəllim birdən ilkin yeniyetmə çağına qayıdır: "Bizdə kimlər olmayıb... 1946-cı ildə, kənddə klub tikiləndə bir neçə ziyalı gəlmişdi. Səməd Vurğunla Süleyman Rüstəmi dəqiq xatırlayıram. Evimizdə onlara çay verdim, Səməd Vurğun soruşdu ki, bulaq suyudu, dedim, hə. Köməkçisinə tapşırdı, get o bulaqdan su gətir".

Arada həkimindən zəng gəlir, onunla söhbəti bitirib davam edir: "Temperaturum düşmürdü. Cürbəcür su aldılar, faydası dəymədi. Axırda dedim, gedin kəndin bulaq suyundan gətirin".

Bulaqların adlarını sadalayır: İsitmə, Baloğlan bulağı, Ağ bulaq, Qara bulaq, Kalaxanı. 20-dən artıq bulaq var. Sudan söz düşəndə adam tez kövrəlir.

Telefonu mənə uzadır: "Gör tar çalanı tanıyacaqsan?" Telefonun displeyində yaşlı bir kişi tarı sinəsinə basıb. Yox, tanımıram. Heç kəs ağlıma gəlmir. "Mənəm də..." - deyir.

Tar çalmağı Bakıya oxumağa gələndə rəhmətlik tarzən Hacı Məmmədovdan öyrənibmiş: "Tarı keçmiş Basin küçəsindən aldım". Xatirələr dəqiqliyi sevir.

Ancaq atasının dəfələrlə qonağı olmuş tarzən Hacı Məmmədovun yanına getməyə tələsmir: "Əvvəl istədim bir balaca dınqıldatmağı öyrənim. Getdim rəhmətlik Həbib Bayramovun yanına. Bir az öyrənib sonra Hacı Məmmədovgilə yollandım. O da yaxşı Orta Mahur çalardı. Soruşdu, nə çalmaq istəyirsən, dedim Orta Mahur. Gülüb xanımına baxdı. Yəni bu nə danışır..."

Uzun illər tardan uzaq düşüb. Elm, müdafiə işləri, ali məktəbdə pedaqoji fəaliyyət. Bu yaxınlarda, nəhayət, 5 muğamı videoya aldırıb: "Gör neçə illərdi tara barmaqlarım dəymirdi, amma götürdüm, ifa elədim, pis çıxmadı".

Müxtəlif fəxri adlar, titullar, mükafatlar almış, təriflər görmüş, dünyalar yola salmış, hikmət elmi sayılan fəlsəfəni seçmiş -Aristotelin, Sokratın aləmi xoşuna gəlibmiş gənclik dövründə - Nurqələm Mikayılov bir az nasaz olduğundan kiçik addımlarla irəliləyir, məni pilləkənin platformasına yola salmazdan öncə, qoşaqapılı kabinetində deyir: "1975-ci ildən bu kafedradayam. 40 ilə yaxındı. Həmişə təmiz işləmişəm. Asan deyil..."

Təmiz adamlar həmişə məndə müqəddəs duyğular yaradır və mən bu pak duyğulara dərhal təslim oluram...


Müəllif: Qurban Yaquboğlu