16 Dekabr 2015 15:43
3 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum babam olduqca inamlı və imanlı adamdı. Özünü “Əli şiəsi” kimi dəyərləndirərdi. Namaz qılmaz, oruc tutmaz, yaxşı tut arağı çəkər, yeri düşəndə özü də içərdi. Yalandan, mərdimazarlıqdan, pislikdən, tamahdan uzaqdı. Dürüst, xeyirxah, səxavətli kişi idi. Hər dəfə dindən-imandan söz düşəndə babamı xatırlayıram. Ömrünün əsas hissəsi sovet dövrünə düşən, Allaha inancını qoruyan, “Əli şiəsi” oduğunu unutmayan, həyat tərzi ilə əməli-saleh olan, amma dini kimliyini cəmiyyət üçün qabartmayan adamı.

Hər dəfə bu barədə düşünəndə gəldiyim qənaət budur ki, ənənəvi islam, Azərbaycana doğma islam, min illər ərzində həyat tərzimizə hopmuş islam heç də qorxulu, təhlükəli deyil, əksinə multikultural dünyamız, mənəvi zənginliyimizdir.

Niyə də təhlükəli olsun axı? Adam Allaha inanır, Hz. Məhəmmədi elçi sayır, İmam Əlini müqəddəs şəxsiyyət kimi qarşılayır, onun övladlarını qutsalaşdırır. Bundan kimə nə? Kimin kimə təlqin etməyə haqqı var ki, sən mütləq Darvinin təlimini qəbul elə, Stefan Hovkinqin nəzəriyyəsini bölüş, yaxud əksinə, öz həyat tərzini qatı doqmalara uyğun qur?!.

Əlbəttə, məsələ bu müstəvidə, bu çərçivədə və uyumda olanda hər şey yolunda görünür. Amma elə ki, din siyasətə qarışır, bundan daha öncə isə təşkilatlanmağa başlayır, təməlçiliyə söykənir, fanatiklər formalaşdırır, bax, o zaman məcra dəyişir. Azərbaycanda islamın məcrasını dəyişdirmək istəyənlərin əsas metodu Quranla bağlı manipulyasiyalardır. Bu manipulyasiyalar Quranın birbaşa oxunmasına, qavranmasına və fərdin vasitəçisiz etiqad sahibi olmasına əngəl olmaq, onu mərkəzi xaricdə yerləşən çeşidli cərəyanlara bağlamaq niyyətinə xidmət edir.

Biz cəmiyyət olaraq Quranı qutsal saymış, evimizdə ən yaxşı yerə qoymuş, and yeri etmişik. Azərbaycan Prezidenti inauqurasiya zamanı əlini məhz bu kitaba basır. Zira min illər ərzində Quranı oxuya, öyrənə, dartışa bilməmişik. Etiqadımız şifahi biliklərə söykəndiyindən müstəqillikdən sonra Quranın müxtəlif təfsirləri və bu təfsirlər sayəsində formalaşan cərəyanlar cəmiyyətimizdə özünə yer eləməyə çətinlik çəkməyib. “Bizim islam” isə teoloji konsepsiyaya çevrilmədiyindən Xomeyniçilər, fətullahçılar, vəhhabilər, daha neçə-neçə missionerlər “əsl islam” adı altında məmləkətimizə qeyri-ənənəvi ideologiyalar gətirib, sosial düzənimizi pozmağa çalışıblar. Amma onların hamısının bir oxşar xüsusiyyəti olub, var. Hər biri Quranın möcüzələrindən, elmi kəşfləri qabaqlamasından, səhvsiz, təhrifsiz, ziddiyyətsiz bir səmavi kitab olaraq Allah tərəfindən daima qorunduğundan söz açmaqla, islamın necə yarandığını bilməyən, dinin tarixi və çağdaş sosiologiyasından xəbərsiz tipləri heyrətləndirməklə tərəfdar toplayırlar. Bəs, Quranın maddi dünyamızdakı gerçək kitablaşma tarixi bizə nələr deyir?

Məlumunuz, həyatının ilk mərhələsində Məkkədə sıradan bir insan kimi yaşayan Məhəmməd ibn Abdullah (s) 610-cu ildə Cəbrayıl adlı mələklə görüşdüyünü, Tanrıdan vəhy aldığını və öz qövmünə peyğəmbər olaraq göndərildiyini duyurdu. Onun bu iddiası dərhal hamılıqla təsdiqlənmədi, peyğəmbərliyi kütləvi şəkildə etiraf olunmadı, əksinə xeyli təpki doğurdu və dartışmalar qanlı savaşlara döndü. Zira, zaman-zaman özünə tərəfdar toplayan və peyğəmbər olduğuna şəhadət edənlərin sayını artıran Hz. Məhəmməd aldığı vəhyləri yazdırmağa və qorumağa xüsusi diqqət göstərdi.

Bəli, bu gün aramızda uşaqlıqda eşitdiyi “Quran göydən enib” cümləsini hərfi mənada qavrayan, islamın qutsal kitabını hazır bir şəkildə Hz. Məhəmmədə təqdim edildiyini düşünənlər də yox deyil. Amma islamdan az-çox məlumatı olanlar bilir ki, Quran vəhylər toplusudur, ayələr birdən-birə deyil, 23 il ərzində nazil olub, cəmlənib. Heç şübhəsiz, Hz. Məhəmmədin peyğəmbərlik dönəmini əhatə edən 610-633-cü illərdə Məkkədə kağız yox idi. Ayələr əsasən daşlara, sümüklərə, yarpaq və parçalar üzərinə yazılırdı. Eyni zamanda, həmin ayələr yaddaşı güclü olan şəxslər tərəfindən əzbərlənərək qorunurdu. İlk vaxtlar belə hafizlər arasında Hz. Məhəmməd dörd nəfəri xüsusi dəyərləndirirdi. Ancaq islam peyğmbərinin vəfat etdiyi ərəfədə daha üç nəfərin adının ən yaxşı hafizlər arasında çəkilməsi Quranı şifahi şəkildə mükəmməl mənimsəyən şəxslərin sayını yeddi edir. Onlardan biri də Zeyd İbn Sabit idi.

İslam peyğəmbərinin vəfatından sonra ayələrin toplanması və kitab şəklində sistemləşdirilməsi zərurətini ilk fərq edən Hz. Ömər oldu. O, xəlifə Əbubəkrin yanına gələrək “Kurra” deyilən hafizlərin müxtəlif savaşlarda sıradan çıxdığını xatırlatdı və Hz. Məhəmmədə gələn ayələrin toparlanmasını məsləhət gördü. Xəlifə Əbubəkrin bu təklifə ilk reaksiyası müsbət olmadı. “Peyğəmbərin özünün görmədiyi bir işi mən necə gerçəkləşdirim” deyə o, tərəddüd etdi. Amma Ömər də tövsiyyəsindən geri çəkilmədi. Nəhayət, Əbubəkr Zeyd İbn Sabitə bütün ayələri cəmləməyi buyurdu. Qaynaqlarda deyilir ki, Zeyd İbn Sabit daş parçalarına, xurma yarmaqlarına, sümük üzərinə yazılmış, yaddaşlarda qalmış ayələri bir il ərzində yığdı. Əsasən bir ayənin keçərli sayılması üçün iki şahid olması şərti ilə (az sayda istisnalar da var) hərəkət edərək hazırladığı kitabı xəlifəyə təqdim etdi. Kitab hazır olar-olmaz etirazlar da səsləndi, bəzi ayələrin ora daxil edilmədiyi söyləndi. Doğrusu, bunun obyektiv səbəbləri də vardı. Məsələn, Hz. Aişədən belə bir əhvalat nəql edilir: “Rəcm və süd qardaşlığı ilə bağlı ayələr yarpağa yazılmışdı, mənim otağımda idi. Peyğəmbər vəfat etdi, başımız qarışdı, yoxa çıxdı”. Ortada başqa iddialar da vardı. Xüsusən “Əhzap” surəsinin Hz. Məhəmmədin sağlığında daha uzun olduğu, hətta ayələrinin sayının “Bəqərə” ilə müqayisə edildiyi söylənirdi. Halbuki Zeyd İbn Sabitin tərtib etdiyi kitabda həmin surə 73 ayədən ibarət idi.

Quranın maddi baxımdan kitablaşdırılmasına yeganə cəhd Zeyd İbn Sabitə məxsus deyildi. Peyğəmbərin əmisi oğlu, ilk gündən onun yanında və yolunda olan Hz. Əli də ayələrin cəmlənməsinə zaman ayırmış, vəhyləri nazil olma ardıcıllığı ilə toplamışdı. Ondan başqa islam peyğəmbərin zövcəsi və ilk xəlifə Əbübəkrin qızı Aişə də məxsusi tərtibatda Quran hazırlatdırmışdı. Abdullah İbn Məsuda məxsus mushafda isə “Fatihə” kimi basilica surələrdən biri, həmçinin “Nas” surəsi yox idi.

Nəticədə, islamın müqəddəs kitabı ilə bağlı ziddiyyətlər meydana çıxdı və üçüncü xəlifə Osman bu təzadlara son qoymaq zərurəti hiss etdi. O, xəlifə olaraq, belə demək mümkündürsə, komissiya qurdu. Ayələrin toplanması və tərtibatı vəzifəsi yenidən Zeyd ibn Sabitə həvalə edildi. Xəlifə bu iş üçün Ömərin qızı, islam peyğəmbərinin arvadı olmuş Hafsadan qaytarmaq şərti ilə Əbubəkr dönəmində hazırlanmış kitabın ilk nüsxəsini də aldı. Bundan savayı, xəlifə Osman Zeyd ibn Sabitə onu da tapşırmışdı ki, əgər yeni tərtibatda kəlimələrlə bağlı hər hansı problem yaranarsa, onda Qüreyş konfederasiyasına mənsub olanların danışdığı ləhcə əsas götürülsün.

Beləliklə, Osmanın vaxtında 4, bəzi iddialara görə 7 nüsxə Quran hazırlanır. Xəlifə bu nüsxələrdən savayı bütün variantların yandırılmasını əmr edir. Əlbəttə, həmin əmr müsəlmanlar arasında böyük etiraz doğurur, xəlifə “Mushafların yandırıcısı” kimi qarşılanır, hətta uğradığı sui-qəsdin səbəblərindən biri də elə bu olur. Ancaq onun əmri heç də bütün mushafların yandırılması anlamına gəlmirdi. Hz. Əliyə və Aişəyə məxsus nüsxələr qalırdı, eləcə də Əbubəkr dönəmində tərtib olunmuş Quranın orjinal nüsxəsi Hafsaya qaytarılmışdı. Qiraətdə olan problemləri çözmək üçün bəzi addımlar da Müaviyə dövründə atıldı. 718-ci ildə isə Xəlil ibn Əhməd ərəbcənin yazılışına “nöqtə” və “hərəkə”lər daxil etdi. Heç şübhəsiz, bu, Qurandakı kəlimələrin yazılış və oxunuşu baxımından birmənalı və arzulanan nəticə vermədi.

Bəs, Quranın ilk nüsxələrinin aqibəti necə oldu? Bu gün Osmanın tərtib etdirdiyi nüxsələrin (maksimum 7 ədəd) heç birinin orijinalı əlimizdə deyil. Zaman-zaman bu nüsxələrin İstanbulda, Daşkənddə, Qahirədə tapılması barədə şayiələr yayılsa da, sonda həmin xəbərlərin gerçək olmadığı üzə çıxır. Hz. Əli və Aişəyə məxsus nüsxələr də ortada yoxdur. Əbübəkr dönəmində hazırlanmış və ömrünün sonuna qədər Hafsa tərəfindən qorunan nüsxə Mədinə valisi Mərvan ibn Əl-Hakim tərəfindən yandırılıb. Mərvan bu qərarını belə açıqlayırdı: “Yandırdım. Çünki orada yazılanlar onsuz da rəsmi mushafda var. AMMA QORXDUM Kİ ARADAN MÜƏYYƏN VAXT KEÇƏR, ŞÜBHƏ İLƏ DÜŞÜNƏNLƏR RƏSMİ MUSHAFLA İXTİLAFA DÜŞƏRLƏR”.

Belədə, araşdırmaçılar üçün sual meydana çıxır: əgər iki nüsxə arasında heç bir fərq yox idisə, o zaman şübhə və ixtilaf nədən yaranacaqdı? İslamşünaslar hesab edir ki, Quranın sözü gedən iki nüsxəsi arasında fərqlər varmış və bu fərqlər bəzi prinsipial məsələləri də əhatə edirmiş. Necə ki, Osman dönəmində hazırlanmış nüsxələrlə bağlı müsəlman toplumunun öndə gələn isimlərindən olan İbn Ömər demişdi: “Heç biriniz “Quranı bütöv şəkildə əlimə aldım” deməyin. Bilməlisiniz ki, Quranın çoxu yox olub. Nə qədər qalıbsa, o qədərini əlimə götürmüşəm deyin”.

Mən zaman-zaman siyasi və spekulyasiyalara meylli dindarlarla çox diskussiyaya girmişəm. Odur ki, bütün bu deyilənlərə veriləcək reaksiyanı da asanlıqla təxmin edirəm. Mütləq “Hicr” surəsindən “Şübhəsiz ki, o zikri biz endirdik, biz. Onun qoruyucusu bizik” ayəsini sitat gətirəcək və ardınca İncilin, Tövratın təhrif olunduğunu söyləyəcəklər. Amma məsələ budur ki, bənzər müddəalar elə İncildə də var, Tövratda da. Məsələn, Mattanın İncilində deyilir: “Sizə doğrusunu söyləyək: Yer və göy ortadan qalxmadan, hər şey gerçəkləşmədən Müqəddəs Yasadan kiçik bir hərf, yaxud nöqtə belə yox olmayacaq” (5-18).

Beləliklə, oxuduğumuz Quranın maddi dünyamızda kitablaşma tarixini ümumiləşdirsək, aşağıdakı qənaətlərə varmalıyıq:

1) Yandırıldığı və ya hələ tapılmadığı üçün Quranın ilk nüsxələrini müqayisə etmək imkanımız yoxdur.

2) Əlimizdə olan Quranın islam peyğəmbərinin vəhy alaraq söylədiyi ayələrin tamamını əhatə etdiyinə, dəyişdirilmədiyinə, ona əlavələr olunmadığına dair həm akademik dairələrdə, həm də bəzi islam cərəyanlarında şübhələr var.

3) Oxuduğumuz Quran Hz. Məhəmməddən sonra sistemləşdirildiyindən surə və ayələrin əbcəd hesabı və digər riyazi üsullarla təfsir edilməsi elmi və metodoloji baxımdan yanlışdır.

4) “Və O (Quran) aləmlərə öyüddən başqa bir şey deyil” deyən (“Kəlam” surəsi, 52) bir kitabı hüquq və siyasətə qaynaq etmək islam cəmiyyətlərində dinin mənəvi müstəvidən kənara çıxarılmasına xidmət edir.

5) Özünü “Mübin” (açıq və aydın bəyan edilmiş) olaraq təqdim edən kitabın kəlamlarında konspiroloji məqamlar axtarmaq, onun elmi kəşfləri qabaqladığını iddia etmək islam coğrafiyasında tərəqqiyə mane olmaq cəhdindən başqa bir şey deyil.

Hər kəs bu gerçəkliklə barışmalıdır: istər teoloji, istər tarixi, istər sosioloji baxımdan, həmçinin digər elmlərin predmeti olmasından dolayı istənilən din müzakirə olunandır. Dinin elmi dünyagörüşlə qarşılaşmadığı, müzakirə edilmədiyi cəmiyyətlərə baxın, fanatiklərin, kamikadzelərin, terrorçuların sayı-hesabı yoxdur. Dindarların sayının sekulyarları üstələdiyi toplumlara diqqət edin, bir elmi kəşfə imza atan, çağdaş dünyamızdakı əsas texnika və alətlərin ixtirasında rol oynayan kimsə yetişməyib.

Ancaq biz azərbaycanlıların tolerant və multikultural bir cəmiyyət formalaşdırmağımız üçün fərqli tarixi ənənələrimiz, Mirzə Fətəli Axundov kimi önəmli mütəfəkkirlərimiz var. Yeri gəlmişkən, Azərbaycanda ən böyük kitabxana da elə Axundovun adını daşıyır. Mən cəmiyyətimizin kitabxanalara ikinci xəlifə Ömərin İskəndəriyyə kitabxanısını yandırmamışdan öncə söylədiyinə (“İçindəkilər doğrudursa, zatən Quranda var, yanlışdırsa, yandırın”) bənzər zehniyyətə meyillənməsindən narahatam. Zaqatalada baltalanan əllər, Nardaranda baş verən olaylar göstərdi radikalizmin sekulyar sistemimizi təhdid etməsi heç də epizodik deyil. İki əsas məsələ üzərində ciddi-ciddi düşünməliyik:

a) Elm şübhəyə əsaslanır, din inama. Elm təcrübə, müqayisə və əksini isbat kimi metodlar tətbiq edir. Dinin əsası isə imandır və təcrübə, müqayisə və əksini isbat kimi metodlar imana ziddir. Odur ki, müasir dünyada dini ehkamlar elmi müddəalarla, elmi müddəalar isə dini ehkamlarla əsaslandırılmır.

b) İstər dünyəvi, istərsə də dindar olsun, hər bir vətəndaş anlamalıdır ki, şəxsi etiqada sayğı duyulması borcdur, konkret halda heç bir fərd kainatın necə yaranması, ölümdən sonra həyatın var olub-olmaması ilə düşüncələrinə, ömrünü sürdürmək üçün nə yeyib-içib, nə yeməməli və içməməli qəbilindən olan seçimlərinə görə mühakimə oluna, ötəkiləşdirilə bilməz. Heç kimin “əqidə müfəttişi” statusunda çıxış etməyə ixtiyarı yoxdur. Dindarlar qəbul etməlidirlər ki, dünyəvi düşüncə və yaşam tərzini seçənlərə “öz həyat tərzini doqmalara uyğun qur” deməməli, bu haqqı özündə hiss etməməlidirlər. Azərbaycan sekulyar bir dövlətidir və bu dövlətdə insanların azadlıqları, hüquq və vəzifələri bəşəriyyətin tərəqqisinin nəticəsi kimi ortaya çıxmış Ümumdünya İnsan hüquqları Bəyannaməsinə istinad edən Ana Yasa ilə müəyyən edilib.


Müəllif: Taleh Şahsuvarlı