7 İyun 2014 18:11
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Çempionatında E qrupunda yarışacaq komandaları səviyyə fərqinə görə iki qütbə bölmək olar. Fransa, İsveçrə, Ekvador və Hondurasdan ibarət olan qrupun aşkar favoriti, təbii ki, fransızlardır.

Növbəti mərhələyə çıxmaq üçün əsas verən ikinci vəsiqənin ən real namizədi isə İsveçrə millisidir.
Qrupun digər iki üzvü Ekvador və Honduras isə daha çox bir-biriləri ilə qrup sonuncusu olmamaq uğrunda mübarizə aparacaqlar.

Heyətində dünyanın sayılıb-seçilən oyunçuları yer almış Fransa millisi 1998 və 2000-ci illərdəki əzəmətində olmasa da, hər halda kifayət qədər güclü komandadır. Didye Deşamın yetirmələri qatıldıqları bütün turnirlərin potensial favoriti qismində olurlar.

Gənc və istedadlı oyunçularla yanaşı, təcrübəli ulduzlarla da heyətində rəngarənglik yaratmış "xoruzlar"ın qrupdan çıxacağına çox az adam şübhə ilə yanaşır. Baş məşqçiləri Didye Deşam tərəfindən mundiala aparılacaq heyətə daxil edilməyən Samri Nəsri mətbuatda və futbol ictimaiyyətində geniş müzakirə olunsa da, komandanın Nəsrini layiqi ilə əvəzləyə biləcək oyunçuları var.

Bu mövsüm "Yuventus"la birlikdə İtaliya çempionatında əla mövsüm keçirən Paul Poqba bu dünya çempionatının əsas tapıntısı olmağa namizəddir. Hazırda bir çox aparıcı Avropa klublarının diqqət mərkəzində olan yarımmüdafiəçi Dünya Çempionatının parlaq gələcək vəd edən gənc oyunçuları arasında ilk pillələrdə qərarlaşıb.

Bundan əlavə, Didye Deşam qrupdan çıxaıqdan sonrakı mərhələləri də nəzərə alaraq zədəli olan Riberini komanda ilə birlikdə Braziliyaya aparıb. Fransızların heyətində özünü yaxşı tərəfdən göstərməsi gözlənilən digər gənc bir oyunçu da İspaniyada "Real Sosyedad"ın formasını geyinən Antonie Qrizmandır. Karim Benzema, Matyuidi, Sissoko, Valbuena kimi oyunçular isə artıq özlərini təsdiq eləmiş və azarkeşlərin böyük ümidlər bəslədiyi futolçulardır.

Qrupdan çıxmaq üçün ikinci şanslı namizəd isə İsveçrə milli komandasıdır. Avropanın müxtəlif səviyyəli çempionatlarında çıxış eləyən oyunçulardan təşkil olunmuş komandanın şansları Honduras və Ekvadora nisbətən daha çoxdur. Doğrudur, böyük turnirlərdə yaddaqalan nailiyyətləri olmasa da, hər halda "saatlar ölkəsi"nin təmsilçiləri Avropanın güclülərindən hesab olunurlar.

Filip Senderos, Stefan Lixtştayner kimi güclü müdafiəçilərə malik komandanın yarımmüdafiə xətti də yaxşı təsir bağışlayır. Uzun müddət Almaniyanın müxtəlif klublarında forma geyinmiş, hazırda "Aytraxt"ın şərəfini qoruyan Barnetta, "Bavariya"nın heyətində çıxış eləyən Xerdan Şakiri, "Napoli"nin oyunçuları Volan Behrami, Blerim Cemali və türk əsilli Gökhan İnlər komandanın əsas simalarıdır.
Kağız üzərində səviyyə fərqinə görə qrupun üçüncü güclü komandası Ekvador millisidr. Latın Amerikasını təmsil eləyən "sarılar" vaxtaşırı mundiallarda iştirak eləsələr də nəticə baxımından hələlik bir nailiyyətləri yoxdur.

Qrupdan çıxmaq üçün iki Avropa təmsilçisindən birini mütləq yenməli və geridə, qoymalı olan komandanın belə bir şansı, demək olar k, möcüzəyə bərabərdir. Əsasən yerli çempionatda və ortabab Avropa klublarında çıxış eləyən oyunçulardan təşkil olunmuş komandanın ən tanınmış və məşhur oyunçusu "Mançester Yunayted"li Antonio Valensiyadır.

Honduras millisi isə bu mundiala "Əsas olan iştirakdır!" devizi ilə qatılan komandalardan biridir. Onsuz da zəif olan komanda güclü qrupa düşməklə bütün şanslarını sıfıra endirib.


Müəllif: Zaur Xudiyev