12 İyun 2014 10:47

Bir gün. Sadəcə bir gün ayırır futbolsevərləri dünyanın ən böyük futbol şölənindən. Dörd ildən bir ürəyi futbolla döyünən hər kəsin bütün diqqəti bir ünvana, bir istiqamətə zillənir. Bir ay müddətində bütün söhbətlərin, müzakirələrin, mübahisələrin əsas mövzusu futbol olur.

Və bu böyük futbol bayramına sadəcə saatlarla ölçüləcək qədər zaman qalmış bir vaxtda çempionat iştirakçısı olan ölkələrin qruplar üzrə dəyərləndirilməsi barədə yazılarımızın sonuna çatırıq. Bu dəfəki yazımızda sonuncu - F qrupu haqqında proqnozlarımızı və məlumatlarımızı nəzər-diqqətinizə çatdırmaq istəyirik.

Rusiya, Əlcəzair, Belçika və Çənubi Koreya Respublikasından təşkil olunmuş qrup iki ən asan qrupdan biri hesab olunur. Yalnız bir komandanı - Belçikanı istisna eləsək, digər üç komandanın şanslarını bərabərsəviyyəli hesab eləmək olar.

Belçika isə bu qrupun favoritidir. Mundialların təcrübəli iştirakçılarından olan belçikalılar qatılma sayına görə öyünsələr də ciddi bir nailiyyətləri yoxdur. Ən yaxşı nailiyyətləri isə 1986-cı ildə Meksikada qazanılmış dünya dördüncülüyüdür.

Əla gənc heyətə malik olan "qırmızılar"dan bu mundialda yaxşı mənada partlayış gözlənilir. Komandanın hətta bir neçə oyunçusu yaşı 25-dən aşağı olsa da artıq dünya səviyyəli ulduz kimi tanınırlar.

Seçmə mərhələdə göstərilən nəticələrdən belə anlamaq olar ki, müdafiə xətti olduqca etibarlıdır. Ümumiyyətlə, bütün xətlər üzrə bir-birini layiqincə əvəzləyə biləcək oyunçulara malik Belçika yığmasının bəlkə də yeganə mənfi cəhəti təcrübə çatışmazlığı olacaq.

Rusiya yığması da bu qrupdan çıxmağa şanslı namizədlərdəndir. Seçmə mərhələdə Portuqaliya kimi bir rəqibi arxada qoyaraq qrup lideri olmağı bacaran şimal qonşularımız Braziliyaya da ən az qrup mərhələsini adlamaq hədəfi ilə gedib. Heyəti başdan ayağa yerli çempionatda iştirak edən oyunçulardan təşkil olunan komandaya italyan mütəxəssis Fabio Kapello rəhbərlik edir. SSRİ-nin varisi hesab olunan Rusiya yığması müstəqil respublika kimi üçüncü dəfə mundialda iştirak edəcək. Bu vaxta kimi final mərhələlərində qrup səddini aşa bilməyən ruslar bu dəfə məhz bu hədəf üçün cəhd edəcəklər.

Aleksandr Səmədov Rusiya yığmasının heyətində mundilada çıxış eləyəcək çox az azərbaycanlı futbolçudan biri kimi yerli azarkeşlərin diqqətini çəkməyi bacaracaq.

Cənubi Koreya milli komandasının mundiallarda göstərdiyi ən böyük nəticə 2002-ci ildə Yaponiya ilə birlikdə ev sahibliyini elədiyi Dünya Çempionatında qazandığı dördüncülükdür. CAR-da keçirilən dörd il əvvəlki mundialda isə "Asiya pələngləri" mübarizəni 1/8 finalda dayandırmışdılar. Heyət baxımından o qədər də güclü təsir bağışlamayan komandanın əsas üstünlüyü Asiya komandalarına xas olan nizam-intizamdır.

Komandanın ən böyük ulduzu isə Almaniya bundesliqasında "Bayern"in şərəfini qoruyan Son Hyun Midir. Qrupdan çıxmaq üçün Rusiya yığması ilə mübarizə aparacaq "qıyıqgözlər"i maraqlı mübarizə gözləyir.

Qrupun kağız üzərində ən zəif komandası Əlcəzair yığmasıdır. Yuxarıda da qeyd elədiyimiz kimi, kollektivlər arasında güclü səviyyə fərqi omasa da hər halda afrikalılar digər rəqiblərindən daha az şansa malikdirlər. Baş məşqçi Vahid Həlilovciç təcrübəli mütəxəssis olsa da, hər halda uğur sarıdan ciddi nə iləsə öyünə bilməz. Şimali afrikalılar bu çempionatda ən yaxşı halda dörd il əvvəl olduğu kimi əzmkar mübarizə ilə yadda qala bilərlər.


Müəllif: Zaur Xudiyev