12 İyun 2014 11:10

“Tam yaxşı adam” üstünə şübhələrdən

Bugünkü azərilərin insana yönəlik qavrayışı xeyli bəsit təsəvvürlərə söykənir. Onun ən “fəlsəfiləşmiş” düşüncəsi budur ki, insanda yaxşı cəhət də var, pis cəhət də, ona görə də tam yaxşı, ya pis adam yoxdur (oxşar diskursu millətlər haqqında da deyirlər).

Bəlkə də, heyran olduğu adamda birdən pis əməli görüb çaşmış, sonra isə şüurunda parlamış “tam yaxşı adam yoxdur” həqiqəti ilə bu çaşqınlıqdan çıxmış ilk azərbaycanlının tapdığı, anladığı bu həqiqətin o vaxt nəsə fəlsəfi doluluğu olub. Ancaq indi bu həqiqət bezikdirici hikmətə çevrilib. Dünya fəlsəfəsi insanın necəliyini anlamaq üçün dürlü yozumlar, açıqlamalar, modellər verir. Biz onları üst-üstə qoyyb sonra da hamısını birlikdə insan probleminin üstünə qoysaq, məsələni duymağımız, düşünməyimiz daha çox sayğı doğurar. Bu məqsədlə də fransız yazıçısı və ünlü ekzistensialist filosofu Sartrdan bəzi nəsnələri bilmək pis olmaz.

Mahiyyət və olmaq - hansı birinci gəlir?

Usta masa düzəldir. Ançaq düzəltməmişdən qabaq gərək onun bilincində (şüurunda) “mamsa nədir?” sorusuna cavab olsun O, masanın nəliyni bilirsə, mahiyyətini bilir. Sonra bu mahiyyət əsasında masanı düzəldir və... masa bu dünyada olanların sırasına düşür, yəni masa deyilən nəsnə olur. Mahiyyətin olumdan, oluşumdan (ekzistensiyadan) qabaq gəlməsi budur.

Sartr söyləyip ki, bütün qabaqkı fəlsəfə dünyanı, bax, beləcə öncə mahiyyət, sonra oluşma biçimində, modelində açıqlayırdı. Götürək Alnah və dünya məsələsini. Burada öncə mahiyyət, sonra olum mərhələsi var, Yəni öncə Allah dünyadakı nəsnələrin, olanların mahiyyətini bimlir, sonra bu mahiyyətlər əsasında şeyləri, hadisələri yapıb dünyanı düzəldir.

Sartr bu yerdə artırır: XVIII yüzilin fransız maarifçiləri bu cür başa düşülən Allah təsəvvürünü yaxşıca tənqid etdilər, ancaq yenə filosofların şüurunda öncə mahiyyət, sonra oluşma modeli qaldı və dünya beləcə açıqlandı.

Bu məsələyə ekzistensial yanaşma

Ekzistensialistlər fəlsəfi düşüncənin hədəfinə, əsasən, insan yaşamını, taleyini götürürlər və bu məsələdə düşünürlər ki, oluşma mahiyyətdən öncə gəlir.

Bu fikrin açıqlaması: adi şüur belə hesab edir ki, ərsəyə çatmış insan mahiyyətcə yetişmiş, tamamlanmış və ya tamamlanmaqda olan kəsdir. Və bu mahiyyat onun necə hərəkət etməsini arxadan itələyir. Başqa cür desək, insanın portreti, artıq, tamamlanıb və həmii insanın etdikləri yalnız və yalnız bu portreti hər dəfə təsdiq edir, çünki bu, portretdən doğur. Əgər pormtretə yaraşmayan hərəkət olursa, deməli, adam özünə yaraşmayan hərəkat edir.

Sartr insan haqqında belə düşüncələri yanlış sayırdı. Deyirdi ki, insamnın irəlicədən bina kimi tikilib hazırlanmış heç bir şəxsiyyəti, mahiyyəti yoxdur. Hər bir adam hər an seçim qarşısındadır, yəni nələrdənsə birini etməyi seçməlidir. Şəxsiyyət üçün olmaq qarşısında duran çoxlu hərəkət, davranış variantlarından birini seçib bununla olmaqdır.

Adi bilinc insanı düşünəndə çox vaxt hər an nəyisə seçmək və etmək zorunluğunu unudur. Halbuki biz hətta siqaret çəkəndə də ya bilərəkdən, ya bilməyərəkdən tüstünü hansı tərəfə pufləməyi də seçirik. Bu hələ adi jestlərdir. Bəs, daha önəmli seçmələr? Vəzyyətlər var ki, biz dörd variantdan birini seçəndə yüzlərlə adamı heyran qoyuruq, o birisini seçənda hamının nifrətini qazanırıq, üçüncüdə bizdən çimçəşirlər, dördüncüdə isə bizə yazıqları gəlir. Görürsünüzmü, dörd variantdan hər birisi seçiləndə bizə özünə uyğyn portret verir, bizi filan obrazda, görkdə göstərir.

Seçim özünü yaratmaq kimi

Sartr bildirirdi ki, insan hər önəmli məqamda nəyi etməsini seçməsi ilə şəxsiyyətini yaradan, quran məxluqdur. Bizim şaxsiyyətimiz irəlicədən qurulmayıb. Biz seçməyimizlə özümüzü yaradırıq. Zolya kimi yazıçılar qorxaq adamları verəndə başlayırdılar bu qorxaqlığı irsiyyətlə, mühitin təsiri ilə izah etməyə. Sartr isə bu yanaşmaya qarşı çıxaraq aydırır: filankəs qorxaqdırsa, buna sorumlu, cavabdeh özüdur, çünki özünə qorxaqlığı seçib. Qorxaqlığı seçmiş adam çox istərdi ki, qorxaqlığını yıxsın anadangəlmə təbiətinin, yaşadığı mühitin üstünə, bununla da məsuliyyətdən qaçsın. Ekzistensializm isə deyir: qorxaqlığın cavabdehliyi tam sənin üzərindədir. Qorxaq ürək, qorxaq böyrək, qorxaq beyin yoxdur ki, buna görə inmsan qorxaq olsun. Heç qorxaq temmperament də yoxdur. Əsəbi, zəif temperamentlər var. Və zəif temmperament hələ qorxaqlıq deyil.

Jan Pol Sartrın insan konsepsiyonundan günümüz üçün ilginc sonuclar çıxır: deməli, ermənilərlə müharibənin əvvəlində ərənliyi seçib özünü bu cür yaratmış kişilər düşünməməlidirlər ki, onların kimliyi, artıq, qurulub qurtarıb, ya da əsasən, qurulub. Onlar bilməlidirlər (və biz də bilməliyik ki) kimlik irəlicədən qurulub, sonra da axıracan qalmır. İnsan hər önəmli vəziyyətdə öz kimliyini yaradandır.

Bu söhbətdən çıxan sonuc

Deməli, biz öz keçmişimizə çox arxayın olub düşünməməliyik ki, artıq, özümüzü yaradıb qurtarmışıq. Bilməliyik ki, hər an özünü yaratmaq, özünüyapmaq tələbi ilə üzbəüz gələ bilərik.

Eləcə də görəndə ki siyasətdə, mədəniyyətdə çox umud etdiyimiz adam ona yaraşdırmadığımız nəsnələri edir şaşırmamalıyıq. Bilməliyik ki, o özünü yaratmaqda uğursuzluğa uğrayıb.


Müəllif: Niyazi Mehdi
Загрузка...