14 İyun 2014 18:04
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxdandı futbolsevərlərin böyük maraqla gözlədiyi dünya çempionatı, nəhayət, başladı. Şübhəsiz ki, çempionatın açılış mərasimi və ilk oyun daha böyük maraq kəsb edirdi. “Braziliya-2014"ün ilk qarşılaşmasında ev sahibləri ilə Xorvatiya millisi üz-üzə gəldi.

Nə gözləyirdik?

Ev sahibi kimi müəyyən üstünlüyə malik olan “pentakmpeonlar”dan coşğulu və istəkli oyun, maraqlı mübarizə və qollu qarşılaşma. Heyəti ulduzlarla dolu “sambaçılar”ın bu gözləntilərə cavab verəcək potensialı, əlbəttə, var idi.

Qonaq komanda Xorvatiyadan mübariz və əzmkar oyun gözlənilirdi. Ancaq açılış qarşılaşmalarının hər zaman bir az ehtiyatlı və sakit məcrada keçdiyi də yaddan çıxmamışdı. Nə gördük?

Ev sahibi olduğu üçün seçmə mərhələdən azad olan Braziliya yığmasını turnirə tam hazır saymaq olmaz. Təxminən iki il kimi uzun müddətdə bir dəfə belə rəsmi oyun keçirməyən Skolarinin yetirmələri bu müddətdə hazırlıq oyunları ilə kifayətlənmişdilər.

Braziliya yığması kompleks hücumlar qurmaqda çətinlik çəkirdi. “Sambaçılar” dünya səviyyəli iki cinah müdafiəçisinə sahib olmalarına baxmayaraq Dani Alveşin cinahından Oliç, Marselonun mövqeyindən isə Perisiç kifayət qədər təhlükəli asmalar edə bilirdilər. Məhz belə asmaların birində Xorvatiya erkən qola sevindi.

Ulduz futbolçu Neymarın fərdi cəhdi ilə çox keçmədən cavab qolunu vurmaları meydan sahiblərinin daha çox işinə yaradı. Orta sahədə Oskarın fəallığı xüsusi qeyd olunmalıdır. Dayaq mövqeyində Luis Qustavonun da işinin öhdəsindən gəldiyini söyləmək olar.

Qonaqlar oyuna gözlənilənlərin əksinə fəal başladılar. Bunu nəticəsində ilk qolu məhz qonaqlar vurdu.
Xorvatiya millisinin dayaq yarımmüdafiəçi mövqeyində boşluqlar hiss olunurdu. Rakitiç və Modriçi eyni vaxtda heyətə daxil eləyən Niko Kovaç bunun nəticəsini məğlubiyyətlə ödədi.

Mario Mandzukiçin yoxluğu da balkanlılar üçün əlavə itki hesab olunmalıdır. İrəli ucda hava toplarının endirilməsində və komandanın hücumda top saxlamasında Mario komandasına çox yardımçı ola bilərdi. Cinaha meylli Oliç və Mandzukiçi əvəzləyən Yelaviç bu vəzifənin öhdəsindən gələ bilmədilər.

Buna baxmayaraq, klassik 4-4-2 sistemi ilə oynayan “şahmatçılar” səliqəli müdafiə olunurdular və imkan düşdükcə təhlükəli cinah reydləri ilə də rəqibin “başını ağrıda” bilirdilər. İkinci hissədə isə artıq hər iki komanda qarşılıqlı hücumlara başlamışdılar.

Xorvatiyanın müqavimətini qırmaqda olduqca çətinlik çəkən “sambaçılar”a hakim kömək elədi. Son dərəcə mübahisəli bir vəziyyətdə penalti təyin eləyən yapon hakim bununla da qonaqların əziyyətini yerə vurdu.

Son dəqiqələrdə gələn Oskarın qolu isə Xorvatiyanın bütün ümidlərini qırmaqla yanaşı, oyunu yüksək səviyyədə keçirən gənc futbolçunun də özünə bir növ hədiyyəsi oldu.

Yapon hakim Misimanın idarəçiliyi haqqında xoş sözlər deyə bilməyəcəyik. Stadionun atmosferinə məğlub olan referi qətiyyətsiz qərarları ilə bir neçə dəfə diqqəti cəlb elədi. Təyin olunan penalti haqqında isə çəkinmədən mübahisə eləmək mümkündür.

Bir haşiyə:

Dörd il bundan öncə CAR-da keçirilən dünya çempionatında Braziliya-Hollandiya oyununda “fit çalan” yapon hakim həmin oyunda Felipe Melonu qırmızı vərəqə ilə oyundan qovmuşdu. Deyəsən, aradan uzun müddət keçməsinə baxmayaraq, baş hakim hələ də o oyunun psixoloji təzyiqi altında idi.


Müəllif: Zaur Xudiyev