14 İyun 2014 20:44
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ dağıldıqdan sonra yaranan yeni müstəqil dövlətlərə təsir imkanlarını saxlamaq üçün Rusiya Müstəqil Dövlətlər Birliyini yaratdı.

8 dekabr 1991-ci ildə Belovejskidə elan edilən ittifaqa Rusiya, Ukrayna və Belarusun o zamankı dövlət başçıları - Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç imza atdı. Sənədə prezidentlərlə yanaşı, Nazirlər Kabinetinin başçıları da qol qoydu.

Bu sənədlə SSRİ-nin timsalında daha bir imperiya rəsmən tarixə qovuşdu.

1992-ci ilin mayında Azərbaycandakı son kommunist canişini, müstəqillik dövründə prezident titulu əldə etmiş Ayaz Mütəllibov hakimiyyətdən uzaqlaşdırıldı, iyunda isə milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy rəsmən iqtidara gəldi.

Xalq hərəkatı dalğasında prezident seçilmiş Əbülfəz Elçibəyin anti-sovet və anti-Rusiya mövqeyi birmənalı idi, üstəlik, onu dövlətin zirvəsinə qaldırmış sosial-psixoloji faktorlar da Kremllə münasibətlərdə manevr imkanlarını daraldırdı.

Bu yazımızın mövzusu olmayan çoxsaylı daxili və xarici təzyiq faktorlarını vaxtında zərərsizləşdirə bilmədiyindən Elçibəy bir il sonra, söz vaxtına çəkər, içində olduğumuz iyun günlərində Bakını tərk etdi. O zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev yüksək liderlik keyfiyyətləri və siyasi təcrübəsi ilə hakimiyyət olimpini fəth etdi.

Heydər Əliyevi hakimiyyətə nə partiyası gətirmişdi, nə xüsusi silahlı dəstələr, nə də siyasi ehtirasları yüksək olan kütlə... O, hər şeyi öz xarizması, qətiyyəti, idarəçilik bacarığı ilə əldə etmişdi, elə buna görə də həm Elçibəyin hakimiyyətdən uzaqlaşmasına səbəb olan bütün yerli və xarici faktorları zərərsizləşdirməyə, həm də Azərbaycanın müstəqilliyini qoruyaraq onu beynəlxalq münasibətlərdə söz sahibinə çevirməyə nail oldu.

1993-cü ilin sentyabrında Azərbaycan artıq MDB-nin üzvü idi. Tam bir il sonra Azərbaycan “Əsrin sözləşməsi”ni imzalayacaq və hər şeydən çox məhz bu addımla ölkəmizin geopolitik və geoekonomik yönü Qərbə çevriləcəkdi.

Bütün bunları xatırlatmaqda məqsədimiz odur ki, iri dövlətlərin təşəbbüsləri, yaratmaq istədikləri, hətta girişin könüllü olduğunu elan etdikləri ittifaqlara daxil olmaq Azərbaycan sayaq yeni yaranan dövlətlər üçün praktiki olaraq dəyənək göstərisinə çevrilir.

Əgər Wikileaks-dən xatırlayırsınızsa, 2006-2009-cu illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Enn Dörsi də “dəyənək və kökə” siyasətindən danışmışdı. Bu açıqlamanın üzə çıxması ölkəmizdə səfirə qarşı o zaman ciddi qınaqlar formalaşdırsa da, nəticə eynidir, böyük dövlətlərin yanaşma tərzi budur.
Azərbaycan sayaq dövlətlərin diplomatiyasının uğurunu isə məhz o şərtləndirir ki, iri dövlətlər dəyənəyini onun düşmən və ya rəqiblərinin kürəyinə endirsin, kökəni isə ona versin.

Bu şərtdən çıxış edəndə, bizim düşmənimiz də, o düşmənimizin əlimizdən aldığı kökə də (bəsitləşdirmək xeyli yanlış olsa da) bəllidir. Ermənistan de-fakto torpaqlarımızın bir parçasına - Qarabağa nəzarət edir, bizim bir dövlət və millət olaraq tarixi borcumuz Xankəndində Azərbaycan bayrağını yenidən dalğalandırmaqdır.

Fikrimcə, bu amaca çatmaq üçün yetərli imkanlarımız var. İqtisadiyyatımız güclüdür, ordumuz istər say, istər texnika, istərsə də hərbi hazırlıq baxımından Ermənistanı düzəngaha çevirə bilər. Ancaq bu da hər kəsə bəllidir ki, Azərbaycanın savaşa başlamasına, yaxud danışıqlar masasında torpaqlarını geri qaytarmasına geopolitik amillər mane olur.

Zənnimcə, mətbuatın qısaca olaraq “Avrasiya İttifaqı” adlandırdığı Rusiya mərkəzli iqtisadi birliyə çağırışlar sözünü etdiyimiz geopolitik dəngələri lehimizə çevirmək üçün əla fürsətlər yaradır.
Bəli, Qərb Azərbaycanı Avrasiya İttifaqında görmək istəmir. Rusiya isə Azərbaycanı Qərb düşərgəsində görməyi arzulamır...

Azərbaycan Avropa Şurasının və ATƏT-in üzvüdür, amma Rusiya və Ermənistan da bu qurumlarda təmsil olunur, səlahiyyət etibarı ilə onun dərdimizə əlac edəcək gücü yoxdur. Avropa İttifaqı və NATO kimi əsas Qərb birliklərindən isə ölkəmizə konkret və ciddi təkliflər edilmir.

Bununla belə, Azərbaycan, iqtisadi, siyasi və mədəni baxımdan üzü Qərbə doğrudur. Bu, bir beyin magistralı, inkişaf strategiyası, tərəqqiyə və rifaha doğru hərəkətin düşüncə qaynağıdır. Rusiya təşəbbüslərinin adını nə qoyur-qoysun, tərəqqi, rifah və mədəniyyət baxımından Qərb qədər cazibədar deyil, üstəlik Qərb oriyentasiyalı düşüncə hərəkatlarının qarşısını almaq imkanları da yoxdur.


Zira, Azərbaycanın demokratiyadan daha öncəki və müşkül problemi Qarabağdır. Azərbaycan Qarabağı ermənilərə vermək istəsə belə, onlar bunu götürmək müstəqilliyinə malik deyillər. İşin qəlizliyi həm də bundadır ki, Qarabağ münaqişəsini təkcə Rusiya yaratmayıb, SSRİ-nin dağılmasını sürətləndirmək naminə diasporalar vasitəsi ilə həm də Qərb körükləyib.

İndi Rusiya bizə də deyir ki, Avrasiya İttifaqına qoşulun. Söhbət o ittifaqdan gedir ki, iqtisadi baxımdan Avropa Birliyinin, siyasi və hərbi perspektivi baxımından ABŞ-ın, NATO-nun alternatividir. Bu həlledici məqamda Azərbaycana ən böyük təhdid qaynağı yenə də Qarabağ konfliktidir.

“Wikileaks” dosyelərindən də məlum olduğu kimi, Prezident İlham Əliyev bağlı qapılar arxasındakı danışıqlarda heç bir hədə və yüksək tonlu danışığa əhəmiyyət vermədən Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyümüzün təmin olunması baxımından prinsipial və qətiyyətli mövqe tutur. Odur ki, Prezident İlham Əliyevin xarakterinə, liderlik keyfiyyətlərinə, təcrübəsinə və diplomatik məharətinə, həmçinin başında dayandığı hakimiyyətin inqilablarla dəyişdirilməsi riskinin sıfır dərəcəsində olmasına güvənərək Azərbaycanın tarixinin ən zorlu dönəmindən ləyaqətlə və Qarabağla birgə çıxacağına əmin olmaq mümkündür.

Lap yaxın zamanlarda isə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Azadlıq” radiosunun efirindən Azərbaycanın iç işlərinə kobud müdaxilə etmək, bununla həm də Azərbaycan xarici siyasətin formalaşmasında yetki sahibi olan rəhbər şəxslərinə diplomatik nəzakəti aşan bir tərzdə mesajlar verdi. Ancaq Prezident Administrasiyasının rəhbəri, öz dərin idarəçilik təcrübəsi və siyasi səriştəsi ilə hətta ABŞ-ın elçisi olsalar belə, Morninqstar kimi yüzlərlə diplomata ustad dərsləri keçə biləcək Ramiz Mehdiyev Azərbaycan Dövlətinin, Hakimiyyətinin və Prezidentinin xarakterini kifayət qədər ətraflı anlatdı.

Heç şübhəsiz, yeni situasiya və çağırışlar Azərbaycanda iki cinahı - Qərbpərəstləri və Rusiyapərəstləri açığa çıxardı və çıxarmaqda da davam edir. MDB-nin yaradılmasında üç əsas imzadan birinin sahibi olan Ukraynada baş verənləri və oradakı olaylara Azərbaycandakı yanaşmaları da bu prosesə həlledici təsir imkanı kimi əlavə etməliyik.

Azərbaycanda nə Qərbin maraqlarından çıxış edən, nə Şərqin təcrübəsinə meyl göstərən; nə şimala baxan, nə cənuba boylanan, məhz Azərbaycanın milli maraqlarının qorunması baxımından son dərəcə məsuliyyətli mövqe sərgiləyənlər də oldu.

Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev nə ölkədəki Qərbpərəstlərin ittihamlarından, nə də Rusiyapərəstlərin hiddətindən çəkinməyərək Avrasiya İttifaqı ilə bağlı yaranan situasiyada Azərbaycanın praqmatik siyasət yürütməsinin labüdlüyünü vurğuladı.

Məncə də, əgər Rusiya Azərbaycanı Avrasiya ittifaqına çağırırsa, o zaman Kremlə deməliyik ki, öncə Ermənistan adına işğal etdiyin Qarabağı özümüzə qaytar, yoxsa nə işimiz, nə faydamız var orada?
Belə deyəndə, Rusiya fakt qarşısında qalacaq, top Rusiyanın cərimə meydançasında olduğundan Qərb də danışıqlar masasında bizi dəstəkləməyə məcbur qalacaq. Ancaq əsas kombinasiyalar da elə bundan sonra başlayacaq.

Rusiya Azərbaycanı Avrasiya ittifaqana qatmaq üçün Qarabağı qaytarmaq istəsə, Qərb Ermənistanı qarışdıracaq, xüsusən də diaspora təşkilatları ələ-ayağa düşəcək.

Azərbaycanda iqtisadi layihələri olduğundan, üstəlik, Qarabağın qaytarılması ümidi fonunda ölkəmizdə yaranacaq ab-hava müqabilində burada şətəli çox işləməyəcək. Bu sıraya Azərbaycan hakimiyyətinin gücünü və Türkiyədən gələcək dəstəyi də əlavə etmək lazım. Bu aralar Türkiyə lideri Ərdoğanın Qərblə arasının iyi olmaması da işimizə yarayır.

Əgər Rusiya Qarabağı qaytarmaq istəməsə, eyni zamanda həm Ermənistanı, həm də Azərbaycanı mövcud status-kvo ilə yeni ittifaqa qatmaq istəsə, bu zaman Qərbi Azərbaycana edilə biləcək təzyiqlərə sipərə çevirmək, xüsusən də Minsk Qrupunun vasitəçi dövlətləri olan ABŞ və Fransadan Qarabağı istəmək üçün əlimiz güclənəcək. Hər halda, Rusiyadan yana seçim etmiş Ermənistanı seçim etməyə təhrik edilən Azərbaycandan qorumaq məntiqsizdir.

Proqnozuma görə, Avrasiya İttifaqı ideyasının yeni mərhələyə daşınması reallaşdıqca, Qərb Ermənistanda hakimiyyəti “hər ehtimala qarşı” dəyişmək xəttini tutacaq. Rusiyanın bu prosesə laqeyd yanaşmayacağını göz önünə gətirəndə Ermənistanın iç savaşa sürüklənmək ehtimalı da böyükdür.

Buradan həm də o çıxır ki, Azərbaycan Avrasiya İttifaqı ilə bağlı yaranan tarixi fürsətdən maksimum istifadə etməlidir.

Axı, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycan məhz içəridəki qanlı-qadalı hakimiyyət dəyişikliyi ərəfələrində və Rusiyanın verdiyi hərbi-siyasi dəstəklə tuta bilmişdi.


Müəllif: Taleh Şahsuvarlı