31 Mart 2016 13:02
2 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 mart Azərbaycan türklərinin soyqırımı günü kimi qeyd edilir.
1918-ci ilin mart-aprel hadisələrinin əsas səbəbləri bunlar idi: azərbaycanlıların siyasi səhnədə fəaliyyətinin qarşısını almaq, əhalini qorxu altında saxlamaq və nəticədə gözlənilən müstəqilliyin baş verməsini önləmək.

Ona görə də Azərbaycanda bolşeviklər hakimiyyətə gələndən sonra mart hadisələrini unutdurmaq və ya təhrif etmək məqsədilə ciddi plan həyata keçirməyə başladılar. Hadisələri ölkədən mühacir düşən keçmiş liderlərin, partiya nümayəndələrinin üzərinə atmağa çalışdılar. Yəni Azərbaycan burjuaziyası hakimiyyəti ələ keçirmək üçün xalqı qırğına verib. Bunun üçün sifarişli elmi kitablar yazılır, faktlar bolşeviklərdən yana yönləndirilirdi.

Məsələn, bu yaxınlarda 1928-ci ildə Azərnəşrdə çap olunmuş, Rathayzerin “Bakıda inqilab və vətəndaş müharibəsi” adlı kitabının birinci hissəsini aldım.

Müəllif yazır: “1919-cu ildə Müsavat firqəsi Azərbaycanda hökumət başında olan zaman mart hadisələrini tədqiq və təhqiq etmək üçün hökumət tərəfindən xüsusi bir istintaq komissiyası təşkil edilmişdi. Bəzi şahidlərin verdiyi məlumat ilə tanış olduq. Amma bunların hamısı o qədər mənasız, məzmunsuzdur ki, hətta müsavatçılar belə bu komissiyanın materialını nəşr etməyi mümkün görməmişdilər”.

1928-ci il elə bir dönəm idi ki, hələ də ölkənin bəzi yerlərində bolşeviklərlə silahlı mübarizə aparılır, Rəsulzadəgilin Türkiyədəki fəaliyyəti Azərbaycanda öz təsirini göstərə bilirdi. Bu baxımdan bolşevik mətbuatında və yazılan kitablarda əsas hədəf Rəsulzadə və keçmiş hökumətin qərarları idi.

Çünki bolşeviklər hələ ki 1937-ci ildəki kimi amansızlaşmamışdı, ölkədə tam nəzarəti ələ almaq üçün zorla yanaşı, bütün təbliğat maşınını işə salmışdı.

Əslində, Rathayzerin kitabında Rəsulzadədən, Xan Xoyskidən, Səfikürdskidən, “Azərbaycan” qəzetinin materiallarından sitatlar gətirməsi bir tərəfdən bu şəxslərin aradan ötən 8 il ərzində hələ də bolşevikləri narahat etdiklərini göstərir. Halbuki, onlardan bəziləri öldürülmüşdü.

Hətta o zamankı “İnqilab və Mədəniyyət” jurnalında da Rəsulzadənin əleyhinə məqalələr yazılırdı.
Rathayzerin tanış olduğu, mənasız hesab etdiyi materiallara gəldikdə isə, 1918-ci il iyun ayının 15-də hökumətin Gəncədə keçirilən iclasında türklərin və onların əmlakı üzərində zorakılıq hallarını təhqiq etmək üçün fövqəladə təhqiqat komissiyasi yaratmaq haqqındakı məsələ geniş müzakirə edilir.

Xarici işlər naziri Məhəmmədhəsən Hacınski baş verən hadisələrin araşdırılmasını təklif edir və bildirir:

"Ümumi dövlət mənafeyi və əhalinin zərərçəkən qruplarının mənafeyi elə bir təşkilatın yaradılmasını tələb edir ki, o, bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatını aparsın; bu zorakılıqların həyata keçirildiyi şəraiti müəyyənləşdirsin; cinayətkarları aşkar etsin və onların vurduqları zərərin ümumi həcmini müəyyənləşdirsin”.

Bu təklif qəbul edilir və hökumət belə qərar verir:

“Xarici işlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa müharibəsi başladığı vaxtdan bütün Zaqafqaziya ərazisində müsəlmanlar və onların əmlakı üzərində işlədilmiş zorakılıq hallarını təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratsın”.

Beləliklə, komissiya yaradılır və sədri Ələkbər bəy Xasməhəmmədov olur.
Komissiya işə başlayır və qısa müddət ərzinə uğurlu nəticə əldə edilir.

1919-cu il avqustun 27-də fövqəladə təhqiqat komissiyasının üzvü Ç.Klassovski tərəfindən komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib edilmiş arayışda göstərilirdi ki, komissiya tərəfindən toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarətdir. Bu təhqiqata uyğun olaraq həbslər başlayır, istintaq təşkil edilir.

36 cildlik həmin sənədlərdə kifayət qədər material, fotoşəkillər, şahid ifadələri var. Şübhəsiz ki, Rathayzer bunların hamısı ilə tanış olub, lakin üstündən sükutla keçərək “məzmunsuz”, “mənasız” adlandırıb. Üstəlik, 31 mart hadisələri adi bir qırğın olsaydı, Rathayzer kitabında on səhifədən çox buna yer ayırmazdı.

İstintaqın yekununa gəldikdə isə, 1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyinin Paris sülh konfransı iştirakçısı olan ölkələr tərəfindən de-fakto tanınması ilə əlaqədar olaraq həmin il fevral ayının 9-da Azərbaycan Parlamenti amnistiya haqqında qanun qəbul edir. Həmin qanunla milli ədavət zəminidə qaldırılmış cinayət işlərinə xitam verdiyi elan olunur.

Komissiyanın fəaliyyəti bununla da gündəmdən düşür.

Çünki müstəqilliyin tanınması keçmiş hadisələri unutmaq üçün önəmli səbəb idi.

Bolşeviklərin fəaliyyəti isə indi də davam edir.

Məsələn, son bolşeviklərdən biri hazırda dövlət himnimizlə bağlı sərsəm fikirlər söyləməkdədir...


Müəllif: Dilqəm Əhməd