19 İyun 2014 10:23
1 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə qədər ki kişilərin başı bizə yox, futbola qarışıb, bizə diqqət ayırmaq əvəzinə uzaq Braziliyada yaşıl meydanda ora-bura qaçan 22 qısatuman kişiylə maraqlanırlar, bu arada biz də bir az özümüzdən danışaq, xanımlar. Biz necəyik? Nəyə oxşayırıq? Və niyə beləyik?

Mən ucqar bölgələrdə yaşayan, evin də, işin də ən ağır yükünü çiyinlərində daşımaq zorunda qalan kəndli qadınlardan danışmayacağam. Zamanından tez qocalan, güzgüyə baxmağı günlərlə ağlına belə, gətirməyən bu xanımların görkəmini təsvir edə bilərəm təbii, amma düşündüklərindən tam xəbərsizəm axı. Belə xanımlarla heç vaxt privat söhbətlərim olmayıb, yalan nə deyim?

***

Bir-iki ayın sözüdü. Səhər erkən bəzənib-düzənib işə gedirəm. Yolda iki nəfər yaxınlaşır mənə. Rayon adamlarıdı. Məndən 4-5 yaş böyük xanım, yanındakı da qızıdı, deyəsən. Ana üzünü mənə tutub “ay qızım, - deyir, - Milli bankın yanına necə getmək olar?”. Duruxuram bu müraciətdən. “Qızım?..” Amma ürəyimə sarı yağ kimi yayılır. Həm də bir az pərt oluram. Əslində, o situasiyada mən günahkar deyiləm ki. Heç o vaxtından 20 il əvvəl özünü qocaldan xanım da deyil günahkar. Günah - insanların özünə və həyata fərqli münasibətində, həyat tərzində və tanrının hər kəsə lütf etdiyi enerji həcmindədi.


***

Amma biri var daxili enerjinin və Allahın lütf etdiyi görkəmin hesabına ayaqda qalmağı bacaranlar, biri də var özlərini bir-birinə, bir-birini də sarsaq bir məxluqa bənzədib dəridən-qabıqdan çıxanlar, daha doğrusu, dəri-qabıqlarını ən təhlükəli qatqılarla doldurub süni sifət alanlar. Bu slikon dodaqlar, kəsik burunlar, ifadəsiz gülüşlər qadınlarda belə ikrah yaradırsa, görün binəva kişilər nə günə düşürlər. Kənardan baxırlar - gözəl-göyçək, qədd-qamətli, əndamlı, gözəgəlimli, yaxınlaşınca - orası qoyma, burası yığma, dodaq - sosiska, burun Maykl Ceksonunkundan. Day bunun nəyi qaldı? Gəl beləsinə qadın kimi də məhəl qoy, görüm qoya bilirsən, ya yox.

***

İndi başları futbol mövsümünə möhkəm qarışan bu yazıq kişilərə zülm edənsə yalnız slikon dodaqlar deyil. Demə, bəşər övladının zərif cinsi açıq-saçıq geyindikcə, yəni əslində soyunduqca əks cinsin vəziyyəti pisləşir - tək ovqat baxımından yox haa, həm də sağlamlıq baxımından. Bu durumu “seksual stress” adlandıran tibb mütəxəssisləri deyirlər ki, kişilər soyunan xanımları görüncə instinktiv bir istəkdə bulunurlar. O istəklər də davamlı, həm də nəticəsiz olunca bəşərin güclü nümayəndələri, sadəcə, gücdən düşürlər, vəssalam. Araşdırmalara görə, iri şəhərlərdə yaşayan müasir kişilərin beyninə gündə 100-200 belə “siqnal” ötürülür. Və bu qədər “siqnal”ın qarşısında nəticə sadəcə seyr etməkdən ibarət olanda halından qeyri-məmnun kişilərin tək kefi yox, səhhəti də fəna olur. Bu zaman kişi orqanizmi elə kanserogen maddələr ifraz edir ki, bu şiddətli hücum onkoloji problemlərlə nəticələnir. Bax bilin, xanımlar, açıq-saçıq geyinməklə yalnız sevgilinizi xoşbəxt edirsinizsə, diqqətini çəkdiyiniz onlarla kişinin də sağlamlığı üçün təhlükə yaradırsınız. Alimlər Qərbdə və Şərqdə geniş tətbiq olunan oriyental rəqsləri, həmçinin digər yarıçılpaq əyləncələri, ümumiyyətlə, kişilər üçün “kütləvi qırğın silahı” hesab edirlər.

***

Cəmiyyətin soyunması fərdlərə pis təsir edir - bu məlum. İstər əxlaq, ədəb-ərkan, istər də sağlamlıq baxımından tam ziyanlı bir mənzərə. Amma, demə, bu soyunmaqlığın tarixin gərdişinə də təsiri yox deyil. Çılpaqlığı və erotizmi kulta çevirən xalqları, etnosları yada salaq. Qədim yunanlar, romalılar hanı indi? Tarixin saxlanclarında yalnız adları qalıb. Bir mülahizəyə görə, bu toplumları sıradan çıxaran amillərdən biri də məhz seksual pozğunluq, çılpaqlığın təbliği olub. Ənənəvi dəyərlərə qiymət verən xalqlar və etnoslar isə hələ də salamat, hələ də inkişafdadır. İslam mədəniyyətinin, həmçinin yapon və çin mədəniyyətlərinin daşıyıcılarına baxın, zaman keçsə də, dəyişməz qalırlar.

***

Nə qədər ki kişilərin başı futbola qarışıb, bir özünüzə diqqət edin, xanımlar. Yaydı deyə, geyinəndə çalışın elə geyinəsiniz, soyunmayasınız, geyinəsiniz. Lap istiyə dözməyib sərin libaslar geyinmək istəyəndə də adamlara əndamınızla “gəl-gəl” deməyəsiniz. Nəhayət, nə qədər ki kişilərin başı qarışıqdı - bir gerçəyi özünüz üçün müəyyən edin - məşhur sənət adamlarından birinin ifadəsilə deyəcəyəm - xanımın “idi ko mne”si varsa var, “idi ko mne”niz yoxdursa, ha soyunun, ha slikonlanın, faydası olmayacaq. Daxilinizi gözəlləşdirin, xanımlar, daxilinizi.


Müəllif: Afaq Vasifqızı