19 İyun 2014 11:08
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mediasının akademik çevrələrdən qopuqluğu, "it gəldi, örkən apardı" qəbilindən olan xəbərlərlə İP dalınca qaçan internet mediasının intellektual yoxsulluğu İraqdakı Kərkük bölgəsini işğal edən, Türkiyə ilə yanaşı, ölkəmizə təhdidlər yağdıran İŞİD-in təhlil edilməsində, daha doğrusu, edilməməsində də özünü yamanca göstərdi.

Bu günə qədər gözümə İŞİD-lə bağlı iki cüt, bir tək müəllif yazısı və açıqlama dəyib ki, onların da məğzini "əsl islam bu deyil" sığortası təşkil edir.

Dünən sosial şəbəkədəki dostlarım bir İŞİD cihadçısının kəsdiyi başları Allahı işarə edərək qabağına düzməsinin rəsmini paylaşmışdı və bu şəkli görəndən sonra İŞİD-in necə yarandığını, nə istədiyini və necə silahlandığı barədə Türkiyənin xarici siyasət institutları və universitetləri barədə aparılan araşdırmalara əsasən bəzi bilgiləri Sizlərlə bölüşmək istədim.

Bəri başdan onu deyim ki, Azərbaycanın istər internet, istərsə də çap mediasında bu təşkilatın adı yanlış yazılır. Belə ki, İŞİD "İraq Şam İslam Dövləti" yox, "İraq və Şam İslam Dövləti" kimi açılır ki, bağlayıcının qeyd olunmaması çox ciddi kökən və hədəf təhrifinə səbəb olur.

Hazırda adı ərəbcə "Ad-Davla Al-İslamiyya fi al-İraq Va-Şh-Şham" olan təşkilat bazasının formalaşdığı günlərdən bəri dəfələrlə isim dəyişdirib.

Təşkilatın əsas dayağı Suriyada Hələb və ətraf rayonlarda, İraqda isə Felluce və Ramadi bölgəsində yaşayan sünni, sələfi ərəblərdir. Onun başlıca məqsədi isə İraq, Suriya, Livan, Fələstin və İsrail torpaqlarında şəriətlə idarə olunan yeni islam dövləti qurmaq, xilafəti bərpa etməkdir.

İŞİD-in peyğəmbər soyundan gəldiyini iddia edən əmirləri ələ keçirdikləri bölgədə amansızlıqdan çəkinməyərək insanların onlara biət etməsinə nail olmaq istəyirlər.

Onlar İraq və Suriyada yaranmış xaosdan yararlanaraq həm mövcud rejimlərə qarşı, həm də həmin rejimlərə qarşı çıxan və ya vuruşan güclərlə döyüşür, bütün cinahları zəiflədərək bölgədə kontrolu ələ almağa cəhd edir, bu missiya üçün şiələri, türkləri və kürdləri özlərinin əsas düşmənləri hesab edirlər.
Odur ki, İŞİD-in son həmlələri nə qədər məzhəblərarası çatışma hesab oluna bilərsə, o qədər də ortadoğuda etnik soyqırımın başlanğıcı kimi dəyərləndirilə bilər.

Təşkilatın adı ilk qurulduğu çağlarda "Cemaat el-Tevhid vel-Cihad" idi.

Adından da göründüyü kimi, təşkilatın formalaşması islamdakı "cihad" anlayışına dayanır və əgər cihad varsa, başlayıbsa, deməli, "yox edilməsi labüd sayılan kafir"lər də var və bunun üçün para, döyüşçü və silahlar lazımdır.

Təşkilatın qurucusu sayılan Əbu Musab Zərkavi İordaniyalı bir sələfi idi, sovetlərə qarşı savaşmaq üçün Əfqanıstana gəlmişdi, ancaq sovet ordusu geri çəkilincə o da öz ölkəsinə dönməli oldu. Lakin bir qədər sonra yenidən Əfqanıstana qayıtdı, orada kamp quraraq hərbi təlimlər keçməyə başladı. Başına yığılanlar isə çeşidli islam ölkələrindən gəlmiş sələfi militanlar idi. ABŞ əsgərlərinin nişangahında olan Zərkavi çox keçmədən yolunu İraqdan saldı...

Hələ Əfqanıstanda olarkən Zərkavi Əl-Kaidənin lideri Üsamə Bin Ladenlə əməkdaşlıq yaratmışdı, bu əlaqələri hesabına İraqa xaricdən xeyli mücahid də cəlb edə bilmişdi. 2004-cü ildə Zərkavi rəsmən Bin Ladenə biət etdi, təşkilatının da adını dəyişib "İki çay arasındakı Əl-Kaidə" qoydu. Həmin dönəmdə qısaca olaraq "İraq əl-Kaidəsi" adlanan təşkilat daha peşəkar səviyyədə hərbi əməliyyatlar keçirdiyi üçün digər sünni qrupları əzmiş, əl-Ənbər vilayətini ələ keçirərək söz sahibi olmuşdu.

Zərkavi 2006-cı ildə digər sünni qrupları öz çətiri altına toplamağı və Mücahidlər Şurası qurmağı da bacardı, ancaq tezliklə ABŞ əsgərləri tərəfindən öldürüldü. Ondan sonra təşkilatın başına Əbu Həmzə Əl-Mühacir keçdi. 2007-ci ildə ABŞ-ın bölgədə apardığı hərbi və psixoloji hərəkatlar nəticəsindən gücünü tamamilə itirən təşkilat yeni axtarışlara başladı, varlığını sui-qəsdlərlə, bomba partlatmaqla göstərməyə cəhd etdi.

2006-cı ildə Əl-Qaidəyə bağlı şəxs və Mücahidlər Şurasında təmsil olunan Əbu Ömər əl-Bağdadi İraq İslam Dövləti yaratdığını elan etdi, hətta əyan-əşrəfə vəzifələr də payladı. 2010-cu ilin aprelində həm Əbu Həmzə, həm də Əbu Ömər ABŞ əsgərlərinin hücumu nəticəsində eyni evdə öldü. Yeni lider Əbu Bəkir Əl Bağdadi seçildi. Bağdadi 2013-cü ildə təşkilatın adını "İraq və Şam İslam Dövləti" qoydu, Üsamə Bin Ladendən sonra Əl Kaidənin başına keçmiş Zəvahiriyə daha öncə etmiş olduğu biətdən də bu ilin mayında vaz keçdi.

Əbu Bəkr Əl Bağdadi onun ləqəbidir. Əsl adı İbrahim Avvaddır. 1971-ci ildə Samirə şəhərində köklü bir sələfi ailəsində anadan olub. Bağdadi hər nə qədər özünün islam elçisi Hz. Məhəmmədin soyundan olduğunu, Qüreyşi aşirətinə mənsub olduğunu iddia etsə də, Peyğəmbər Soyunu Təsdiqləmə Dərnəyi bu açıqlamaları doğrulamır. Bu da Əbu Bəkrin əmirliyinin digər cihad qruplarında "legitim" sayılmamasına rəvac verir, çünki həmin örgütlərdə bu mənsəbə sahib olmaq üçün Qüreyşi olmaq önəmli şərtdir. İşin digər qəliz yanı isə budur ki, Bağdadi İŞİD-in hər nə qədər "beynəlxalq" cihad təşkilatı olduğunu vurğulasa da, qurumun yüksək şurasında təmsil olunan 13 nəfərin hər biri iraqlıdır. Bu da onunla əlaqələndirilir ki, ilahiyyat doktoru olan Əbu Bəkr İraqdan olmayan ərəblərə şəxsi münasibətlərdə əsla güvənmir.

Buna rəğmən, İŞİD üçün vuruşanların böyük çoxluğu İraqa xaricdən gəlib. Eyni zamanda, İraqdakı yerli ərəb aşirətləri ilə sıx təmasları olan örgütün Suriyada kütləvi dəstəyi yox səviyyədədir. Qərarların qəbul olunduğu və dediyimiz kimi, iraqlılardan formalaşan yüksək məqamlarda isə əsasən sabiq BƏƏS-çilər yer alıb. Onların aralarında Səddam Hüseyn ordusunun yüksək çinli zabitləri də var. Bağdadinin strategiyası bundan ibarətdir ki, Əl-Qaidəyə edilən maliyyə və hərbi yardımları özünə yönəltmək və Üsamə Bin Ladenin ölümündən sonra pərən-pərən düşmüş militanları maksimum ətrafında cəmləməklə kürəsəl cihadın mərkəzində dayansın.


Müəllif: Taleh Şahsuvarlı