20 İyun 2014 14:56
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən redaksiyamıza millət vəkili Musa Urudu dəvət etmişdik. Musa Urud Azərbaycanın istər siyasət, istərsə də mədəniyyət müstəvisindəki ağır taxtalı kişilərdəndir.

Ədəbiyyata ilk addımlarını Məmməd Arazın xeyir-duası ilə atıb, mərhum prezident Heydər Əliyevin şəxsi tövsiyyəsi ilə Yeni Azərbaycan Partiyasının proporsional siyahısından 2000-ci ildə millət vəkili seçilib. Bir parlamentari kimi sosial siyasətin qanuni əsaslarının hazırlanmasına öz yüksək dünyagörüşü və təcrübəsi ilə yaxşı töhfələr verdiyini, zənnimcə, qərəzli olmayan hər bir media təmsilçisi vurğulaya bilər.

Zira, mənim Musa Urudla şəxsi tanışlığıma və ünsiyyətimizin genişlənməsinin əsas səbəbi onun ədəbi yaradıcılığından və siyasi fəaliyyətindən kənardır.

Musa müəllimlə maraqlarımızın üst-üstə düşməsinə, söhbətimizin tutmasına əsas səbəb onun Zəngəzur tarixinə, etnoqrafiyasına və submədəniyyətinə dərindən bələd olması, bu yöndə araşdırmalar aparmasıdır.
Dünənki söhbətimizin də böyük bir bölümü Zəngəzura həsr olundu, Musa müəllim öz xatirələrini bölüşdü, Milli Məclisin üzvü kimi Ermənistana etdiyi səfər zamanı doğulduğu kəndə- Sisyanın Urud yurduna səfərindən söz saldı, alban tarixinə baxışlarını açıqladı.

Urud sıradan bir kənd deyil, mərhum akademik Zİya Bünyadovun təbirincə desək, Qafqaz Albaniyası polemikasına son qoya biləcək tarixi açardır.

Nə yazıqlar olsun ki, bunca böyük əhəmiyyətə malik olmasına baxmayaraq, Urudun yerüstü və yeraltı yaddaşını yetərincə araşdırmamışıq, cild-cild kitablara mövzu ola biləcək, tarixə baxış açısını dəyişəcək faktları toplayıb bir yana çıxara bilməmişik.

Nəticədə "Urud" toponimi ilə bağlı da yad təsirlər altına düşmüşük, onun anlamını fars dilində axtarmışıq.

Musa müəllim dünən heç gözləmədiyim halda bu yöndə çoxdan beynimə düşmüş bir fikrin üstünə basdı, Urud toponiminə yeni bir baxışı mətbuat vasitəsilə gündəmə gətirdi. O, doğulub boya-başa çatdığı kəndin adını Çingiz xana, 13-cü yüzilin başlarında Çormağanın sərdarlığı ilə Ağvan elinə yürüş etmiş moğol ulusuna bağladı.

Bilirəm, çoxlarında sual yaranacaq, ay balam, Çingiz xan hara, moğollar hara, Urud hara?

Deyim: Çormağan noyonun başçılığı ilə Azərbaycana, Anadoluya yürüş edən moğollar iki əsas eldən- sunitlər və oryatlardan ibarətiydi.

Müxtəlif ləhcələrdə "Oryat/Örüt/Ürüt/Urut" kimi tələffüz olunan bu sözün anlamı ittifaq, birlik, yaxınlıq, doğmalıqdır.

Xatırlayırsınızsa, bir dəfə yazmışdım, "Zəngəzur" toponimi də məhz moğollara bağlıdır, oryatlar Çingiz xan ordusunun sol qoluna daxil idilər və bu qolun - "züngar"ın dəyişmiş şəklidir.
Ancaq əsl sürpriz bu deyil.

Ziya Bünyadov Urudla yanaşı, Qafqaz Albaniyası ilə bağlı tarixi mübahisəni çözəcək yurdlardan birinin də Sisyandakı Vaqudi kəndinin olduğunu söyləyirdi.

Bu kəndin adı ermənicə deyil, günümüz türkçəsində də nə qədər fikirləşsək, ağlımıza bir şey gəlməz, deyilmi?

Amma Oryat tayfa ittifaqına daxil olan boylardan birinin adının "B/Vaqud" olması moğol tarixi ilə maraqlanan hər kəsə bəllidir. Eyni zamanda, Rəşidəddinin "Əlyazmalar"ını oxuyanlar bölgədəki digər bir kəndin - Aqudinin adının moğollarda yayılmış Aqutay ismi ilə nə qədər özləşdiyini görəcəklər.

Bundan savayı, Çormoğonun başçılığı ilə Qafqaza gələn Sunit və Oryatları əsas döyüş alətlərinə görə "Oxçu xalqı" adlandırırdılar ki, bu gün Qarabağda və Zəngəzurda mövcud olan toponimlər, o cümlədən Laçındakı Gəloxçu obaları öz ismini buradan alır.

Oryatlar 12-ci yüzilin ortalarında Baykal gölü ətrafında və Selenqa çayı boyunca yaşayırdılar.

Rəşiddədin yazır: "Oryatların həmişə dövləti və öndəri olub". 13-cü əsrdə Oryatların lideri Xuduxa bəy Çingiz xana tabe oldu. Sonralar oryatların içindən çıxmış daha bir güclü sərkərdə - Arqun Ağa Qızıl Ordanın İran canişini təyin edildi. Rəşidəddinə görə, aclıq və ehtiyac illərində atası Tayçu gələcək böyük sərkərdəni bir cüt dana ayağı qarşılığında Cəlayir əmiri Qadana satmışdı.

Zaman keçəcək və həmin Arqun ağa Qızıl Ordaya qatılmış Azərbaycan torpaqlarındakı Xaçın knyazı Həsən Cəlaldövlənin 1261-ci ildə edam əmrini verəcəkdi.

Bəs, oryatlara qədər Qarabağda və Zəngəzurda kimlər yaşayırdı?

Həsən Cəlaldövlə özünü nədən "Ağvan knyazı" adlandırırdı?

Bu barədə sonra.


Müəllif: Taleh Şahsuvarlı