20 İyun 2014 19:52
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

İl 2002. Yaponiya və Cənubi Koreyanın birgə təşkil elədiyi dünya çempionatının favoritləri arasında son çempion Fransa yığması da var. 1998-ci ildə öz meydanında təşkil olunan birinciliyi qalib başa vuran, 2000-ci il Avropa çempionatının da ən güclüsü olan fransızlar Uzaq Şərqə də ümidli yollanıblar. Heyət demək olar ki, bundan öncəki uğurları qazanan kollektivlə eynidir. Sadəcə bir neçə dəyişikliklər var. Ancaq "xoruzlar"ın ən böyük əndişəsi, narahatçılığı əfsanəvi oyunçu Zidanla bağlıdır. Zizu zədəli olduğu üçün mundialın açılış matçını buraxacaq.

Bununla belə, heç kimin tanımadığı, Afrikanın ortabablarından olan Seneqal yığması ilə oyunda favorit, şübhəsiz ki, son Avropa və dünya çempionlarıdır. Ancaq sən saydığını say, gör fələk nə sayır. Açılış oyunu və turnirin ilk gözlənilməzliyi: Seneqal Fransanı məğlub edir. Bununla qurtarsaydı, nə vardı ki?! Zidan və dostlarının görəcəyi günlər hələ qabaqdadır.

Qrupdakı digər, ikinci matçda Uruqvayla quru hesablı bərabərlik artıq Roje Lemyerin yetirmələri üçün ciddi həyəcan siqnalı, üçüncü, Danimarka ilə oyunda gələn məğlubiyyət isə fransızların sonu demək idi.
Və budur, dünya çempionatının ilk sensasiyası gerçəkləşmişdi. Son çempion turniri biabırçı şəkildə, 1 xalla və bir qol belə vurmadan qrup mərhələsindən tərk eləmişdi.

İl 2010. CAR-ın təşkilatçılığı ilə ilk dəfə Afrika qitəsində keçirilən mundial. Dörd il əvvəl Almaniyada keçirilən turnirdə dünya çempionluğunu bayram eləyən İtaliya yığması bu turnirin də favoritləri arasındadır. Paraqvay, Yeni Zelandiya və Slovakiya ilə birlikdə F qrupunda yer alan appeninlilərin qrupdan rahat çıxacağını proqnozlaşdırırlar. Nəsildəyişmə prosesi keçirən Marçelo Lippinin yetirmələri istənilən halda rahat qrupdan çıxmaq üçün real namizədlərdən biridir. Ancaq əldəki hesab bu dəfə də bazara uymadı.

Qrupun ilk matçında Paraqvayla 1-1 hesabı ilə bərabərə qalan "skuadra-azzura" mini bir şok yaşayır. Bu, həm də Lippi və onun komandası üçün sonun başlanğıcı idi. İkinci oyunda qrupun ən zəifi hesab olunan Yeni Zelandiya da italyanlara diş göstərir. Bu dəfə də qalib məlum deyil. Ümidlər isə qalır son oyuna.
Qrupun, Marçelo Lippinin və İtaliya yığmasının taleyi Slovakiya ilə bu dueldən asılıdır. Nəticə isə faciəvidir. Əlbəttə ki, italyanlar üçün.

Son dünya kubokunun sahibi İtaliya cari mundialı sadəcə iki xalla qrup sonuncusu kimi tərk eləyir.
İl 2014. Son 6 ildə təşkil olunmuş 3 böyük turnirin qalibi olan İspaniya yığması Braziliyada təşkil olunan dünya çempionatına da böyük ümidlərlə yollanıb. Qrup mərhələsindəki ilk rəqib isə CAR-dakı mundialın finalında qalib gələrək çempionluğu bayram elədikləri Hollandiya yığmasıdır. Del Boske və yetirmələri özlərindən əmindirlər. Hollandiya yığmasının oyunçuları isə qisas hissi ilə yaşayırlar.

Kağız üzərində heyəti ilə nəinki Hollandiyanı, çempionatdakı əksər komandaları üstələyən ispanlar hətta hesabda da önə keçirlər... Ancaq nəticə faciəvidir. Van Qalın gəncləri "matadorlar"ın daşını daş üstə qoymur. 1-5 hesablı faciəvi məğlubiyyət Kasillas və dostlarını əməllicə silkələyir.

Qrupdakı ikinci oyundakı rəqib isə o qədər də güclülərdən hesab olunmayan Çili yığmasıdır. Və məhz bu oyun son çempionlar üçün həlledici olur. Artıq üçüncü matçın bir əhəmiyyəti də yoxdur. Ulduzlar toplusu İspaniya yığmasının dünya çempionatını qrup mərhələsindən tərk etməsi artıq dəqiqləşib.

Kral öldü, yaşasın yeni kral!


Müəllif: Zaur Xudiyev