22 Aprel 2014 10:14
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyət evində yaşayırsınız, ya binada? Mənziliniz binadadırsa, demək, sözümüz tutacaq. Hələ düz küçəyə baxan eyvanınız da var? Vəssalam, inanın, haqqında danışacağım olayı siz də tez-tez müşahidə edirsiniz - eynən mənim kimi.

***

Bu gün insanı yaradan və insanın yaratdığı dünyanın günüdür. Bizi səndə yaratdı Allah - Yer planetində. Sənin torpağında qidamızı cücərtdi, havandan ciyərimizə nəfəs verdi. Yaşadığımız müddətcə dayaq yeri, istinad nöqtəsi, cazibə mərkəzi oldun, Yer. Özünə elə bağladın ki bizi, ölüncə də cismimiz torpağına qarışacaq, yenə səndən ayrılmayacağıq, zərrənə, hissənə, parçana çevriləcəyik. O ümidlə ki bəlkə, nə zamansa çiçəyə döndük, yarpaq olub yenidən qonağın olduq, daşına, qayana həkk olub əbədiyyət qazandıq. Dünyanın işini kim bilir?

***

Aprelin 22-si Ümumdünya Yer gününü qeyd etmək ənənəsinin əsası ötən əsrin 70-ci ilində qoyulub. Amerikalılar bu qərara gəliblər ki, ömür boyu ağırlığımıza dözən dünyanın bircə gün də ağrısını biz alaq. 20 il sonra bu aksiya dünyanın hər yerinə yayılıb, beynəlxalq günə çevrilib. O vaxtdan dünya bu günü qeyd edir. Mütəxəssislərin fikrincə, gününü qeyd etdiyimiz dünyanın 4,5 milyard yaşı var. Bizim havamızı, suyumuzu, qidamızı, ən başlıcası həyatımızı təmin edən yerin günü bu gündür. Ki, qlobal ekoloji problemlərini çözək, tədbirlər, sərgilər keçirək, ağac əkək, təmizliyə nəzarət edək. Yalnız bir günmü?

***

Əvvəldə xəbər almışdım harada yaşadığınızı. Binadakıların problemi mənə məlum. Qonşu ki pis oldu, vay cəmi sakinlərin halına.

***

10-15 ilin sözünü danışıram. Qarşımızdakı bina yeni istifadəyə veriləndən bizim evin işi-gücü olmayan sakinləri özlərinə təzə peşə tapdılar. Hər blokda müşahidəçilik missiyasını yerinə yetirən 2-3 pensiyaçı nənə olsa - hesab edin ki, bütün olaylar haqda məlumat dərhal yayılacaq. Az sonra bilindi ki, təzə binadakı bir mənzilin sahibəsi kənd qızıdır. Şəhərə təzəcə köçüb. Bir az da xasiyyətcə baməzə adamdı. Əri işə gedəndən sonra balaca qızını əyləndirmək üçün eyvana çıxarır, uşaq da, özü də adrenalin alsın deyə (təbii ki, adrenalinin nə olduğundan tam xəbərsiz olsa belə) başlayır yol gedən adamlara sataşmağa. Necə? Evin qabağında dayanan maşının üstünə yumurta atır. Sonra eyvanın deşiyindən sürücünün geri
qayıtmasını gözləyir, gizlindən müşahidə edə-edə uğunub gedir gülməkdən. Kənd qızının gülüş səsləri yolun bu üzündə eşidilməsə belə bizim müşahidəçi qonşularımız həmin xanımın təhər-tövründən hadisədən çox məmnun qaldığını, qəşş edib doyunca güldüyünü, bu yolla da stres atdığını
sezmişdilər. Başqa neyləyir? Yolda bir keçəl gördümü əlinə keçən kartofdan-soğandan, yay vaxtı albalıdan-ərikdən tarrapp əndərir o yazığın kəlləsinə. Sonra yenə gizlənir, yenə, yenə. Bu yolla adam özünə əyləncə tapır. Necədi sizinçün? Günün birində - bunu isə bizim JEK-in əməkdaşı
danışmışdı - həmin xanımın əri işdən qayıdırmış. Bir ağbirçək qadın kişiyə yaxınlaşır. “A bala, şlyapandan, qalstukundan görürəm ki, alim adamsan, o eyvanın altından keçmə, yolu keçib o biri səkiylə get”. Kişi niyəsini soruşanda qadın - “Bax o eyvanda bir dəli arvad yaşayır, deyir,
əlinə keçəni atır camaatın başına. Özünü gözlə, a bala, başın yarılar”, - deyib kişinin yaşadığı mənzili nişan verir. Deyir kişi nə təhər pərt olursa qulaqlarına qədər qıpqırmızı qızarır. Biz böyüdükcə zaman keçdi. Zaman keçincə o cavan gəlin də yaşa doldu, görüb götürdü, daha heç kəsin başına heç nə atmır.

***

Sovet dönəmində bir ənənə vardı ki, bu yaxınlarda Naxçıvanda gördüm bu ənənə hələ də işləyir. Əhali iməcilik edir. Bazar günü hamılıqla küçəyə çıxıb abadlıq, təmizlik işləri aparırlar. Kimi yer belləyir, kimi gül əkir. Nə gözəl. Biz niyə etmirik görəsən? Bax bizim həyətdə 4-5 kvadratlıq torpaq var (əminəm, elə hər həyətdə belə künc-bucaq tapmaq olar), binada yaşayan filan qədər də kişi. Hərəsi bir bəy, bir ağa! Barı dünyanın mübarək günündə tərpənsinlər, burnumuzun ucundakı bir parçalıq guşədə təbiətin ən nazlı çiçəklərini cücərtsinlər. Bunun üçün yüksək səviyyədə göstəriş olmalı deyil ki? Nolar bir az tərpənsək?


Müəllif: Afaq Vasifqızı