21 İyun 2014 20:21
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə dünya çempionatı bütün sürəti və həyəcanı ilə davam edir. Futbolun çox sevildiyi bir ölkədə keçirilən bu mundialın belə maraqlı və sürprizlərlə dolu olacağını çox adam proqnozlaşdırmırdı. Qruplarda komandalar ikinci oyunlarını oynadıqları bir vaxtda artıq bir neçə gözlənilməz hadisə gerçəkləşib.

İspaniyanın yarışı erkən tərk eləməsi hələlik turnirin ən böyük sensasiyasıdır. Sonuncu dünya çempionu olan “matadorlar”ın belə qəfil çöküşü azarkeşlər tərəfindən də, mütəxəssislər tərəfindən də olduqca təəccüblə qarşılandı.

Bəs nə(lər) idi İspaniya yığmasını yerlə yeksan eləyən? Mülahizələrimi sadalamamışdan əvvəl qeyd eləyim ki, Avropa səviyyəsində keçirilən iki böyük klub turnirini də ispan klubları qazanmışdı. “Real Madrid” ən güclülərin yarışdığı Çempionlar Liqasının qalibi olmuşdusa, “Sevilya” da ikinci dərəcəli turnirin, UEFA Avropa liqasının kubokunu öz muzeyinə aparmışdı. Düşünmək olardı ki, bu il klub futbolu səviyyəsində pik dövrünü yaşayan ölkənin milli komandası da uğurlu çıxışla yadda qalacaq.

Ancaq hər şey heç də göründüyü kimi deyildi. Bəs əslində necə idi?

Birinci və ən əsas səbəb “Real”ın, “Atletiko”nun, “Sevilya”nın avropadakı uğurlarına baxmayaraq “Barselona”nın zəif mövsüm keçirməsidir. Milli komandanın əsas strateji oyunçuları məhz Kataloniya klubunun şərəfini qoruyurlar və milli komanda da qazandığı son iki böyük turniri məhz “Barselona”nın taktikası ilə oynayaraq qazanmışdı.

Digər bir səbəb, yuxarıda da qeyd olunduğu kimi əsas uğur mənbəyi olan taktikanın - “tiki-taka”nın artıq digər mütəxəssislər tərəfindən çözülməsidir.

İspaniya yığmasının turnirlə vidalaşması dəqiqləşib. Ancaq digər bir böyük komandanın, İngiltərə millisinin də turniri erkən tərk etmək təhlükəsi var.

İngilislər qrupdakı ilk matçlarını İtaliya yığmasına qarşı keçirmiş və məğlub olmuşdular. İkinci oyun isə Uruqvay millisinə qarşı idi. İlk oyununda məğlub olan Uruqvay da bu matça son şans, tamam, yoxsa davam oyunu kimi baxırdı.

Oyunu isə daha çox istəyən komanda, cənubi amerikalılar qazandılar.

Həm bu oyuna, həm də İtaliya ilə keçirilən ilk oyuna nəzər saldıqda belə qərara gəlmək olur ki, britaniyalıların ən böyük çatışmazlığı sabitliklə bağlıdır. Müəyyən zaman kəsimlərində aktiv və təzyiqli oyun göstərən komanda əsas gücünü 90 dəqiqə ərzində bərabər paylaya bilmir.

Baş məşqçinin heyət və taktika seçimi də müzakirə predmetlərindən biridir. Həddən artıq hücumameyilli oyunçularla oynamağı seçən Roy Hocson hələ ki bunun xeyrini görməyib. Runi, Staric, Sterlinq və Uelbekin birlikdə oynaması yarımmüdafiəyə düşən yükün artmasına səbəb olur.

Orta xəttə isə təcrübəli Cerardın və Hendersonun zaman-zaman büdrəməsi nəticədə komandanın ümumi uğuruna mane olur.

Və bir şeyi də mütləq qeyd eləməliyik ki, futbol sadəcə texnika, taktika, sürət, fiziki güc ilə oynanan oyun deyil. Bu oyunda bəxt amili də əsas rol oynayır. Əgər bir oyunda futbol tanrısı bir komandadan üz döndəribsə, onun oyunu heç cür alınmayacaq. Elə Uruqvayla İngiltərənin oyununda da belə oldu.

Dəfələrlə qol vəziyyətləri yaradan futbolun yaradıcıları ya son anda dəqiq oynaya bilmirdilər, ya da uruqvaylı qapıçı Muslera mövqeyində inamlı oynayırdı.

Nəticə isə ingilislər üçün acınacaqlı ola bilər.


Müəllif: Zaur Xudiyev