Tağıyevin ikinci həyat yoldaşının sarayından - REPORTAJ/ FOTOLAR

18 Fevral 2017 11:47 (UTC+04:00)

Hacı tərəddüd edir… Bu söhbətdən çox keçməmiş Azərbaycanda sovet hakimiyyəti qurulur və milyonçunun bütün varidatı əlindən çıxır. Hacı Turabın sözlərini yadına salan Tağıyev “Onun ayağı biləni mənim başım bilmir” deyir və vəsiyyət edir ki, onu axundun ayağı altında basdırsınlar.

Hər bir azərbaycanlının sevdiyi, hörmətlə yad elədiyi məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakının mərkəzində yerləşən sarayı da (indiki Tarix Muzeyi) onun əlindən alınan mülklərindəndi. Deyilənə görə, sarayın inşası və mebellərlə təchizatına ümumilikdə 1.2 milyon rubl xərc çəkilib.
101 otaqdan ibarət bu sarayın Tarix Muzeyi kimi fəaliyyət göstərən hissəsi barədə ötən reportajda ətraflı məlumat vermişdik. Bu dəfəki yazımız muzeyin tərkibində fəaliyyət göstərən və 9 otaqdan ibarət Tağıyevin xatirə muzeyi haqqındadır.

Köç, təqiblər…

Bələdçi Qənirə Qafarlıdan öyrəndik ki, Azərbaycan və İtaliya mütəxəssisləri otaqların əvvəlki görkəmini Tağıyevin ailəvi fotoalbomu əsasında bərpa ediblər. Burda olan əksər mebellər Tağıyevin evinə məxsus olmasa da, o dövrə aiddir: “Mülkləri, eləcə bu saray əlindən alınandan sonra Tağıyevə ailəsi ilə Mərdəkandakı bağ evində yaşamağa icazə verdilər. O vaxt Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov oTağıyevi və ailəsini təzyiqlərdən qoruyurdu. Tağıyev 1924-cü ildə vəfat etdi, ardınca Nərimanov Moskvaya gedəndən sonra ailə başsız qaldı və Mərdəkandan çıxıb İçərişəhərdə kiçik evlərinə sığındılar. Sonrakı illərdə Tağıyevin ailə üzvləri təqiblərə, repressiyalara məruz qaldı. Milyonçu öz layiqli qiymətini yalnız 1980-ci illərin sonunda aldı”.

Xatirə muzeyində Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı – buduar, yataq otağı, təmizlik otağı yerləşir.

Ekskursiyaya məlumat otağından başlayırıq. Burada Tağıyevin həyat və fəaliyyəti ilə bağlı çoxlu sayda məlumatlar əks olunan lövhələr var. Monitor vasitəsilə bu böyük mesenat haqda məlumat əldə etmək mümkündür. Vitrinlərdə Buxara əmirinin Tağıyevə hədiyyə etdiyi gümüş Quran qabı, “Həqiqətlərin kəşfi” kitabı, eləcə də ordenləri yerləşdirilib.

Şəxsi məktublar

Bir vitrində isə Hacının oğlu İsmayıl Tağıyevin nişanlısı Nurcahan Ərəblinskiyə, eləcə də Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın bacısı Nurcahan xanıma göndərdiyi məktublar saxlanır. Milyonçunun ailə həyatı barədə də qısa haşiyə çıxaq. Hacı Zeynalabdin Tağıyev iki dəfə ailə həyatı qurub. Birinci dəfə Zeynəb xanımla evlənib. Bu evlilikdən İsmayıl, Sadıq, Xanım adında üç övladı dünyaya gəlib.

İkinci həyat yoldaşı Ərəblinski nəslindən olan Sona Ərəblinski idi. Bu evlilikdən Hacının Sara, Sürəyya, Leyla, Məhəmməd Tağı, Məhəmməd Kazım adlı beş uşağı olub. Sona xanım general Balakişi bəy Ərəblinskinin qızı, Tağıyevin birinci evliliyindən olan İsmayıl Tağıyevin həyat yoldaşı Nurcahan Ərəbliskinin bacısı idi. Tağıyevlə Sona xanımın aralarında 40-dan artıq yaş fərqinin olmasına baxmayaraq bu, xoşbəxt izdivac idi.

Sona xanımın buduarı

Məlumat otağından sağ tərəfdə Sona xanıma məxsus buduarı - bəzək otağı yerləşir. Otağın tavanı güzgü qırıqlarından düzəldilib, divarlar rəngarəng naxışlarla bəzədilib, mərkəzdə orijinal dəyirmi divan yerləşir. Həmin divanın üzərində otağın əvvəlki görkəmini əsk etdirən fotoşəkil qoyulub.

Buduar otağından yataq otağına aparan ensiz dəhlizlə irəliləyəndə bələdçi xanım deyir ki, otaqların qapıları məhz o dövrdən qalıb və orijinallığı ilə seçilir. Yataq otağı iki hissədən ibarətdir. Onları biri-birindən şəbəkəli taxta arakəsmə ayırır. Birinci hissədə yuxarısı hündür, naxışlı ikiyataqlı çarpayı və trümo yerləşir. İkinci hissədə isə kiçik və dəyirmi stol, divan, kreslolar, stullar qoyulub. Otaq boyu xalça və pərdələr otağın gözəlliyini daha da artırır.

Yataq otağına bitişik balaca bir otaq insanda solğun təəssürat yaradır. Digər otaqların gözəlliyi, əlvan rəngləri bu otaqdan yan keçib. Təmizlik оtаğı adlanan bu məkanda güzgülü trümo, yumşaq kreslo, stol, paltar və rəfli şkaflar qoyulub.

Mavi səmanın altında

Tağıyevin yemək otağı da möhtəşəmliyi ilə seçilir. Divarlarına məxməri-ipək parça çəkilib. Bələdçi xanım bizə otağın tavanını göstərir: “Baxın, bu, mavi səmanı xatırladır və gözəl aura yaradır”.

Aşağıda isə uzun düzbucaqlı masa və ətrafına oturacağı məxmərdən olan stullar qoyulub. Buxara əmirinin hədiyyəsi olan gümüşdən hazırlanmış üstü minalı qab dəsti də stolun üzərindədir. Şkaflarda Tağıyevin Fransadan gətirdiyi və üzərində özünün venzeli olan xörək dəsti, gümüş bıçaqlar, büllur qədəhlər qoyulub. Otaqda həmçinin qoz ağacından düzəldilmiş, gözəl ornamentli böyük bufet yerləşir.

Şərq zalının altıgüşəli ulduzları

Gəlib çatırıq Şərq zalına… Fotolarda bu zalın gözəlliyini görəcəksiniz, yazıya alına biləcək bir-iki kəlməni də burda qeyd etmək istəyirəm. Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanmış Şərq zalı xüsusi zövqlə bəzədilib. Zalın tavanına Quran ayələri yazılıb. Bu yazı və bəzəklərə 9 kiloqram qızıl işlədilib.

Bələdçi xanım deyir ki, nəhəng çil-çıraq və güzgülərin üzərindəki bralar zalı işıqlandırmaqla bərabər, onun gözəlliyini də artırır. Pəncərələrin bədənnüma şüşələrində Tağıyevin ərəb hərfləri ilə adı və soyadı yazılıb. Zalın müxtəlif hissələrində rast gəlinən və müsəlman memarlığında geniş işlədilən altıgüşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca görə, o, insanı pis nəzərdən qoruyur.

Otağın sol tərəfində müxtəlif musiqi alətlərini xəbər alanda bələdçi xanım bunların bir işarə olduğunu bildirir: “Tağıyevin hər bir uşağı musiqi alətlərində çalmağı bacarırdı. Ona görə bura royallar qoyulub”.

Otaqda yerləşən sütunlu tağların arasından keçib Tağıyevin kitabxanasına, ardınca da bilyard otağına daxil oluruq.

İş kabineti

Tağların arasından keçib, Şərq zalı irəliləyib Tağıyevin iş kabinetinə çatırıq. Məhz bu kabinetdə səhərlər Hacının köməkçiləri ona yerli, Rusiya, Avropa, eləcə də Şərq ölkələrində çıxan qəzetlərdən onu maraqlandıran məqalələri oxuyar, dünyada baş verən hadisələrdən xəbərdar edərdilər.

Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da var.

Diqqətimizi rəssam Ayvazovskinin “Dənizdə fırtına” əsəri çəkir. Niyə? Çünki bu əsəri Milli İncəsənət Muzeyində reportajda olarkən də görmüşəm. Bizə bildirmişdilər ki, əsər Hacı Zeynallabdin Tağıyevin sifarişi ilə çəkilib. Əsərin əsli Milli İncəsənət Muzeyində, sürəti isə burda saxlanılır. Kabinetdə yazı stolunun arxasındakı divarda Hacının öz şəkil kolleksiyasından İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacarın, solda isə Rusiya imperatoru II Nikolayın və onun xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Hacının İran şahı Müzəffərəddinlə görüşünü əks etdirən portret və ev sahibinin yaşadığı günlərdə olduğu kimi əvvəlki yerində asılıb.

Yazı stolu ilə üzbəüz Tağıyevin portretini görmək olar. O zaman Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə Şəhər Duması Tağıyevin portretinin sifariş edilməsi barədə qərar verib və əsər 1912-ci ildə görkəmli rəssam Brodski tərəfindən çəkilib.

“Sonsuzluq güzgüsü”

Pilləkənləri addımlaya-addımlaya çıxışa doğru yol aldıq, qarşımıza qəribə və gözəl bir güzgü çıxdı. Bələdçi xanım deyir ki, bu güzgü “Sonsuzluq güzgüsü”dür, insan özünü burda sonsuz sayda görə bilir. Tağıyevin evinə məxsus bu tarixi güzgüdə özümü sonsuz sayda görmək şərəfinə nail olmuşdum ki, fotoqraf Elçin Murad bu anı əbədiləşdirmək qərarına gəldi.

Etiraz etmədim, çünki foto çox əhəmiyyətli nəsnədir. O zamankı Tağıyevin evindən çəkilən fotolar olmasaydı, indiki muzeyi də tərtib etmək çox çətin olardı.

Nərmin Muradova
Fotoqraf Elçin Murad