“Aşıq ədəbiyyatını məhv edənlərin başında Aşıq Ələsgər gəlir...”

25 Aprel 2017 08:52 (UTC+04:00)

Teleqraf.com bu sualla ədəbiyyat adamlarına müraciət edib. Cavabları təqdim edirik:

Şərif Ağayar:

“Birinci yaş məsələsi… Klassik aşıq şeirində əxlaq qaydaları indiki demokratik qanunvericiliklə yox, şəriətlə tənzimlənir və ona görə bizə indi azyaşlı görünən o zaman azyaşlı sayılmırdı. İkinci, indi necə video çəkənlərə pul verib gözəl rəqs edənləri, istedadlı uşaqları çəkirlər, o vaxt da aşığa pul verib gözəlləri, igidləri, toy şənliklərini, maraqlı hadisələri sözlə təsvir etmələrini istəyirdilər. Bu, ayıb sayılmırdı, əksinə estetik bulunurdu. Gözəllərin vəsfi mövzusunda onlarla gözəl ədəbi nümunə var. Təhtəlşüur hadisəsinə qalanda, bunu demək çətindir. Çünki aşıq da insandır və Freydə görə heç kim təhtəlşüurun daimi açdığı atəşlərdən sığortalanmayıb. Əslində, elə aşıqların dediyi mərifət mərtəbəsi bax o nəfsani istəklərin, şüuraltı zərərli saxlancların tanrı eşqiylə islah olunmasıdır. Bir sözlə, məsələ aşıqları lağa qoyacaq qədər bəsit deyil”.

Aqşin Yenisey:

“İlk ozanlar öz dövrlərinin aydınları, intellektualları idi. Onların yaradıcılığında fəlsəfi, ictimai, əxlaqi mövzular daha çox yer tuturdu, nəinki Güləndamın intim yerləri. Aşıq ədəbiyyatını üç-beş aşıq məhv eləyib ki, onların da başında Aşıq Ələsgər gəlir. Siz aşıq Veysəlin, Qaracaoğlanın, Pir Sultan Abdalın və digər klassiklərin yaradıcılığında sinə, baldır söhbətlərinə rast gələ bilməzsiniz. Çar Rusiyası dövründə aşıq sənəti toyxana yanşaqlığına, sovet Rusiyası dövründə isə efir tamadalığına çevrildi. Bizim hərbi forma geyinmiş aşıq dediyimiz aşıqların bu sənətin fəlsəfəsinə dəxli yoxdur. İndiki aşıqlar isə sazla dəlləklik edir. Bir neçə istisnanı çıxmaq şərtilə. Aşıq sənətini çayxanalardan yığışdırmaq istəyirlər. Bunun yalnız bir yolu var, sənətin fəlsəfəsini özünə qaytarmaq lazımdır. İctimai mövzular saza qayıtmalıdır”.

Sevinc Elsevər:

“Aşıq şeirini yaxşı bilmirəm. Yalandan nə deyim? Amma uşaq da bilir ki, bu hardan gəlir... İslam aləmində 9 yaşlı qızları ərə verirdilər, ta iki əsr əvvələ qədər. Hətta zamanı bir az da irəli çəkmək olar. 9 yaşlı qızlara papaq atırlarmış, yıxılmasa ərə verirlərmiş. Aşıq şeirində o yaşda qızların vəsf olunması da normal idi. Molla Pənah Vaqifin, Aşıq Ələsgərin qoşmalarını orta məktəbdə oxuyanda gülürdük buna görə. Mənə elə gəlir, islam dini, şərq təfəkkürü ilə bağlı bir məsələdi”.


Zahir Əzəmət:

“Ciddi aşıq sənəti irfan elmi ilə bağlı olub həmişə. Əlinə saz alıb oxuyan hər kəs də aşıq deyil. Onlar manıs olublar - dünən də, bu gün də. Sualın belə qoyuluşu doğru deyil. Bu, təxminən Üzeyir Mehdizadəyə görə Bethoveni, bütün klassik musiqi sənətini sual altına almaqdır. Məsələn, sizcə bizim ara müğənnilərinin bəsit, şit ifaları təhtəlşüur hadisədir, yoxsa La Scalanın öz tələbi?”

Qismət:

“Bu, maraqlı və cəsarətli sualdır. Çünki mədəniyyətimizin kodları haqqında radikal, sınanmamış metodların tətbiqinə təkan verir. Geniş araşdırma mövzusudur. Belə mövzuları Qərbdə elmi jurnallarda, yaxud universitet tərkibində işləyən ədəbiyyatçılar araşdırır. Belə bir araşdırma etmək olar: "Freydist bir baxış: Xalq ədəbiyyatında insest, pedofiliya". Amma biz öz mədəniyyətimizi müxtəlif nəzəriyyələrin içindən keçirib çözələməmişik, ona görə xüsusilə cinsəl məsələlərlə bağlı narahat, ehtiyatlı bir leksika yaratmışıq. Başa düşüləndir. Dəqiq bilirəm ki, şeirin belə bir tələbi yoxdur, heç vaxt da olmayıb, amma təhtəlşüur hadisəsi olması ilə bağlı gərək konkret mətnləri freydist təhlildən keçirək. Aşıq ədəbiyyatı təkcə azyaşlı qızların vəsfi kontekstində yox, həm də homoseksuallıq, poliqamiya, sadizm, mazoxizm rakursundan da oxunub yozula bilər. Əsasını Freyd qoysa da, mən Yunqun arxetip nəzəriyyəsini daha çox bəyənirəm. O yazır ki, insanlar konkret mədəni kodlar, strukturlar içində doğulurlar və bu kodlar onları idarə edir. Müasir texnoloji dilnən desək, necə ki, kompüterlərin konkret əməliyyat sistemi var, baza odur, qalan hər şey onun üstünə qurulur, əlavə edilir, təxminən elə. Bu mənada biz bəlkə də aşıq şeirindən də əvvəl ən qədim mətnlərimizi freydist oxunuşdan keçirməliyik, çünki aşıqlar özlərindən əvvəlki o qədim mətnlərə istinad ediblər. Məsələn, əsas kitablarımızdan olan Dədə Qorqudun freydist oxunuşu çox maraqlı olardı. Bir dəfə bu mövzularla maraqlanan tanınmış yazıçı, ssenarist, şair dostlardan birindən soruşdum ki, Dədə Qorqudun freydist yozumu necə olardı? Dedi ki, bir az cəhd etdim, elə şeylər gördüm ki, qorxumdan dayandırdım. Yəqin Humbert Humbertlə rastlaşıbmış...”

Rəbiqə Nazimqızı:

“Aşıq şeirində azyaşlı qızların vəsf olunması deyəndə əvvəlcə aydınlaşdırmaq lazımdı ki, bu vəsf hansı formadadır. Yəqin söhbət erotik çalardan gedir. Məncə, bu, hətta aşıq şeirinin tələbi olsa belə, təhtəlşüurdan gəlir, istənilən halda. Sonradan bu dəbə və janr xüsusiyyətinə çevrilib. Bir məsələ də var - aşıq şeirinin tarixi var və folklor yazılı ədəbiyyatdan müqayisəyəgəlməz dərəcədə qədimdir. Bilirik ki, bizdə qızların səkkiz-doqquz yaşda ərə verildiyi vaxtlar olub. Əgər o yaşda qıza ərlik qız kimi baxılıbsa, niyə də bu qızlar vəsf olunmasınlar aşıq şeirində?


Aysel Əlizadə:

“Aşıq sözü aşiq sözündən yaranıb. Yəni vurulan, sevən adamların küçə poeziyasıdır... Buna görə onlar daha çox sevgidən, qadından yazıblar. Sevgi, eşqlə ad qazanıb aşıq olublar. Aşıq poeziyasının çox həvəskarı deyiləm, bildiyim, oxuduğum qədər belə bir tələb yoxdur. Çünki el sözünü, el dərdini deyən aşıqlarımız olub”.

Fərid Hüseyn:

“Aşıq ədəbiyyatında çoxlu dini mənbələrə əsaslanan, yaxud dövrün normal düşüncəsini, xüsusən fanilik hissini göstərən şeirlər var, ancaq aşıq ədəbiyyatında "gözəlləmələr" şübhə yeri yoxdur ki, o dövrdə yazılan müxtəlif səpkili şeirlərin çox zaman ən zəifləri olurdu. O dövrdə 12-15 yaşında ailə qurmaq normal sayılırdı və bu gün bizim uşaq kimi baxdığımız o azyaşlı qızları ailələri ər evinə hazırlayırdı. Cəmiyyətdə də onlara bir sıra hallarda artıq yetkin qız kimi baxırdılar. Bu, qətiyyən pis mənada uşaqbazlıq, şüuraltı səviyyəsində hansısa pis fikirlərin şeirlərdə ifadəsini tapmaq anlamına gəlmir. Sadəcə klassik ədəbiyyatdan fərqli olaraq, aşıq şeirində kütləviləşmə prosesi yaxın əsrlərdə daha geniş vüsət aldı, nəticədə onun kirlənməsi də bir o qədər tezləşdi və sırf hərfi mənada, xüsusən elə-belə aşıqların düzüb-qoşmalarında ilişəsi nələrsə tapmaq çətin deyil. Mən aşıq ədəbiyyatını azsaylı ustadnamələrinə görə sevirəm, bir də orda dil həddən ziyadə zəngindir, cana hopdurmalı çox ifadələrə rast gəlmək olur. Gözəlləmələr, vəsfnamələr, alqışnamələr mənlik deyil. Qadına pıçıltı ilə deməli olduğun sözü, tullana-tullana, qışqıraraq demək açmır məni”

Könül Arif:

"Açığı, aşıq şeirinin və ya hər-hansı bir ədəbiyyat növünün mövzuya belə sərt tələbatı olduğunu düşünmürəm. Bu, zənnimcə, köhnə aşıqların azyaşlılara fövqəladə həvəslərindən qaynaqlanır. Müasir anlamda isə bunun adı "pedofiliya"dır".

Nərmin