Gözümüzdən düşənlər...

18 May 2017 14:28 (UTC+04:00)

Fikir vermisinizsə, əvvəllər hamı Avroviziya mahnı müsabiqəsinə necə heyrət, maraqla baxırdı, kimin iştirak edəcəyini, hansı mahnı oxuyacağını əzbər bilirdilər. Gənc oğlanlar, qızlardan tutmuş yaşlılara qədər hamı ölkəsini təmsil edən mahnını dinləyirdi. Sözləri yarım-yamalaq, səhv-doğru zümzümə də edirdilər. Seçim, yarımfinal, final mərhələləri, hansı ölkə Azərbaycana neçə xal verdi, hansı ölkə verəcəyi xaldan ikisin kəsdi, kimlər paxıllıq etdi, kimlər təriflədi. Hamısını əzbərdən bilirdilər. Hətta iştirakçıların geyiminə qədər: Aysel nə geyinmişdi, Safura hansı paltardaydı, Nigar, Səbinə... Elə ki, Eldarla Nigar qalib gəldi, müsabiqə Azərbaycanda keçirildi. Vəssalam! Daha yarışmanın nə dadı qaldı, nə duzu. Maraq öldü, həyəcan bitdi, tamaşaçılar itdi.

İndi heç kim bu ilki Avroviziya təmsilçimizin adını bilmir. Bilmir o, nə geyindi. Ümumiyyətlə, geyindimi? Hansı ölkə bizə neçə xal verdi, ermənilər yarımfinalı keçə bildimi, mahnılarında bizim notlarımızdan istifadə olundumu?

Daha insanları təəccübləndimək, onların zövqünü oxşamaq çox çətindir. İnsanlar əlçatmaz mahnıların, əlçatmaz sevgilərin, əlçatmaz xəyalların arzusundadır. Daha bizimkilər Enrikeni, Cenniferi, Murad Bozu, Tarkanı bəyənmir. Başqalarını istəyirlər, başqalarını, başqalarını...

Yadıma gəlir, Mahsun Qırmızıgül Bakıya gəlib bakılı qızla klip çəkdirmişdi. Bir il bu hadisədən danışdılar. İndi türkiyəlilər gəlib Bakıda film kadrları çəkir, heç kimin marağına deyil.

Bu, ən xırda məişət məsələlərində də belədir. Fikir verin, süfrədə alma, armud daha hörmətlidir, yoxsa ananas, apelsin, manqo? Əlbəttə, xarici ölkədən gətirilmiş meyvələr. Çünki onların üzünü ayda-ildə bir dəfə görürük. Belə çıxır, ananas Rihannadır, alma Röya. Kotlet Aygündür, çiy köftə Sibel Can. Avroviziya kartof qızartmasıdır, Avropa, İslam oyunları isə suşi...