Təbrizin məşhur musiqi qrupu Bakıya gəldi – Video

19 May 2017 13:22 (UTC+04:00)

Teleqraf.com-un məlumatına görə, qrupun rəhbəri, tanınmış aşıq Çingiz Mehdipur “Eurasia Diary” portalına müsahibəsində bildirib ki, səfərin məqsədi mayın 24-ü saat 19:00-da Heydər Əliyev Sarayında aşıq musiqisi sevənlərə maraqlı konsert proqramı təqdim etməkdir.

Ç.Mehdipurun sözlərinə görə, bu konsert digərlərindən özəlliyi ilə fərqlənəcək:

“Konserti təşkil etməkdə məqsəd aşıq musiqisinə yeni baxışı təqdim etməkdir. Bu konsertdə aşıq sənətinin gücünü, potensialını, açılmamış sirlərini göstərmək niyyətindəyik”.

Xatırladaq ki, Təbrizin məşhur “Dalğa” musiqi qrupu 1990-cı ildə yaradılıb. Bu müddət ərzində qrup 30-dan çox ölkədə konsert proqramları ilə çıxış edib.

Qeyd edək ki, qrupun rəhbəri Ç.Mehdipur ilk dəfə olaraq bu sənətə elmi yanaşaraq, aşıq musiqisini, saz havalarını nota köcürüb. O həm də aşıq musiqisində yeni aranjemanda çıxış edir.

Ç.Mehdipur və onun məşhur “Dalğa” musiqi qrupu aşıq musiqisi sevənləri mayın 24-ü Heydər Əliyev Sarayında keçiriləcək maraqlı konsert proqramını izləməyə dəvət edib. Konsertin biletlərini şəhərin kassalarından, ASAN Xidmət mərkəzlərindən və iticket.az saytından onlayn əldə etmək mümkündür.