Amerika kəşfiyyatçısı Azərbaycanda

19 May 2017 14:21 (UTC+04:00)

Sovet İttifaqının dağılmasından sonra keçmiş “qırmızı şeytan imperiyasının” yerində əmələ gəlmiş yeni dövlətlərə Qərbdə olduqca böyük maraq yaranmışdı. Oradan həmin vaxtlarda bu yeni ölkələrə nə qədər adam gəldi; hamısı da istəyirdi ki, Qərbin camaatını bu ölkələrlə və onlardakı həyatla tanış etsinlər. Amma çox böyük təəssüflə qeyd etmək lazımdır ki, onların bütün təsvirləri səthi olduğundan Sovet İttifaqının yerində yaranmış, dünənə qədər dünya üçün bağlı qalan bu yeni ölkələrdəki həqiqətləri əks etdirə bilmirdi. Buna görə də biz o vaxt bu ölkələrdən birinə - Azərbaycana göndərilmiş bir amerikalı ilə əslində nə baş vermiş olduğu haqqında qısaca danışmaq istərdik.

Hər şey Vaşinqtonda başlanmışdı; əvvəllər Şərq ölkələrində işləmiş bir nəfər təcrübəli kəşfiyyatçının öz bosları ilə apardığı məşvərətdən. Məhz bu kəşfiyyatçını indi Azərbaycana göndərmək istəyirdilər. Amma bir azdan məlum oldu ki, nə bu işgüzar səfərin təşkilatçıları, nə də kəşfiyyatçı özü bu ölkə haqqında heç bir təsəvvürə malik deyildilər. Fəqət bunu onlardan heç biri boynuna almaq istəmirdi və buna görə də ordan-burdan eşitdiklərinə əsaslanaraq özləri üçün bu naməlum ölkənin mənzərəsini yaratmağa çalışdılar. Əvvəla, bu keçmiş sovet respublikalarından biridir, deməli bu ölkənin əhalisi hələ pula öyrəşməyib, buna görə orada çox şey hələ ucuz olmalıdır. Onlar müsəlmandırlar və İranla sərhəddə yaşayırlar, buna görə də sovetlərin süqutundan sonra burda müsəlmanlıq güclənməlidir; qadınlar bəlkə hələ çadra taxmasalar da, şübhəsiz, yaylıq bağlayırlar. Başqa keçmiş sovet respublikalarında olduğu kimi burada da prezident üsul-idarəsi yaranmışdır. Və nəhayət burada yüksək keyfiyyətli neftin böyük ehtiyatları var və bu neft uğrunda da müharibə gedir. Amma bu ölkənin kiminlə müharibə apardığını nə qədər çalışsalar da müəyyən edə bilmədilər.

Bundan sonra da hamısı belə hesab etdi ki, bu məlumatlar artıq kifayətdir və ikinci məsələyə keçdilər. İkinci məsələ də bu idi ki, həmin kəşfiyyatçı Azərbaycanda nə ilə məşğul olmalıdır.