Tanınmışlarımız Atatürk haqqında nələr dedi?

19 May 2017 19:42 (UTC+04:00)

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 19 may Atatürkü anma, Gənclik və idman bayramı ilə bağlı fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, bütün dünya xalqlarının tarixində qurucu liderlər olub. Partiya sədri hesab edir ki, qurucu lider ya heçlikdən dövlət yaradan, ya dövlətin əldən getməsinin qarşısını alan, ya da dövləti və xalqı yeni bir sivilizasiyaya, tərəqqi mərhələsinə qaldıran insanlar olur: “Türk tarixində Osmanlı imperiyasının qurucu lideri Osman, yeni dövrdə cümhuriyyətin yaradıcısı isə Atatürk olub. I Dünya müharibəsinin şərtlərini nəzərə alsaq, görərik ki, həmin dövrdə bir çox dövlətlər məhv oldu, yeni dövlətlər meydana gəldi. 35 dövlət Türkiyəyə hücum eləmişdi, qonşusunda Sovet hökuməti kimi nəhəng şər imperiyası mövcud idi, digər tərəfdən Avropanın, bir yandan da İslam dünyasının xurafatçı təzyiqləri vardı. Atatürk həm sovet Rusiyasına, həm Avropaya, həm də xurafatçı İslama qarşı 3 istiqamətdə mübarizə aparıb Türkiyə modeli yarada bildi. Bir tərəfdən İslamı saxladı, amma dinin xurafat hissəsindən imtina elədi. Eyni zamanda Qərbə yaxınlaşdı, amma türk tarixi, təfəkkür və şüurunun assimilyasiya edilməsinə imkan vermədi, üçüncü tərəfdən sovetlərə yaxınlaşdı, ancaq təhlükələri neytrallaşdırdı, onun qarşısında dayana bildi”.

Sərdar Cəlaloğlunun fikrincə, Türkiyəni sıxan 3 əngəl indi də var: “Həm Avropa, həm də Rusiya Türkiyəni məhv eləmək istəyir, həmçinin bəzi müsəlman dövlətləri Türkiyənin sıradan çıxmasını arzulayır. Atatürkün siyasətini eynilə Ərdoğan aparır. Yəni Türkiyənin çox qaragüruha, xurafata yuvarlanması imkan vermir, ancaq İslam dəyərlərini müdafiə edir. Nə də Qərbdən tamamilə üz döndərir. Ərdoğan Türkiyənin qərbləşməsini davam etdirir, nə Rusiya və İranla əlaqələri birdəfəlik kəsir, nə də o ölkələrdən gələn zərərli təsirlərin ölkəsinə buraxılmasına şərait yaradır. Beləliklə, hesab edirəm ki, Atatürk öz dövrünün türk cümhuriyyətinin qurucu lideri, Ərdoğan isə onun yeni dövrdəki varisidir. Atatürkün yaratdığı partiya Cümhuriyyətçi Xalq Partiyası olsa da, Atatürkdən sonra heç bir lider onun siyasi məntiqini tuta bilmədi ki, həmin dövrün mürəkkəb situasiyasında Türkiyə necə xilas oldu. Bu məntiqi Ərdoğan yaxşı tutub. Çünki onun apardığı siyasət Atatürkün əsrin əvvəllərində apardığı siyasətin yeni dönəmdəki “kopya”sından başqa bir şey
deyil”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, Atatürk təkcə Türkiyə Cümhuriyyəti üçün deyil, bütün türk dünyası, o cümlədən azadlıq əldə edənlər üçün böyük insan və qəhrəmandır: “Mustafa Kamal bizim qürur mənbəyidir. Türkiyə Cümhuriyyətinin qurucusu olaraq “sizə cümhuriyyət yaraşır” deyəndə təbii ki, Rəsulzadənin gördüyü işləri, Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi nailiyyətləri rəhbər tutmuşdu.

Həm də o dövrdə dünyada öz azadlığı uğrunda mübarizə aparanlar üçün ən önəmli və nümunəvi simvola çevrilən, hər zaman xatırlanası insandır. Ruhu şad olsun! Atatürk dünyada böyük əməl sahibi olan insanlardan biridir. Osmanlı imperiyasının xarabalıqları arasında Türkiyə Cümhuriyyətini yaradan şəxsiyyətdir, bütün türk cümhuriyyətləri üçün şərəfli insan və qəhrəmandır”.

Xalq artisti Amaliya Pənahova Atatürkü Türk dünyasının böyük şəxsiyyəti hesab etdiyini bildirib: “Atatürk haqda ən gözəl sözləri ulu öndər Heydər Əliyev deyib. O Atatürkü türk dünyasının tarix boyu yetişdirdiyi ən böyük şəxsiyyəti kimi xarakterizə edirdi”.

Xalq artisti Faiq Sücəddinov vaxtilə Kiprdə dərs dediyi zaman Atatürklə bağlı tədbirlərdə fəal iştirak etdiyini dilə gətirib:

“Orda Atatürkün doğum və anım günlərini çox böyük təntənə ilə qeyd edirlər. Tədbirlərdə Atatürkün sözləri, çıxışları, musiqiləri səsləndirilir. Mən hətta Atatürkün çox sevdiyi marşı pianinoda ifa etmişəm. Bir sözlə, o tədbirlər böyük izdihamla keçirilir. Biz ulu öndərimizi necə anıb, onun şərəfinə tədbirlər təşkil ediriksə, Türkiyədə də Atatürklə bağlı tədbirlər belə qeyd olunur. Hətta bizdə daha dolğun, daha rəngbərəngdir.

Atatürkün şəxsiyyətinə, onun gördüyü işlərə gəlincə, o, Türkiyənin ən çətin günündə türkləri yığıb, müstəqillik elan etdi, böyük bir dövlət qurdu. Atatürk bütün türklərin atasıdır”.

Xalq artisti Firəngiz Mütəllimova dəfələrlə Atatürkün ziyarətgahına getdiyini deyib: “Mən hər dəfə Türkiyəyə gedəndə Atatürkün ziyarətgahına gedirəm. Şəkillərim də var. Hətta sizə deyim, evimdə Heydər Əliyevlə Atatürkün çərçivəyə alınmış şəklini də görə bilərsiniz”.

Nərgiz
Nərmin