25 min İŞİD-çi öldürüldü – Növbəti hədəf Telafərdir

17 İyul 2017 11:50 (UTC+04:00)

Teleqraf.com “Hürriyyet”ə istinadla xəbər verir ki, Mosul əməliyyatına rəhbərlik edən general-leytenant Əbdüləmir Yarullah bəyan edib ki, Telafer və digər bölgələrin İŞİD işğalından azad edilməsi üçün yaxın günlərdə əməliyyata başlanacaq.

Qeyd edək ki, iyulun 10-da Mosul şəhəri İŞİD-dən geri alınıb. Mosul əməliyyatı İraq Silahlı Qüvvələrinə baha başa gəlib. Xeyli itkilər olub. Bununla belə Mosul azad edildikdən sonra İraq ordusunun diqqəti İŞİD-in nəzarətində olan digər bölgələrə yönəlib.

Hazırda İŞİD terror şəbəkəsi Telafer və İraq Kürd Muxtariyyətinin əlində olan neftlə zəngin Kərkük şəhərinə qonşu Havcie şəhərinə və onun qərbində yerləşən Ənbar vilayətinə nəzarəti davam etdirir.

Əhalisinin böyük əksəriyyəti türkmənlərdən ibarət olan Telafer şəhəri 2014-cü ilin iyununda İŞİD-in əlinə keçib. Telafer şəhəri Türkiyə sərhəddindən 82 kilometr cənubda yerləşir.

Hazırda İraq türkmənləri də məzhəb fərqliliyinə görə, iki hissəyə bölünüb. Süni türkmənlər daha çox Türkiyə və Şimali İraq Kürd Muxtariyyəti ilə əməkdaşlıq edir. Şiə türkmənlər isə İraqın mərkəzi hakimiyyəti ilə yaxındır, idarəçilikdəiştirak edir və müəyyən qədər İranla əlaqələrə sahibdir.

İraq ordusunun Mosul əməliyyatı ilə başlatdığı antiterror əməliyyatlatı 9 aydır ki, davam edir. Bu müddətdə 25 mindən artıq İŞİD terrorçusu öldürülüb.

Həmçinin İraq ordusuna polis, şiə məzhəbli Haşdi Şabi silahlı polis qüvvələri dəstək verir. Daha çox İran meylli olan Haşdi Şabi silahlı qrupu üzvlərinin sayı çoxdur.

Sirr deyil ki, Şimali İraq Kürd Muxtariyyəti də Telafer, Havcie və Ənbar şəhərlərinə sahib çıxmaq istəyir.

Muxtariyyətin müstəqillik haqqında referendum keçirmək istəyi mərkəzi Bağdad hökumətini məcbur edir ki, qısa müddətə bu əraziləri İŞİD-dən təmizləsin və muxtariyyətin sərhəddi yaxınlığına qədər irəliləsin. Müşahidələr deməyə əsas verir ki, əgər İraq ordusu bu əraziləri İŞİD-dən təmizləyə bilsə və referendum məsələsində Ərbillə fikir müxtəlifliyi ortaya çıxsa, bu zaman kürd-ərəb qarşıdurması qaçılmaz olacaq. Həmçinin yuxarıda qeyd edilən şiə məzhəbli Haşdi Şabi silahlı qruplaşması ilə kürd peşmərgələri faktiki bir-birini düşmən görür.