196 əmlak özəlləşdirilir - Hərrac

17 İyul 2017 14:00 (UTC+04:00)

Komitədən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 196 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 75-i kiçik dövlət müəssisə və obyekti, 101-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Sabirabad Mexanikləşdirmə“, “Zaqatala Fındıq”, “Xəzər Avtonəqliyyat “, “Bərdə Kəndkimya”, “Ucar Tikinti”, “Kürdəmir Aqrotexservis” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 69 min manatla 850 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olanı “Sabirabad Mexanikləşdirmə“ Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən səhmdar cəmiyyətinin səhminin 30%-i 128 min manata yaxındır. Bundan başqa “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyəti də qiymətinə görə digərlərindən fərqlənir. Həmin səhmdar cəmiyyətinin səhminin 30 %-i 126 min manata yaxın təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələri aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Mingəçevir, Sumqayıt şəhərində, habelə Abşeron, Şəmkir, Xaçmaz və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 13 kv.m ilə 2100 kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi paytaxtın Suraxanı rayonunda yerləşən 42 saylı mağazadır. Adı çəkilən əmlak 400 min manata təklif edilir. Ümumi faydalı sahəsi 1712 kv.m təşkil edir. Bakının Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 216 min manat, Qusar rayonunda yerləşən Kərpic sexi isə 210 min manat olmaqla qiyməti ilə seçilənlər sırasındadır.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 12-si respublikanın digər şəhər və rayonlarında, qalanları isə paytaxtda yerləşir.

Qeyd edilməlidir ki, bəzi əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir. Bunlara paytaxtın Qaradağ rayonunda yerləşən dülgər emalatxanasını, Astarada olan 45 saylı mehmanxananı, Xaçmazda yerləşən 8 saylı yanacaqdoldurma məntəqəsini nümunə kimi göstərmək olar.