Qonşusunu şişlə öldürən şəxsə cəza kəsildi - Təfərrüat

10 Avqust 2017 13:31 (UTC+04:00)

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 57 yaşlı Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmədə son sözlə çıxış edən Səxavət Məmmədov əməlindən peşman olduğunu və ədalətli hökm çıxarılmasını istəyib.

Müşavirədən sonra hökm elan edilib. Səxavət Məmmədov 10 il 6 ay azadlıqdan məhrum edilib.

Onun hadisədən sonra polisə könüllü təslim olması ona cəza təyin edilərkən yüngülləşdirici hal kimi qiymətləndirilib.

Səxavət Məmmədov dəfələrlə mübahisə etdiyi qonşusu Müşfiq Şükürova şişlə bir neçə dəfə zərbə endirərək qətlə yetirib.

Hadisə Xətai rayonu Neapol küçəsi 24 ünvanında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib.

Cinayətin baş verməsinə səbəb yataqxananın birinci mərtəbəsində yaşayan Ağdam rayonundan məcburi köçkün, 46 yaşlı Müşfiq Şükürovun qonşusu, Cəbrayıl rayonundan olan məcburi köçkün Səxavət Məmmədovu narahat etməsi olub. Aralarında yaranmış mübahisə zamanı Səxavət Məmmədov qonşusuna şişlə bir neçə zərbə vuraraq öldürüb.

Səxavət Məmmədov qonşusunun nalayiq söyüşlərindən, gecə saatlarına qədər davam edən dava-dalaşından, evə əxlaqsız qadınlar gətirməsindən bezdiyi üçün onunla dəfələrlə mübahisə etdiyini, sonda isə belə bir hadisə baş verdiyini deyib.

Qeyd edək ki, Səxavət Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinir.