Qurbanovun Foqtsdan fərqi

9 Sentyabr 2017 08:58 (UTC+04:00)

Bir dəfə Portuqaliyada Berti Foqtsa sual verdik ki, komandanız sabah hansı nəticə üçün oynayacaq? Bunu sətəlcəm olmuş kimi titrəmə tutdu, cavab verdi ki, biz bura xal almağa gəlməmişik. Başqa sözlə, əlinizi üzün, uduzacağıq.

Elə uduzdular da - 0:3. Bu qoca alman millidə çalışdığı 6 illik dövrdə komandada qalib yox, məğlub psixologiyası formalaşdırdı. Güclü rəqiblərlə oyunda qələbə, heç-heçə haqda düşünən az-az futbolçu olurdu. Normal idi. Məşqçi beynində uğur qazanmağı yox, ancaq pul qazanmağı düşünürdüsə və öz komandasına da bir qram inam yox idisə, bu inamı da formalaşdırmaq həvəsində deyildisə, onun komandası hər oyun uduzmağa məhkum idi.

Bunları nəyə görə yada saldım? Az əvvəl Qurban Qurbanovla müsahibəni oxudum. Deyir ki, “Çelsi” ilə oyunda məğlubiyyətlə barışırıqsa, Londona getməyimizin mənası yoxdur. Məlum, “Qarabağ” heç bir göstəricidə İngiltərənin bu nəhəng klubuna qalib gələ bilməz. Yalnız hansısa bir möcüzə olmalıdır ki, Londonda 3 də yox, 1 xal almaq mümkün olsun. O möcüzə də yəqin ki, olmayacaq. Bu gerçəkliyi Qurban Qurbanov daxil hamı qəbul bilir.

Amma Qurban Qurbanov belə vəziyyətdə nə edir? Bir məşqçi kimi ürəkli danışır, Foqtsdan və foqtskimilərdən fərqli olaraq, verdiyi açıqlamalarla komandasına bəri başdan məğlub psixologiyası aşılamır, futbolçusuna “Ürəkli olun, çıxın oynayın, qorxmayın!” deyir. Rəqib nəhəng “Çelsi” olsa belə…

Rəhmətlik Əhməd Ələsgərov da belə idi. Bugünlərdə Anar Şabanoğlunun onun futbolçuları uğura necə kökləməsi barədə yaxşı bir yazısı vardı. Əhməd Ələsgərov həm də psixoloq idi və onun sayəsində 1999-cu ilin sentyabrında bizimkilər nəhəng Portuqaliya millisindən xal almışdı.

Foqts isə həmin Portuqaliya millisi ilə oyundan qorxurdu. Bizim milli komanda da məşqçisinə baxıb çox vaxt qorxaqcasına futbol oynayırdı və layiq olduğu məğlubiyyətləri də alırdı.

Hə, uğur təkcə bir məşqçinin ağıllı taktiki gedişləri ilə qazanılmır. Məşqçidə bir az ürək, cəsarət də olmalıdır. Olmayanda özün olursan Foqtsun, komandan da olur bizim millinin tayı...

Elə komandanın oyununa baxmaqdansa, “İdman”da öküz yarışına baxmaq yaxşıdı…
“Qarabağ”a uğurlar…