Abutalıbovun bolşevik qonşuları

10 Sentyabr 2017 12:56 (UTC+04:00)

Dünən Türkiyədən gələn qonağımız Haluk bəylə İçərişəhər və İstiqlaliyyət küçəsindəki əntiq əşya mağazalarını, kitabçıları gəzdik.

Bu yerləri dolaşdıqca bir tərəfdən gələn il Azərbaycan Cümhuriyyətinin yüz illiyi ilə bağlı hazırlayacağımız kitabları, digər tərəfdən də yüz il öncə bu ərazidə keçirilən paradları, təntənələri düşündüm.

Cümhuriyyət parlamentinin binasının önündən keçdik. Divarda ancaq yüz adamdan beşinin görə biləcəyi bir lövhə vurulub. Üzərində bu binada Cümhuriyyətin parlamentinin yerləşdiyi yazılıb.

Xüsusi axtarmasan, əsla görə bilməzsən.

Mən o binadakı balkonu düşündüm. Şəxsi kolleksiyamda Cümhuriyyətin bir illiyinin keçirildiyi törənin fotosu var. O fotoda həmin balkondan bayraqlar asılıb. Oradan Cümhuriyyət liderləri xalqa səslənib. “Bir kərə yüksələn bayraq, bir daha enməz” deyə bu gün də qəlbimizi riqqətə gətirən kəlmələr o binada səslənib. Amma hər gün minlərlə adam o balkonun altından keçərkən bunları düşünürmü? Yox. Çünki bilmirlər.

Amma həmin balkondan bir addım irəli gedəndə isə “Azərbaycan SSR” ilə qarşılaşırsan. 1920-ci ildə ölkəmizi işğal edən, Cümhuriyyətimizin varlığına son qoyan düşmənlərimizin qırmızı ulduzları qarşımıza çıxır.

Yolun sol tərəfində isə Abutalıbovun bolşevik qonşuları hələ də “yaşayır”. Dadaş Bünyadzadə və başqaları. Meriyaya yaxın ara küçələrin birində isə Ayna Sultanova və əri hələ də varlıqlarını qoruyurlar.

Bütün bunlar Hacıbala müəllimin hər gün işə gedərkən qarşılaşa biləcəyi mənzərələrdir.

***

Hörmətli, Hacıbala müəllim. Mənim Sizə böyük hörmətim var. Səmimi deyirəm. Bakının yenidən qurulmasının memarlarından biri də Sizsiniz. Bakıda yaşamağa başladığım vaxtdan gələn il 20 il ötəcək. Bu 20 il ərzində Bakının tamamilə dəyişdirilməsi, gözəlləşdirilməsi həm də Sizin adınızla bağlıdır. Düzdür, Bakının yaşıllığı xeyli məhv edildi, amma Bakı modern bir Avropa şəhərinə döndü. Təsadüfi deyil ki, bu gün ölkəmizə axın edən ərəbləri, farsları Bakı bir Şərq paytaxtı kimi deyil, Qərb paytaxtı kimi cəlb edir. Ona görə də qaldırdığım bu problemə diqqət etməlisiniz.

Məsələn, şəhərimizin qonaqları ilə İstiqlaliyyət küçəsindən keçərkən divarda lövhəsi asılan insanların kim olduqlarını Sizdən soruşanda nə cavab verəcəksiniz? Dadaş Bünyadzadənin kim olduğunu avropalı qonağınıza necə açıqlayacaqsınız? Ona deyəcəksinizmi ki, müsəlman Şərqində qurduğumuz ilk cümhuriyyəti devirənlərin yanında yer alan vətən xainlərindəndir? Sizin haqqınızda nə düşünərlər? Və ya Sizdən Ayna Sultanovanın kim olduğunu soruşduqda (ki, ən çox bunu soruşa bilərlər, şəhərimizin ən gözəl yerində heykəli var) Siz onu necə təqdim edəcəksiniz?

Və ya Sizin nəvəniz Çingiz İldırım küçəsi ilə gedərkən bu adamın kim olduğunu soruşduqda nə deyəcəksiniz? Deyəcəksinizmi ki, o adam 1918-ci ildə qurduğumuz dövlətin devrilməsində birbaşa rol oynayıb? Əgər bunu desəniz, nəvəniz deməzmi ki, bəs axı cənab Prezident həmin Cümhuriyyətə böyük önəm verir, yüz illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb, bu ziddiyyət necə olur?

Hörmətli, Hacıbala müəllim. Əlqərəz, mən Sizin bu gün bolşevizmlə mübarizədə atdığınız mətin addımları dəstəkləyirəm. İstər “26-ları” yaşatmaq istəyənlər, istərsə də Cümhuriyyətimizə düşmən olan ünsürlərlə savaşınıza yaxından dəstək də verə bilərəm. Amma bu mübarizəni ilk öncə öz ətrafımızdan başlamalıyıq. Bakı meriyasının ətrafı bolşevik qonşularınızla doludur. O lövhələrin sökülməsi üçün işçi qüvvəsinə ehtiyacınız varsa, məmnuniyyətlə, özüm və gənc dostlarım iştirak edə bilərik. Təki ölkəmiz bu virusdan əbədi xilas olsun. Axı biz “Bakı Soveti” metrosunun adını dəyişdik, Sahil bağından məzarları və abidəni götürdük...

Axın Sizin gözünüzün qabağında Leninin, Qırmızı Ordunun heykəlləri söküldü. İndi bu kiçik xatirə lövhələrinin, “SSR” yazılarının qalmasının bir anlamı varmı?

Cümhuriyyətin yüz illiyini onu yıxanlara dəstək olanlarla birlikdə keçirməyə məcburuqmu? Rəsulzadənin heykəlinin olmadığı şəhər mərkəzində onlara xəyanət edən Nərimanovun heykəlinin qalmasına necə dözürük?

Sabah kimlərsə çıxıb diriltməyə çalışdıqları Bağırova heykəl qoysalar, göz yumacaqsınız?

Ona görə də bolşevizmin bu ölkədə yenidən dirilməməsi üçün Sizin addımlarınızı dəstəkləyir, daha da mətin olmağınızı arzulayırıq.