“Qarabağ”ın oyunu niyə Ağdamda keçirilmir? - Britaniya KİV

12 Sentyabr 2017 18:12 (UTC+04:00)

Britaniyanın məşhur "Daily Mail" nəşri bu gün "Qarabağ" futbol klubu haqda geniş yazı dərc edib.

Teleqraf.com xəbər verir ki, yazıda komandanın ev oyunlarını ermənilərin üzündən Ağdamda deyil, məcburən Bakıda keçirməsi məsələsi xüsusi qeyd olunub.

İngilis mətbuatının “Çelsi” ilə qarşılaşacaq "Atletlər" kimi tanınan “Qarabağ” müharibə səbəbi ilə 24 ildir ki, evdə oynamır” başlıqlı yazısında deyilir:

“Qarabağ haradan gəldi?

"Atlılar" ləqəbli “Qarabağ” ÇL-in ev oyunlarını hazırda Azərbaycanın paytaxtı olan Bakıda keçirir. Ancaq bu həmişə belə olmayıb. Klub 1951-ci ildə qurulduqda onlar qərbdən təxminən 150 kilometr aralıda olan Ağdam şəhərində idi. 24 il əvvəl Dağlıq Qarabağ müharibəsində ermənilər Ağdam şəhərini məhv etdikdən sonra onlar öz evlərini tərk etmək məcburiyyətində qaldılar.

Azərbaycan və qonşu Ermənistan arasındakı bu münaqişə 1988-ci ildən 1994-cü ilə qədər 25 – 30 min arası insanın həyatına son qoydu. Həmin münaqişə bu gün də davam edir.

Müharibənin ilk iki ilində klubun İmarət stadionu düz iki dəfə erməni artilleriyası tərəfindən atəşə tutuldu və zədələndi. Lakin şükürlər olsun ki, hər iki halda həmin vaxt stadionda heç kim yox idi.

1992-ci ildə “Qarabağ”ın məşq bazası da bombalandı, amma onlar bundan qorxmadı, futbolçuların məşq yeri təhlükəli minalardan təmizləndi və məşqlər davam etdirildi.

Ağdam 1993-cü il iyulun 23-də erməni işğalçılarının əlinə keçdi. Bu münaqişə üzündən “Qarabağ” öz evini Ağdamdakı İmarət stadionundan Bakıya köçürdü.

Bu gün iki ölkə arasında qorxulu bir sülh mövcuddur və artıq Ağdam "Qafqazın Xirosiması" adlanan bir şəhərdir”.

Yazıda Qurban Qurbanovun kimliyi də müzakirə olunub:

“Bəs ”Qarabağ”ın meneceri kimdir?

Bu gün 45 yaşlı Qurban Qurbanov ölkənin ən uğurlu futbol meneceridir.

“Qarabağ”ın son 8 il ərzindəki uğurlarını və yüksəlişini nəzərə alaraq, Qurbanovun bir sıra ilklərə nail olduğunu söyləmək olar. Oyunçu kimi, o, Azərbaycan milli komandası üçün 63 oyunda 12 qol vurub. Bu gün isə komandanın baş məşqçisidir”.