Qızlığına təcavüz edən atanı hansı cəza gözləyir?

13 Sentyabr 2017 16:13 (UTC+04:00)

Balakəndə atalığı tərəfindən zorlananan və nəticədə hamilə qalan 12 yaşlı qızın atası 8 ilədək müddətə azadlıqdan məhrum oluna bilər.

Bunu Teleqraf.com-a açıqlamasında “Faustus” Hüquqi Xidmətlər Mərkəzinin direktoru, hüquqşünas Vasif Rzayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsinə əsasən zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma sayılır:

“16 yaşına çatmayan qızla əlaqədə olduğu üçün onun əməli iki maddə ilə dəyərləndirəcək. 16 yaşı tamam olsaydı və zorlanma hadisəsi olsaydı, birbaşa 149.1-ci maddəsi ilə dəyərləndiriləcəkdi. Amma burada həm azyaşlının iradəsinə zidd hərəkət var, həm də şəxsin əməlində qızın yaşının az olması ilə bağlı digər cinayət tərkibi də yaranır”.

Hüquqşünas qeyd edib ki, qızı zorlayan şəxsin əməli eyni zamanda da AR Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə tövsif olunacaq:

“Qeyd edim ki, 29 may 2015-ci il tarixli 1296-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 152-ci maddənin mətni yeni redaksiyada verilib. Həmin maddəyə əsasən, on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayətdir. Bu zaman da təqsirləndirilən şəxsi 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir”.