“Rasim Balayevlə əvvəldən də razılaşmamız vardı...” – Elvin

12 Oktyabr 2017 08:43 (UTC+04:00)

Elvin Əhmədov 1990-cı il fevralın 3-də Salyanda anadan olub. Bakıda 10 saylı məktəbdə təhsil alıb. Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar və tədbirlər rejissoru fakültəsini bitirib.10-larla film və seriala çəkilib. Baş rolda iştirak etdiyi "Dolu" bədii filmi 2013-cü ildə "Zirvə" mukafatina layiq görülüb.

Elvin Əhmədovun quruluşçu rejissor kimi ilk lentə aldığı film detektiv, triller janrinda çəkilmiş "Sara"dır. Filmdə Elvin Əhmədov xalq artisti Rasim Balayevlə tərəf-müqabil olub.

Teleqraf.com Elvin Əhmədovla müsahibəni təqdim edir.

- Elvin bəy, belə bir sualdan başalyaq: Kino nəyə lazımdır?

- Kino bütün bəşəriyyətə və bütün insanlara lazımdır. Mənim üçün bəşəriyyətin ikinci başlanğıc nöqtəsi məhz kinonun yarandığı dövrdür. Kino özü ayrı bir dünyadır.

- “Bəyin oğurlanması” filmində deyir, bu kino ki var, çox qəliz məsələdir...

- Düz deyib... Azərbaycanda xüsusilə qəlizdir.

- Bəs, sizə hansı yaxındır – teatr, yoxsa kino?

- Tamaşaçı kimi teatr, yaradıcı insan kimi kino... Mənim həyatım kinoya bağlıdır. Teatrı tamaşaçı kimi sevirəm.

- Sizcə, aktyor ölkə gündəmini izləməlidirmi? Yoxsa o öz işiylə məşğul olmalıdır?

- Ümumiyyətlə, filmlə məşğul olan insanlar - rejissor, operator, rəssam, bəstəkar, eləcə də aktyor ölkə gündəminə biganə qalmalı deyil. Lap elə dünya gündəminə də. Bu, hər bir şəxsiyyətə lazım olan bir şeydir. Məlumatlı olmağın nəyi pisdir ki? Mən özüm gündəmi izləyirəm. Aktyor və rejissor kimi ilk növbədə öz işimlə məşğulam, amma çalışıram gündəmdə baş verənlərdən də xəbərim olsun.

- Milli kino sənayesində hansı problemlər var və o problemləri necə həll etmək olar?

- Açığını desək, kino sənayesində ciddi problemlər var. Həmişə demişəm, kinoya ilk növbədə ciddi dövlət dəstəyi olmalıdır. Sahibkarlar filmlərə daha çox maliyyə ayırmalıdırlar. Kinomuzun inkişafı üçün maliyyədən önəmli ikinci bir şey yoxdur.

Fikrimcə, bizim dünya səviyyəli peşəkar kino işçilərimiz və yaradıcı insanlarımız var. Sadəcə onlara güvənmək lazımdır. Eyni zamanda şərait yaradılmalıdır ki, həmin peşəkarlar gənc varislər yetişdirə bilsinlər. Belə deyək, yaradıcı nəslin artması üçün təhsil vacibdir. Almaniyada, Amerikada, Türkiyədə və başqa ölkələrdə təhsil almaq yaxşıdır.

Öz peşəkarlarımız bizim problemləri daha yaxşı bilirlər. Ona görə ölkəmizdə yüksək səviyyəli kino məktəbləri formalaşdırılmalıdır.

- Puldan vacib nələr var?..

- Puldan vacib mənəvi dəyərlərimiz var. Düzdür, hər şey pulla ölçülmür. Amma pul yaşayış vasitəsidir. Sənət adamlarına da, sıravi vətəndaşlara da pul lazımdır.

- Kinomuzda potensiallı gənclər kimlərdi? Bəs özünüz?..

- Adbaad qeyd edə bilməyəcəyəm. Amma Azərbaycanda yetərincə potensiallı gənclər var. Mən özüm haqda deyə bilmərəm ki, potensiallıyam, ya yox. Bacardığım qədər çalışıram ki, tamaşaçını razı sala bilim. Narazılıq, məsuliyyətsizlik olmasın. İşimdə geriləməyim.

- Sizi tanıdan hansı rolunuz və ya filminiz oldu?

- Bu, çoxlarına bəllidir. Mən “Dolu” filmindən sonra tanındım. Çəkildiyim seriallarda da yaddaqalan obrazlarım oldu. Digər aktyorlarla müqayisədə seriallarda az görünmüşəm. Çalışmışam ki, yaddaqalan obrazları oynayım.

“Sara” filmi də mənim üçün növbəti təcrübə oldu. Orda həm rejissor, həm də aktyor kimi çıxış etdim. Düşünürəm ki, nə vaxtsa “Sara”nı bütün Azərbaycan tamaşaçısı tanıyacaq. Amma bu iş hələ irəlidədir. Yavaş-yavaş baş verəcək...

- Aktyor kimi daha çox tanınmaq istəyirsiniz, ya rejissor kimi?

- Həm aktyor, həm də rejissor kimi çalışacam ki, yetərincə irəliləyə bilim. Aktyor kimi tanınmaq daha əlverişlidir, çünki aktyor ekrandadır, elə tanınmaq üçündür. Tamaşaçı ona baxır, ona rəğbət bəsləyir. Rejissor isə tamam başqa dünyadır. Əsas peşəm rejissor olsa da, aktyor kimi də fəaliyyətimi davam etdirirəm.

- Aktyor kimi çəkilişlərdə vaxtı rejissora tabe olursunuzmu? Yoxsa öz rejissor ideyalarınız buna imkan vermir?

- Aktyor kimi həmişə rolları bəyənib, sonra çəkilmişəm. Serialda da, filmdə də əvvəl rolla tanış olmuşam. Qane edibsə, razılıq vermişəm. Təbii ki, rejissorun kimliyinə də diqqət eləmişəm. Mənimçün bu da çox önəmlidir. Ona görə çəkiliş meydançasına çıxanda, rolu qəbul edəndə rejissora tamamilə tabe oluram. İşin qaydası budur.

Amma səmimiyyətə və münasibətə sığınıb, hərdən təkliflər də verirəm. Uyğun olanda razılaşırlar. Olmayanda mən hörmətlə yanaşıram. Problem yoxdur...

- İlk rollarınıza indi baxanda nə düşünürsünüz?

- Düşünürəm ki, qocalıram, yaş gedir. Görünüşüm əvvəlki deyil.

- Sizcə, eyni adlı filmdə Saranın başına gələnlərin səbəbi nə idi?

- İnsan taleləri Saranın ətrafında dolandığına görə filmin adı “Sara”dır. Onun başına gələnlər hər bir insanın başına gələ biləcək səbəblərlə bağlıdır, amma filmdə bizim topluma görə qeyri-real hadisələr cərəyan edir.

- Bu gün həmin film yenidən kinoteatrlara qayıdıb. Nə dəyişiklik olub?

- Film qayıdıb, amma heç bir dəyişiklik olmayıb. Sadəcə baxmayanlar üçün yenidən qoyduq kinoteatra. “Sara” ilə bağlı başqa işlər də olacaq.

- Həyatınız boyu rüşvət vermisiniz?

- Nə rüşvət almışam, nə də vermişəm.

- “Dolu”da baş rola necə dəvət aldınız?

- “Dolu”da məni baş rola rejissor Elxan Cəfərov çəkdi. Filmdə rejissor assistenti idim. Praktikadan sonra ilk peşəkar işim idi. Baş rola çəkilməyim təsadüfən oldu. Halbuki alternativlər də vardı. Elxan müəllim qəfildən, gözləmədiyim halda məni foto və video sınağa göndərdi ki, səni yoxlayaq. Sonra da təsdiqlədi.

Mənə o kollektivdə doğma adlar çoxdur. Drakon obrazını oynayan Rza Rzayev, digər rolların ifaçıları Cavanşir Hadıyev, Faiq Kərimoğlu, Vüqar, Rövşən – hamısı yaxın dostlardır. Birinin adını çəkib, digərinin adını çəkməmək düz gəlmir. “Dolu”dan mənə doğma xatirələr qalıb.

- Deyirlər, “Dolu”nun ssenari müəllifi Aqil Abbas sizin əminizdir. Düzdür?..

- Aqil Abbası çox istəyirəm. Mənə çox doğma insandır, dəyər verdiyim şəxsdir. Ona əmi deyirəm, məndən yaşca böyükdür. Əmim yaşındadır.

- Hansı halda kinodan gedərsiz?

- Ümumiyyətlə, kinonu nəzərdə tutursuzsa, yaşaya bilmədiyim situasiyada bəlkə məcbur qalıb, kinodan birdəfəlik gedərəm. Bəzən mənə küskünlük hissi gəlir, amma ürəyimdə sənət sevgisi çox güclüdür.

Hansısa bədii filmə təsdiqlənib, ya heyətə daxil edilib, sonra ordan uzaqlaşmağım söhbət mövzusudursa, onda vəziyyət bir az başqa cürdür. Özümə və ya yaxın bildiyim insana qarşı haqsızlıq görsəm, o yerdə, o heyətdə qalmaya bilərəm.

- Öz çəkdiyiniz filmi nəyə dəyişərsiz?

- Filmimi heç nəyə dəyişmərəm.

- Rasim Balayevi filmə çəkəndə ona rejissor göstərişlərini verə bilirdiniz?

- Rasim Balayev çox böyük aktyor olduğunu bizim filmdə də göstərdi. Çünki rejissor göstərişləri verməyimi özü istəyirdi. Əvvəldən də razılaşmamız vardı. Yəni onunla istədiyim kimi çox rahat işlədim. Gənc və orta yaşlı aktyorlarla necə işləyirdimsə, Rasim müəllim də şərait yaratdı ki, onunla da rahat işləyək.

Çox sağ olsun, diqqətlə qulaq asırdı. Təklif də verirdi, verilən təkliflərə də qulaq asırdı.

- Rasim bəy “Sara”nın premyerasına niyə gəlmədi?

- Rasim müəllimlə axır günə qədər tez-tez danışırdıq. Son günlərəcən təqdimata gəlmək istəyirdi, amma axır iki gündə belindən ağrılar tütdü, təqdimatda iştirak edə bilmədi.

- Hazırda hansı işlərlə məşğulsunuz? Hansı filmlərə, seriallara çəkilirsiniz?

- Serial axını yaranıb, amma heç birinin çəkilişi hələ başlamayıb. Hazırda gözləyirik. ATV-dən, ARB kanalından təklifim var. “Fərid və Leyla” serialı çəkiləcək və efirə qış aylarında gedəcək. Serial 12 bölümdən ibarət olacaq. Rejissoru Nicat Qafuroğludur. Orda baş rolda – Fərid obrazındayam.

Bu yaxınlarda Faiq Kərimoğlunun “Şirin xəyallar” serialının da çəkilişi başlayacaq. Onun ikinci bölümündə Cavid obrazını yaradacam.