Siqaret almağa gedən qızın acı xatirəsi...

10 Noyabr 2017 08:57 (UTC+04:00)

Balaca uşaq idim. O vaxtlar ancaq AzTV-yə baxa bilirdik. Televizorumuzu da təzə almışdıq, adamları rəngli göstərirdi. Bütün reklamların, bütün anonsların sözlərini əzbər bilirdik. Bilirdik ki, saat neçədə xəbərlər başlayacaq, neçədə Ceyran adlı aparıcının verilişi, neçədə mutfilm, neçədə “Sandıq” filmi... Uşaqlığımın bütün xatirələri AzTV-nin proqramlarından ibarətdir. Sonra o biri kanallar açıldı, AzTV-ni bəyənmədik. Guya gözümüz açıldı. Amma indi fikirləşirəm ki, elə ən salamatı, məsumu AzTV imiş: problemlərsiz, əndişəsiz, qəzasız, xətasız, cinayətsiz, şousuz...

Yadıma gəlir, AzTV-də siqaret çəkməyin ziyanından danışılan bir çarx verirdilər. Bacımla mən o çarxa baxanda çox pis olurduq, hətta bacım ağlayırdı. Çünki atamız günə üç paket siqaret çəkirdi. Bacım həmişə anama deyirdi ki, kaş elə bir dərman olaydı, atam atsın, daha siqaret çəkməsin. Bu gün isə siqareti tərgitmək üçün qarşıma onlarla həb reklamı çıxır. O həblə atamın arasında bir neçə saatlıq məsafə var. Amma almaq istəmirəm, almıram. Çünki atam içindəki ağırını siqaretlə çıxarır. Mən dəqiq bilirəm və əminəm ki, atam siqaret çəkməsə yaşaya bilməz!

Evin balacası mən idim deyə, atam siqaret almağa məni göndərirdi. Bir gün mağazadan evə qayıdandan atamla dalaşdım. Dedim ki, daha sənə siqaret alan deyiləm! Get özün al. Mən daha böyümüşəm və sənə siqret alanda utanıram. Səhəri gün atam mağazaya özü getdi, hər gün siqaretini özü alırdı. Hər gün anam da deyinirdi ki, atam siqareti az çəksin. Anam deyindikcə atam siqareti azaltmaq yerinə üç gilə, dörd gilə daha çox çəkirdi. Sonra atam çıxıb getdi. Ona mesaj yazdım: “Ata, bağışla! Qayıt, söz verirəm, siqaretini özüm alacam”.

Cavab vermədi, yenə mesaj yazdım: “Ata, hardasan?”. Guya harda olduğunu desə, yanına gedə biləcəkdim. Sonra bərk xəstələndim. Atamı istədim. Təzədən mesaj yazdım: “Ata, hardasansa, o yerdən zəhləm gedir”. Ardınca: “Görüm o yeri xaraba qalsın”. Bir də: “Ata, görüm o yerdə bir nəfər də olsun adam qalmasın, hamısı qırılsın”. Sonra qırx bir qızdırma ilə atama yenə mesaj yazdım: “Ata, gəlmə, səni çox istəmirəm!”.

Üstündən bir həftə keçdi, atam zəng elədi.

– Qızım, yoldayam.

– Ata, hara gedirsən?

– Qazaxıstana! Sərhədi keçib qayıtmalıyam.

Telefonu söndürdüm. Elə bilmişdim ki, atam yanımıza qayıdır. Elə bilmişdim ki, Bakıya çathaçatdadı. Ürəyimdən ağır bir hiss keçdi: kaş günə beş paket siqaret çəksin. Lap altısın çəksin! Mənə nə?! Sonra gözmümün qabağına AzTV-nin reklamdakı çürümüş ağciyər şəkli gəldi, ağladım. Lənətə gəlmiş reklam! Görəsən, o reklamı çəkən adam heç utanmır? Bilmir ki, atası siqaret çəkən qız o ağciyəri görüb özünü öldürə bilər? Neçə dəfə özümü öldürmək haqda düşünmüşdüm. Mən bilirdim, dəqiq bilirdim ki, o atamın ciyərləridir. Çünki atam öskürəndə onun ciyərlərini görürdüm. Görürdüm ki, yanıb, çoxdan yanıb, artıq kömür kimidir.

AzTV-nin ən kədərli, ən ümidsiz yeri o reklam idi. Başqa hər şey qaydasında idi. Hamı xoşbəxt idi, hər şey yolunda idi. AzTV-yə görə təkcə mənim atam üçün hər nə yolunda deyildi, təkcə mənim atam uduzmuşdu, təkcə mənim atam yaşamırdı... Ürəyim dörd divar arasında sığmırdı, sıxılırdı...

Bir gün isə pilləkənin başına çıxdım, şaxta burnumun içinə, qulaqlarıma, gözlərimin qarasına, əllərimin içinə doldu. Titrətdim, Şamaxının Qaleybuğurd kəndində dağın maşınlar gələn yoluna baxdım və çağırdım:

– Ata, hardasan?..