İranda ölü sayı 530-a çatdı: 7500 yaralı - Video/Yeniləndi

14 Noyabr 2017 16:42 (UTC+04:00)

08:15

İraqda baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlər daha 6 ölkədə hiss edilib.

Teleqraf.com xəbər verir ki, məlumatlarda zəlzələnin İran, Türkiyə, Azərbaycan, Küveyt, Səudiyyə Ərəbistanı və Suriyada hiss edildiyi bildirilib. Güclü zəlzələ İranda çox sayda insan tələfatına yol açıb.

Amerikanın Geoloji Araşdırmalar Mərkəzinin bildirdiyinə görə, zəlzələnin episentri İraqın Hələbçə şəhərinin cənubunda, yerin 33,9 km dərinliyində olub.

Zəlzələ nəticəsində, İranın Kirmanşah əyalətinin bir neçə şəhərində yüzlərlə evə ziyan dəyib.

Güclü zəlzələ əyalətin Sərpol Zəhab, Səlas Babacani və Qəsr Şirin və digər şəhərlərində ən azı 155 nəfərin ölümünə, 1500-dən çox insanın xəsarət almasına səbəb olub. Ən çox insan tələfatı isə Sərpol Zəhab şəhərində qeydə alınıb. Təbii fəlakətin baş verdiyi bölgələrə təcili yardım maşınları, xilasedici qüvvələr və texnika cəlb edilib.

Hadisədən sonra bölgədə çoxlu güclü yeraltı təkanlar qeydə alınıb. Baş vermiş zəlzələ ilə bağlı Kirmanşah əyalətində 3 gün matəm elan edilib.

Beynəlxalq Qızıl Aypara cəmiyyətindən verilən məlumata görə, zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.

***

09:10

İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində İranda ölü sayı 164 çatıb.

Bununla bağlı İran Səhiyyə Nazirliyi məlumat verib. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağı istisna edilmir.

***

09:27

İran rəsmilərinin verdiyi məlumata görə, zəlzələ nəticəsində 141 nəfər itkin düşüb. Onların dağıntılar altında qaldığı bildirilib.

Zəlzələ zamanı 1683 nəfərin xəsarət aldığı deyilir.

Hazırda İranda dağıntılar altında qalan şəxslərin xilasına başlanıb.

***

10:00

İranda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 200-ə çatıb.

Bununla bağlı ölkənin səhiyyə nazirinin müavini Qasım Can-Babayi məlumat verib.

Qeyd edilir ki, bu, bölgədə son 60 ildə baş verən ən güclü zəlzələdir.

***

10:22

İranda zəlzələ nəticəsində azı 211 nəfər həlak olub.

Bununla bağlı İranın Böhran Vəziyyətlərində İradəetmə Mərkəzi məlumat verib. Bildirilib ki, dağıntılar altında çox sayda insan qalıb. Hazırda onların xilasedilməsi əməliyyatı davam edir.

Ümumilikdə, hadisə zamanı 1700 nəfər yaralanıb.

***

11:08

Güclü zəlzələ nəticəsində İranda ölənlərin sayı durmadan artır.

Rəsmi məlumatlara görə, zəlzələ qurbanlarının sayı 214-ə çatıb. Hadisələr zamanı azı 2500 nəfər yaralanıb. 100-dən çox insanın isə itkin düşdüyü bildirilib.

***

12:33

İranda zəlzələ nəticəsində ölənlərin sayı 339-a çatıb.

İran Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 2800 nəfər xəsarət alıb və xəstəxanalara yerləşdirilib.

***

14:02

İran Səhiyyə Nazirliyinin məlumatına görə, zəlzələdən sonra ölkə xəstəxanalarına 3950 yaralı daxil olub.

Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Rəsmilər dağıntılar altında qalan insanların sağ ola biləcəyinə ümid edirlər.

***

14:42

Zəlzələ nəticəsində İranda ölənlərin sayı 350-ə çatıb.

Rəsmi məlumatlara görə, dağıntılar zamanı 5340 nəfər xəsarət alıb və xəstəxanalara yerləşdirilib.

***

16:32

İranda baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində 372 nəfər həlak olub.

Məlumatlara görə, daha 6000 nəfər isə xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

17:00

İrandakı dağıdıcı zəlzələ artıq 400 nəfərin həyatına son qoyub.

Hadisə zamanı 6650 nəfər isə xəsarət alaraq, xəstəxanalara yerləşdirilib.

***

18:34

Son məlumata görə, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 407-ə çatıb.

Teleqraf.com-in məlumatına görə, bu rəqəm İranın yerli mediası tərəfindən səsləndirlib.

Yaralıların sayı isə təxminən 6700 qeyd olunur.

***

13.11.17 19:45

Son məlumata görə, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 450-ə çatıb.

Teleqraf.com-in məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralıların sayı isə təxminən 7100 qeyd olunur.

***

Noyabrın 12-də İran-İraq sərhədində baş verən zəlzələnin qurbanlarının sayı durmadan artır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 7,2 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 530-a çatıb.

Rəsmi məlumatlara görə, hadisə zamanı 7500 insan xəsarət alıb.

Hazırda İran rəsmiləri ölkədə dəyən ziyanın miqdarını araşdırır.