“Ermənistan İslam Respublikası…” - Yeni etnosiyasi problem

14 Noyabr 2017 09:48 (UTC+04:00)

…bu layihələrin həyata keçirilməsi üçün ABŞ-ın, Avropa İttifaqının, Almaniyanın müxtəlif təşkilatları Türkiyədə müsəlman ermənilərin və həmşinlilərin sıx yaşadlıqları ərazilərə, xüsusilə Türkiyə üçün strateji əhəmiyyət daşıyan Qara dəniz bölgəsinə böyük məbləğdə vəsait yönəltmişlər. Ermənistanın “Arminfo” informasiya agentliyinin 2015-ci ildə yaydığı məlumatda bildirilir ki, ABŞ-ın xüsusi xidmət orqanları vaxtilə Türkiyənin şimal-şərq ərazilərində rəsmi Ankara üçün yeni etnosiyasi problemin – müsəlman ermənilərdən ibarət müstəqil “Ermənistan İslam Respublikasının” yaradılması mümkünlüyünə dair qapalı tədqiqatlar aparmışlar. Onu da əlavə edək ki, ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünyada insan hüquqlarının mühafizəsinə dair hazırladığı hesabatda Türkiyə Respublikası əsassız olaraq erməniləri etnik və dini mənsubiyyətlərinə görə diskriminasiya etməkdə, onların nifrət obyektinə çevirilməsində, ən nəhayət, “erməni” etnoniminin ölkədə aşağılayıcı ifadə kimi işlədilməsində ittiham olunmuşdur.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər. – red) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.

Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.

Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

İran parlamentinin erməni əsilli deputatı, daşnak Karen Xanlaryan (Xanlari) təmsil etdiyi dövlətin maraqlarını nəzərə alaraq, həmin məsələyə arxiyepiskop Qalustyandan fərqli yanaşmış, ermənilərin təsnifatını əyalətlə məhdudlaşdırmamış, Türkiyəyə “etnoqrafik səfərləri” nəticəsində burada yaşayan bütün erməniləri aşağıdakı kateqoriyalara bölmüşdür:

1. Üç əsas “erməni xristian məzhəbindən” (qriqorian, katolik, protestant) birinə mənsub olan və İstanbul erməni icmasına inteqrasiya edilmiş “rəsmi” ermənilər.

2. Həmşinlilər də daxil olmaqla bütün müsəlman ermənilər.

3. Etnik mənsubiyyətlərini başqalarından gizlədərək müsəlman olduqlarını söyləyən, lakin yaddaşlarında etnik kökləri ilə bağlı məlumatları mühafizə edən gizli ermənilər.

Bu tipli təsnifatların hazırlanması, siyasi tələblərə uyğunlaşdırılması Ermənistanda da davam etməkdədir. Məsələn, yuxarıda adı çəkilən türkoloq Ruben Melkonyan Ermənistanın müsəlman ermənilərə dair siyasətini nəzərə alaraq, Şərqi Anadoluda, Qara dəniz bölgəsində və İstanbulda yaşayan bütün erməniləri dini mənsubiyyətə görə deyil, etnik özünüdərk prinsipi əsasında cəmi iki qrupa bölməklə kifayətlənmişdir:

1. Etnik kimliklərini və xristian dininə mənsubiyyətlərini qorumuş ermənilər.

2. Etnik mənşələrinin erməni olduqlarını bilən, lakin assimilyasiya edilmiş ermənilər.

Bununla belə, hazırda Ermənistanın milli identiklik sarıdan ən böyük problemi məhz ermənilərin məlum və naməlum “etnik qruplarının” dəqiq təsnifatının, xüsusilə “erməni identikliyinin” meyarlarının hələ də dəqiq müəyyən olunmamasıdır. Nəticədə, bir çox hallarda erməni dilinin guya 250 (?) dialektə bölündüyünü nəzərə alaraq, onların hər birinin “hayların qədim etnik qrupuna” məxsus olması iddia edilir. Son elmi-siyasi materiallarda yeni bölgülərə də rast gəlinir. Lakin həmin təsnifatlarda fantastik, hətta paranoyal ideyalar elmi dövriyyəyə gətirilmişdir. Məsələn, tarix elmləri namizədi Karine Qriqoryan “Erməni xalqının subetnik qrupları” adlı əsərində bu xalqın aşağıdakı etnik qruplardan ibarət olduğunu göstərir:

● çərkəzohaylar və ya ermellər – Şimali Qafqazda adıq dilində danışan “dağ erməniləri”;

● “irandilli ermənilər”, “tatdilli ermənilər” və ya “tat ermənilər” – irandilli xalqların assimilyasiyasına məruz qalan ermənilər;

● zoklar – Ermənistan alimlərinin fikrincə, Naxçıvan ərazisindəki Aqulis (Əylis) kəndində yaşamış ermənilər. Bəzi elmi qənaətlərdə isə zokların qriqorian məzhəbinə tapınmış yəhudilər olduqları bildirilir;

● satlar – qriqorian məzhəbinə tapınan yunanlar;

● həmşinlilər – Ermənistanın əsas etnosiyasi hədəfi olan qrup. Onlar haqqında kitabda ətraflı məlumat veriləcəkdir;

● boşa və ya lomlar – qriqorian məzhəbli etnik qaraçılar;

● Novonaxçıvansk (Don) və Krım erməniləri – Qazaxıstan alimi Anatoli Qarkavets onları «erməni qıpçaqlar», xristianlığın qriqorian məzhəbinə tapınan türklər kimi təqdim edir;

● franklar - katolik ermənilər;

● müsəlman ermənilər - islamın sünni, ələvi və şiə məzhəbli erməniləri;

● tumbullular – “erməni dərvişləri” də adlandırılan, ilin bir hissəsini Məkkə və Mədinədə müsəlman zahidlər kimi sədəqə yığmaqla keçirən, digər hissəsində isə Qüdsün xristian məbədlərində rahiblik edən dini sekta üzvləri və s.

K.Qriqoryanın təsnifatında protestant, yezidi, pravoslav ermənilər “etnik qrup” kimi göstərilsələr də, özlərini “türk”, “kürd”, “laz”, “ərəb” kimi identifikasiya edən ermənilər, udin, tat və türk kökənli Qarabağ “erməniləri”, “kripto (gizli) ermənilər” heç bir qrupa aid olunmamışdır. Hazırda Türkiyə ermənilərinin siyasi ruporu olan həftəlik “Aqos” qəzeti də “kriptoermənilər” mövzusuna toxunmadan bu ölkədə yaşayan soydaşlarını üç qrupa ayırır:

1. Türkiyədə dini və etnik azlıq kimi yaşayan xristian ermənilər.

2. Ermənistan dövlət müstəqilliyi əldə etdikdən sonra iqtisadi, sosial problemlər üzündən Türkiyəyə iş dalınca gəlmiş mühacir ermənilər (Ermənistan vətəndaşları). 2010-cu ilin mart ayında Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan BBC televiziya kanalına verdiyi müsahibədə onların sayının 100 min nəfər olduğunu, bu ermənilərə tolerant münasibət bəslənildiyini bildirmişdir.

3. “Özünə “erməniyəm” deyən və müsəlman olan, ən azı sənədlərdə müsəlman olduğunu yazan” ermənilər.

Bununla belə, hazırda Ermənistan alimləri və siyasətçiləri bir araya gələrək, “müsəlman ermənilər” adlandırdıqları dini icmanı aşağıdakı etnik qruplara bölməyi siyasi cəhətdən daha məqsədəuyğun hesab ediblər:

müsəlman ermənilərislam dininin sünni və ya şiə məzhəbində olan, lakin özlərini “erməni” kimi identifikasiya edənlər (Türkiyə, Suriya, İraq, İran, İordaniya, Livan);

əsl kriptoermənilər1915-ci il hadisələrindən sonra islamı zorən qəbul edən və həqiqi etnik mənsubiyyətlərini səylə gizlədənlər;

Cənubi Qafqaz kriptoerməniləri – “Azərbaycanda XVI-XVII əsrlərdə islam dinini qəbul edən və tamamilə assimilyasiya olunan ermənilər”. 1915-ci il hadisələrindən sonra “müsəlman türklər” kimi Cənubi Qafqazda (Azərbaycanın Qarabağ bölgəsində və indiki Ermənistan ərazisində) məskunlaşanlar. Azərbaycanda etnik mənsubiyyətlərini “türk” (azərbaycanlı), “kürd” etnonimləri altında gizlədən və bölgələrdə “əhalinin əsas hissəsini təşkil edən Qarabağ, Şirvan və Naxçıvanın müsəlman erməniləri”;

həmşinlilər – “erməni xaqının subetnik qrupu” kimi təqdim olunurlar. Hazırda Türkiyədə, Rusiyanın cənub regionlarında (Şimali Qafqazda), Qazaxıstanda, Qırğızıstanda yaşayırlar. Sünni, ələvi, qismən də şiə müsəlmanlara bölünüblər. Həmşinlilərin əsas hissəsi özünü “etnik türk” kimi identifikasiya edir.

Qeyd edildiyi kimi, Ermənistanın və Türkiyə əleyhinə siyasətdə onu dəstəkləyən məlum xarici dairələrin taktiki planlarına əsasən, “kriptoermənilər” və ya “müsəlman ermənilər” mövzusunun həm daxili etnik-dini, həm də beynəlxalq münasibətlər səviyyəsində müzakirələrə çıxarılması rəsmi Ankaranın qondarma “erməni soyqırımı”nı tanımasında effektiv təzyiq vasitəsi olmalı, İrəvana mövqe üstünlüyü qazandırmalıdır. Bu kontekstdə bəzi məqamlar xüsusilə diqqət çəkməkdədir. Birincisi, Ermənistan Respublikası, qriqorian kilsəsi və erməni diasporası müsəlman ermənilərin etnik və dini identikliklərinə qayıtmasını, “tarixi vətənləri olan Qərbi Ermənistanda siyasi hüquq və azadlıqlarının təmin olunmasını” siyasiləşdirdikləri halda, Türkiyənin hakimiyyət dairələrində, siyasi təşkilatlarda yer tutan, dövlətin siyasi qərarlarına, ictimai rəyə təsir etmək imkanına malik olan gizli ermənilərin adlarının və lobbiçilik fəaliyyətlərinin açıqlanması qapalı mövzu sayılmaqdadır. Belə ki, ictimai nüfuza malik olan və etnik kimliklərinə qayıdan nüfuzlu kriptoermənilərin bir çoxunun adlarının ictimailəşdirilməsi, onların türk, kürd, türkman, laz və s. içərisində “erməni” kimi leqallaşdırılması arzuolunmaz sayılır. Bu hal həm Ermənistanın, həm də onun tərəfdarlarının Türkiyədəki “nüfuz agentlərinin” və siyasi dayaqlarının ifşası və itirilməsi kimi dəyərləndirilir. İctimai nüfuza malik olmayan gizli ermənilərin toplum halında “etnik və dini köklərə qayıdışı” Ermənistanda dövlət siyasəti və kilsə səviyyəsində alqışlansa da, lobbiçilik fəaliyyətinə cəlb edilənlərin de-şifrə olunması qətiyyən təqdir edilmir.

Bir sıra təhlilçilərin, məsələn, 2003-2010-cu illərdə Türkiyə Konstitusiya Məhkəməsinin üzvü olmuş Mustafa Yıldırımın fikrincə, ölkəsində etnik və dini zəmində yaranan bütün qarşıdurmalar maraqlı dövlətlərin siyasi layihələri olmaqla yanaşı, AKP iqtidarının bəzi sabiq nümayəndələrinin Avropa İttifaqı və ABŞ ilə əlaqələri genişləndirmək naminə yürütdükləri liberal təmayüllü “demokratik açılım” və onun tərkib hissəsi olan “etnik açılım” (erməni açılımı, kürd açılımı, laz açılımı və s.) təşəbbüslərinin uğursuz nəticələridir. Bu layihələrin həyata keçirilməsi üçün ABŞ-ın, Avropa İttifaqının, Almaniyanın müxtəlif təşkilatları Türkiyədə müsəlman ermənilərin və həmşinlilərin sıx yaşadlıqları ərazilərə, xüsusilə Türkiyə üçün strateji əhəmiyyət daşıyan Qara dəniz bölgəsinə böyük məbləğdə vəsait yönəltmişlər. Ermənistanın “Arminfo” informasiya agentliyinin 2015-ci ildə yaydığı məlumatda bildirilir ki, ABŞ-ın xüsusi xidmət orqanları vaxtilə Türkiyənin şimal-şərq ərazilərində rəsmi Ankara üçün yeni etnosiyasi problemin – müsəlman ermənilərdən ibarət müstəqil “Ermənistan İslam Respublikasının” yaradılması mümkünlüyünə dair qapalı tədqiqatlar aparmışlar. Onu da əlavə edək ki, ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünyada insan hüquqlarının mühafizəsinə dair hazırladığı hesabatda Türkiyə Respublikası əsassız olaraq erməniləri etnik və dini mənsubiyyətlərinə görə diskriminasiya etməkdə, onların nifrət obyektinə çevirilməsində, ən nəhayət, “erməni” etnoniminin ölkədə aşağılayıcı ifadə kimi işlədilməsində ittiham olunmuşdur.

Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyənin siyasi mühitində Xalqların Demokratik Partiyası (HDP)Cümhuriyyət Xalq Partiyası (CHP) “Kimliyə dönüş” proqramının icrasına – kriptoermənilərin və həmşinlilərin etnik və dini identikliklərinə qayıtmasına lobbiçiik dəstəyi göstərməkdədirlər. Bu amil bir tərəfdən həmin partiyaların “gizli ermənilərə” ayrı-ayrılıqda perspektivli elektorat kimi yanaşmaları, digər tərəfdən isə HDP-nin və CHP-nin aparıcı funksionerləri içərisində bu qrupa aid edilən şəxslərin olması ilə bağlıdır. Onu da vurğulamaq lazımdır ki, Türkiyənin təhlükəsizlik orqanlarında təkcə siyasi təşkilatların içərisində deyil, PKK və YPG kimi terrorçu təşkilatlarda da ermənilərin, o cümlədən kriptoermənilərin fəaliyyət göstərmələri barədə təkzibolunmaz faktlar toplanmışdır.

***

Etnik mənsubiyyətini gizlədərək etnik qruplar içərisində pozuculuq fəaliyyəti göstərən, onları Türkiyənin ərazi bütövlüyü əleyhinə fəaliyyətə istiqamətləndirən, separatçı-terrorçu qruplaşmaların tərkibində döyüş əməliyyatlarında, dinc əhaliyə qarşı terror aktlarında fəal iştirak edən «gizli ermənilərə» dair bir sıra ifşaedici materialların müəllifi olan professor Yusuf Halacoğlu bu məsələnin Türkiyə dövlətçiliyinə və milli təhlükəsizlik mənafelərinə ciddi təhdid olmasına əmindir. Onun qənaətinə görə, Qərb və Ermənistanın siyasi leksikasında “kriptoermənilər”, “gizli ermənilər”, “islamlaşdırılmış ermənilər”, “konvert ermənilər” və “dönmə ermənilər” adlandırılan etnosiyasi qrupun bəzi nümayəndələri xarici dövlətlər tərəfindən ələ alınaraq Türkiyənin dövlət orqanlarına və siyasi təşkilatlarına nüfuz etdirilmiş və “özgə yuvasına qoyulan ququ quşu yumurtası” funksiyasını yerinə yetirməkdədirlər. Nəticədə, Türkiyə dövlətinin siyasi iradəsinə, ictimai rəyə təsir qüvvəsini artıran, üzvlərinin sayı və kimliyi haqqında dəqiq məlumat olmayan, hətta “qatı türkçü”, “radikal millətçi”, “kürd millətçisi”, “mühafizəkar dinçi”, “liberal demokrat” pərdəsi altında gizlənən bu qruplaşma bu gün qapalı lobbi halında təşkilatlana bilmiş, xarici “tərəfdaşları” ilə intensiv əlaqələr qurmağa nail olmuşdur.

Türkiyə mətbuatında, siyasət dünyasında özünə möhkəm yer etmiş belə gizli qruplaşmanın əsas hədəflərindən biri də «bir millət – iki dövlət» olan Türkiyə və Azərbaycan arasındakı münasibətlərdir. Belə ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması, Ermənistanla iqtisadi-ticari əlaqələrin qurulması təşəbbüsündə, qardaş dövlətin bəzi şəhərlərində və ali məktəblərində Azərbaycan əleyhinə konfransların təşkilində, Tiqran İsmayılyan adlı erməni rejissorun «Qarabağda ermənilərin azərbaycanlılar tərəfindən soyqırımına məruz qalması» haqqında çəkdiyi filmə Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin mükafatının verilməsində də həmin lobbiçilik fəaliyyətinin izləri vardır.

Y.Halacoğlunun gizli ermənilərin öz etnik kimliklərinin açıqlanmasının Türkiyənin milli təhlükəsizlik maraqlarına cavab verməsinə dair çağırışı ölkədə birmənalı qarşılanmamışdır. Maraqlıdır ki, bu təklifin əleyhinə təkcə cəmiyyətin liberal təbəqəsi deyil, ermənilər, o cümlədən elə həmin gizli ermənilər çıxış etmişlər. Hətta “Hüriyyət” qəzeti ittiham dolu məqaləsində Y.Halacoğlunu “irqçi” adlandıraraq, tədqiqatçıya belə bir ritorik sual vermişdir: “Görəsən, hansı səbəbə görə bu ermənilər öz adlarını dəyişməli (erməni adlarını götürməli – A.Q.) və “müsəlman” kimi təqdim olunmalıdırlar?” Ermənistanlı politoloq Martik Qasparyan isə bir tərəfdən bu sualın cavabını verir, digər tərəfdən isə Türkiyəni gözləyə bilən təhlükəni nişan verir: “Öz etnik mənşələrini gizlədən ermənilər türk millətçiləri üçün əsl başağrısına çevrilmişlər. Onların fikrincə, kriptoermənilər “lazım olan vaxt” ayağa qalxıb Türkiyəni iflic vəziyyətinə sala biləcəklər”. Erməni mənbələri də məhz kriptoermənilərin öz etnik kimliklərini gizlədərək məscidlərdə cümə namazı qıldıqlarını, evdə qapalı şəraitdə isə qədim erməni dini ayinlərini icra etdiklərini, “vətən” bildikləri Ermənistanın təəssübünü çəkdiklərini vurğulayırlar. Onlar hətta yaş, sosial və digər fərqləri nəzərə almadan yalnız öz gizli icmaları daxilində ailə qururlar. Belə ki, “icma daxilində bağlanan nikahlar Türkiyə kriptoermənilərində etnik özünüdərk hissinin sübutlarından biri sayılır”.

Y.Halacoğlu tədqiqatlarında onu da bildirir ki, 1915-ci il hadisələrində ermənilərin iddia etdikləri kimi 1,5 milyon erməni öldürülməmişdir. Belə ki, “soyqırımına məruz qalanlar” kimi təsnif edilənlərin 644 min 900 nəfəri müxtəlif vaxtlarda Türkiyəyə geri dönmüşlər. “Bəs bu ermənilər haraya getdilər? Onların bir qismi sonrakı illərdə ölkəni tərk etmiş, böyük hissəsi isə islam dinini seçib Türkiyə cəmiyyətinə qarışmışdır. Oxuduğum mənbələr, görüşdüyüm insanlar, topladığım məlumatlar mənə çox sayda insanın sağ və salamat olduğunu, kiminin etnik kimliyini dəyişdirdiyini və ya müsəlman olduğunu göstərdi”.

Y.Halacoğlunun və onun kimi düşünənlərin fikrincə, Türkiyənin hər bir vətəndaşının dövlətin onlara verdiyi hüquqlardan istifadə edərək öz etnik və dini kimliyini açıq şəkildə daşımaq hüququ vardır və mənşəyini gizlətməyə heç bir əsas və ya bəhanə yoxdur. Bu istiqamətdə araşdırmalar aparan mütəxəssislərin fəaliyyəti nəticəsində Türkiyə ərazisində və xarici ölkələrdə fəaliyyət göstərən separatçı-terrorçu təşkilatlarda da “erməni izi” aşkar edilmişdir. Məsələn, PKK təşkilatının və HDP-nin fəallarından olan Şemdin Sakık, Ruşen Tapancı, Meryem Tabaş, Maruf Altın, Mehmet Sait Yalçın, Levent Kayadağ, İdris Sefil, Akif Yadigaroğulları, Kutbettin Akşula, Semra Bakır, Meryem Tabaş, Abdulaziz Özdemir, Levent Kayadağ, Mehmet Öztunç, Orhan Ölsen, Hacı İçer, Hatice Arat, Sidar Şimşek, Edip Yıldız, Haşim Benek, Ayhan Kaysi və bir çox başqalarının “kürd” deyil, erməni əsilli xristian və ya müsəlman olmaları da iddia edilməkdədir. Y.Halacoğlu onu da yazır ki, “Müsəlmanlığı və özlərini “türk” olaraq qəbul etmiş insanlar Anadoluya gəlmiş və burada yerləşmişlər. Araşdırmalarımızda “kürd» dediyimiz insanların əslində türkman əsilli, “kürd-ələvi” olaraq tanınanların erməni kökənli olduğunu gördük. Ölkəni bölməyə çalışan TİKKO və PKK teror qruplaşmalarının içində yer alan insanların bir çoxu “kürd” kimi qələmə verilən erməni dönmələridir. TİKKO və PKK kürd hərəkatı deyildir”.

(Ardı var)