Qadından telefon alıb qaçan oğrunu serjant – Yaxaladı/Foto

14 Noyabr 2017 11:48 (UTC+04:00)

Bakının Nizami rayonunda soyğunçuluq olub.

Teleqraf.com xəbər verir ki, rayonun Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs paytaxt sakini olan bir qadının 550 manat dəyərində “Samsung” markalı mobil telefonunu ələ keçirərək hadisə yerindən qaçıb.

Zərərçəkən hadisə barədə Əlahiddə Çevik Polis Alayının 5-ci patrul bölüyünün əməkdaşlarına məlumat verib.

Polis serjantı Orxan Ağcayev cinayəti törətməkdə şübhəli bilinən şəxsi hadisə yerindən 300-400 metr kənarda tuta bilib.

Saxlanılan şəxs ərazi üzrə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə təhvil verilib. Onun üzərindən qadına aid mobil telefon aşkar olunub və sahibinə qaytarılıb.

Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Emil Məmmədov olduğu məlum olub.